

“Hindistan və Pakistan arasında olan gərginliklərin arxasında yatan səbəb əslində baş verən terror hadisəsi deyil. Terror hadisəsi sadəcə olaraq Hindistanın əlində bəhanədir. Bunun əsas səbəbi son dövrlər Hindistanda sosial-iqtisadi vəziyyətin ağırlaşması və Modi hökumətindən narazılıqlar baş verməsidir. Məhz Modi kənar bir düşmən obrazında olan Pakistanla qısamüddətli savaşa girməklə ictimai rəydə dəyişiklik etmək və müəyyən uğurlar əldə edərək bunu cəmiyyətə sırımaqla öz hakimiyyətini qorumağa çalışır. Əlbəttə ki, iki ölkə arasında baş verəcək hərbi toqquşma olduqca ağır nəticələrə gətirə bilər. Hər iki tərəf nüvə silahlarına malikdir və Pakistan da Hindistanın bu basqıları qarşısında boyun əymək niyyətində deyil”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, bu gərginlik yalnız bölgə üçün deyil, bütün dünya üçün olduqca ciddi nəticələrə gətirə bilər: “Hindistan Pakistana bu basqıları etməklə həm də dolayısı ilə Çinin layihələrinə qarşı çıxır. Belə ki, məhz Kəşmir ərazisindən keçən dəhliz vasitəsilə Çin Pakistan üzərindən Hind okeanına çıxır. “Bir kəmər, bir yol” layihəsinin mühüm komponenti olan bu dəhlizin təhlükə altına düşməsi həm də Çinin maraqlarına ziddir. Məhz bu səbəbdən də Çin xarici işlər naziri hadisə baş verəndən dərhal sonra Pakistan xarici işlər naziri ilə danışıqlar apararaq Pakistanı dəstəklədiklərini elan edib. Bu da kifayət qədər ciddi bir sinqal və mesaj sayıla bilər”.
O.Qasımov qeyd edib ki, Pakistan da vaxtilə ABŞ-nin yaxın tərəfdaşı olub, amma son dövrlər Hindistan daha çox qərbdən dəstək alır və qərb ölkələri ilə ciddi şəkildə əlaqələr qurmaqdadır: “Məhz bu səbəbdən qərb dairələri bu məsələdə daha çox Hindistanın mövqeyini dəstəkləyir kimi görünür. Burada şübhəsiz ki, qərbin Hindistanı dəstəkləməsinin əsas səbəblərindən biri həm də Çin faktorudur. Bu baxımdan götürdükdə əlbəttə ki, bu gərginlikdə maraqlı olan qüvvələrin də olduğunu söyləmək mümkündür”.
Politoloq vurğulayıb ki, bütün hallarda biz Azərbaycan olaraq Pakistanın beynəlxalq hüquqa uyğun haqlı mövqeyini dəstəkləyirik və Pakistanla çox yaxın strateji əlaqələrimiz var: “Eyni zamanda, Azərbaycan Türkiyə ilə birlikdə Pakistanla çox yaxın müttəfiqlik münasibətlərinə malikdir. Bizim bir çox istiqamətlərdə, xüsusilə də hərbi-texniki sahədə əməkdaşlığımız mövcuddur və şübhəsiz ki, Azərbaycan Pakistanın haqlı mövqeyini dəstəkləməyə davam edəcək”.
Röya İsrafilova