“Üç Dövlət, Tək Millət” – Sözün Gücdən Strategiyaya çevrildiyi an Gündəm

“Üç Dövlət, Tək Millət” – Sözün Gücdən Strategiyaya çevrildiyi an

2020-ci ilin payızı Cənubi Qafqazın tarixinə dönüş nöqtəsi kimi yazıldı. Azərbaycan Ordusunun Qarabağdakı zəfəri yalnız bir torpağın azadlığı deyildi – bu, həm də bir milli ruhun, qardaşlığın və birliyin qalibiyyətiydi. Və bu zəfərin fonunda bir şüar doğuldu: “Üç dövlət, tək millət”. O vaxtlar bəzi dairələr bu ifadəni hələ də romantik “hamaset” kimi görürdülər. Amma zaman keçdi və bu söz əməldə siyasətə, siyasətdə isə stratejiyə çevrildi. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə etdiyi çıxışda bu şüarı yenidən gündəmə gətirməsi, bu birliyin sadəcə nostalji və emosional zəminə deyil, dərin geosiyasi vizyona əsaslandığını göstərdi. Türkiyə, Azərbaycan və Pakistan artıq mədəniyyət və inanc birliyi ilə kifayətlənmir. Bu üçlük bu gün yeni dünya düzənində birlikdə mövqe tutmaq istəyir. Qarabağ savaşında Pakistanın açıq dəstəyi, Azərbaycanın Hindistan–Pakistan gərginliyində daim İslamabadın yanında dayanması bu əlaqənin təkcə siyasi yox, prinsipial dəyərlər üzərində qurulduğunu sübut edir. “Kədərdə birlik” dediyimiz anlayış burada real məna qazanır. Laçında açılan hava limanı və orada keçirilən üçtərəfli zirvə bu ideyanın artıq coğrafi-siyasi məkana hopduğunu göstərdi.

Laçın Hava Limanı təkcə Qarabağın dağlarında ucaldılmış bir tikili deyil. O, Zəngəzur Dəhlizi ilə birlikdə Azərbaycanın Türkiyə və Naxçıvanla birbaşa bağlantısını təmin edəcək və Orta Asiyadan Avropaya uzanan Orta Dəhlizin kritik bir hissəsinə çevriləcək. Bu isə Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən böyük ticarət arteriyasının formalaşması deməkdir. Bu dəhliz, Qərbin uzun illər ərzində “parçala və hökm et” siyasətinə qarşı birlikdə və güclü qalmağın alternativ yoludur. Və bu yol artıq siyasi ritorika yox, maliyyə, nəqliyyat, enerji və müdafiə sahələrində konkret əməkdaşlıq platformalarına çevrilir.

Türkiyə ilə Azərbaycanın enerji əməkdaşlığı artıq TAP, TANAP və Cənub Qaz Dəhlizi ilə Avropanın enerji xəritəsini dəyişib. İndi bu xəritəyə Pakistanın da daxil olması ilə bir enerji üçbucağı yaranır: Xəzər, Aralıq və Hind okeanı arasında strateji əlaqə qurulur. Müdafiə sənayesində ortaq layihələr, dron texnologiyalarında təcrübə mübadiləsi, sərhəd təhlükəsizliyi üzrə təlimlər bu birliyin hərbi-siyasi sinerjiyə çevrildiyini göstərir. Ərdoğan deyir: “Bu birlik müvəqqəti deyil, uzunmüddətli vizyonun məhsuludur”. Əliyev deyir: “Azərbaycan artıq yalnız bölgənin deyil, qlobal enerji təhlükəsizliyinin aparıcı oyunçusudur”. Pakistan isə deyir: “Qarabağ bizim üçün də milli məsələdir”.

Qərb mərkəzli hegemonluğun sarsıldığı, Avrasiya güclərinin artdığı bir dövrdə bu üçlük alternativ güc mərkəzi formalaşdırır. “Üç dövlət, tək millət” anlayışı bu gün həm dəyərlərin, həm maraqların, həm də strateji hədəflərin birliyidir. Bu birlik təkcə bir tarixə deyil, ümidlərə və gələcəyə dayanır.

Laçında çəkilən şəkillər, imzalanan sənədlər və birlikdə verilən mesajlar bizi yalnız qürurlandırmır. Onlar bizə qardaşlıqla formalaşan bir gücün necə bir gələcək qura biləcəyini göstərir. Bu gün Azərbaycanın, Türkiyənin və Pakistanın ortaq yürüşü, sabah Avrasiya qitəsində ədalətli və çoxtərəfli bir düzənin təməlini ata bilər.

Züriyə Ruslanqızı
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq