

“Aydın məsələdir ki, bizim Ermənistan üzərində qələbə qazanmağımız, Ermənistan faşizminin məhv edilməsilə biz İkinci Dünya müharibəsində alman faşizminin məhv edilməsi məsələləri arasında bağlantı qura bilərik. Çünki həm erməni-daşnaq faşizminin, həm də alman faşizminin əsas məqsədi digər xalqların məhv edilməsi, onlara qarşı müharibə açılması kimi təhlükəli ideoloji xətlərə söykənirdi. Ona görə də bizim 9 May – Qələbə Gününü qeyd etməyimiz 300 min azərbaycanlının məhz faşizm üzərində mübarizədə öz həyatlarını itirməsi ilə əlaqədardır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, XX əsrin ən böyük, təhlükəli ideologiyası olan, bəşəriyyətə, insaniyyətə qarşı böyük təhlükələri özündə daşıyan alman faşizminin kökünün kəsilməsindən ötrü Azərbaycan xalqının da töhfə verməsi tarixi bir hadisədir: “Bizim vətəndaşlarımız, soydaşlarımız arasında İkinci Dünya müharibəsinin iştirakçısı olmuş şəxslər var. Hər il 9 Mayda biz faşizm üzərində qələbəyə onların verdiyi töhfələr, qəhrəmanlıqlar haqqında danışırıq, həm də keçmiş faşizm ideologiyasının təhlükələri və onun risklərini bir daha xatırlayırıq ki, dünya bir də belə böyük fəlakətlə üz-üzə qalmasın”.
T.Gəncəliyev əlavə edib ki, amma təəssüflər olsun ki, belə faşist ideologiyalar yenidən baş qaldırır ki, bu, Azərbaycan xalqının 1991-ci ildə müstəqillik əldə etdikdən sonra üzləşdiyi erməni faşizmidir: “Ona görə də hesab edirəm ki, biz 9 Mayı həm tarixi əhəmiyyət baxımından bir daha xatırlamalı, həm belə fəlakətli, dəhşətli ideologiyaların saçdığı böyük riskləri göz önünə gətirməli, eyni zamanda, yeni ideologiyaların da, məsələn, erməni-daşnaq ideologiyasının baş qaldırmasına icazə verməməliyik. Tarixdən bütün bəşəriyyət dərs götürməlidir. Düzdür, bəşəriyyəti bürüyən bu bəlanın səbəb olduğu müharibələr yenə də təəssüflər olsun ki, insaniyyətə dərs olmur. Biz dəfələrlə bu hadisələrlə üzləşirik və üzləşməkdə davam edirik. Məhz bu baxımdan biz Azərbaycan xalqının həm alman faşizmi üzərində, həm də erməni faşizmi üzərində qələbəsini qeyd edirik. Xatırlayırsınız, biz əvvəllər 9 Mayı qeyd edərkən 1 gün öncə Şuşanın işğalı gününü ürək ağrısı ilə anırdıq. Ancaq bu gün 9 May Qələbə Gününü qeyd edərkən ondan əvvəlki gün - Şuşanın işğal edilməsi gününü artıq tarixin başqa səhifələrinə göndərmişik. Biz artıq böyük xalq olaraq həm faşizm üzərində qələbəni, həm də erməni-daşnaq faşizmi üzərində qələbəni qürur hissi ilə qeyd edirik”.
Röya İsrafilova