

“Vyetnamın Azərbaycanla əlaqələri müəyyən tarixi köklərə bağlıdır. Prezident İlham Əliyev ilə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın görüşü zamanı hətta 1959-cu ildə Vyetnamın yaradıcılarından Ho Şi Minin Azərbaycana səfəri də xatırlanıb. Hazırda Vyetnam Cənub Şərqi Asiyanın ən böyük dövlətlərindən biri hesab olunur. Vyetnamla Azərbaycanın tarixi bağı var ki, biz də vaxtilə SSRİ-nin tərkibində olmuşuq, Vyetnam da dünya sosialist sisteminin bir hissəsi olub. İndi isə bir sıra sahələrdə, xüsusilə neft ticarəti ilə bağlı əməkdaşlığımız var”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Əli Mustafa söyləyib.
Ə.Mustafa vurğulayıb ki, görüş zamanı anlaşıldı ki, Azərbaycanla Vyetnamın qarşılıqlı, faydalı əməkdaşlığı üçün kifayət qədər böyük potensial var: “Yəni münasibətlərin yalnız ticarət dövriyyəsinin neft satışı ilə məhdudlaşdırılmasını deyil, digər sahələri də buraya əlavə etmək olar. Bu səfərdə strateji tərəfdaşlığa dair bəyanatın qəbul edilməsi olduqca önəmlidir. Əslində Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığının dərinləşməsi onun daha çox müstəqilləşməsinə, suverenliyinin bərkiməsinə təsir edir”.
Politoloqun bildirdiyinə görə, görüşdə həm də bir sıra sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, ticarət, iqtisadiyyat, neft, nəqliyyat, həmçinin mədəniyyət, idman, eyni zamanda, bərpaolunan enerjilərlə bağlı, habelə qarşılıqlı olaraq Azərbaycanın və Vyetnamın bu və digər sahələrə yatırım qoyması ilə bağlı anlaşmalar olub: “Bu da onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq əlaqələri genişlənir və dərinləşir. Vyetnamın böyük potensialı var, bir sıra sahələrdə Azərbaycana sərmayə qoya bilər. Bu iki ölkənin qarşılıqlı, faydalı əməkdaşlığı üçün imkanlar var və bu imkanların da səfərbərliyə alınması hər iki dövlətin maraqlarına daxildir”.
Röya İsrafilova