Medinskidən absurd yanaşma: məqsəd nədir? Gündəm

Medinskidən absurd yanaşma: məqsəd nədir?

Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin Ukrayna ilə bağlı Qarabağı nümunə göstərməsi və Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim etməsi qərəzli yanaşmadır və qüsurlu müqayisədir. Təsadüfi deyil ki, bu açıqlama Azərbaycan ictimaiyyətində qəzəb doğurub və buna rəsmi cavab verilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iddialarına dair şərhində bildirilir: “...Təəccüblü hal odur ki, Rusiya Federasiyasının Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. Xatırlatmaq istərdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir. Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir.
Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq erməni işğalına son qoyulub. Medinskiyə tövsiyəmiz odur ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməsin”.
Siyasi şərhçi Asif Nərimanlı deyib ki, Medinskinin Ukrayna müharibəsində Qarabağı nümunə kimi göstərməsi suallar yaradır: “Rusiyalı diplomat Qarabağın adını yalnız fikrini gücləndirmək üçün çəkir, yoxsa bu “istinad” Rusiyanın yeni siyasi kampaniyasının tərkib hissəsidir?
İlk baxışdan “istinad”ın sadəcə mövqeyin arqumentləşdirilməsi məqsədi daşıdığı görünür. Putinin köməkçisi bildirir ki, “biz cəbhə xəttində (Ukrayna müharibəsi) toqquşmanı dayandırsaq və sadəcə atəşkəs bağlasaq, o zaman belə olacaq: bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında mübahisəli bölgə - Qarabağ vardı. Bu bölgə də nəhəng Qarabağa çevriləcək. Bir müddət sonra Ukrayna NATO və müttəfiqləri ilə onu geri qazanmağa çalışacaq, bu nüvə müharibəsinə səbəb olacaq”.
Putinin köməkçisinin Qarabağdan “mübahisəli ərazi” kimi bəhs etməsinə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə cavab verib. Hərçənd, Medinskinin bu açıqlaması Rusiyanın Qarabağın azad edilməsini həzm edə bilmədiyinin də etirafıdır. 2023-cü ilin 20 sentyabrından sonra rusiyalı rəsmilər zaman-zaman buna bənzər fikirlər səsləndirib”.

“Moskva postsovet məkanında ilk dəfə belə vəziyyətlə üzləşdi”

Ekspert əlavə edib ki, Bakı və İrəvan arasında Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmişdi, Azərbaycan 30 il sonra torpaqlarını işğaldan azad etdi, ardınca suverenliyini bərpa etməklə Rusiyaya sülhməramlılarını bölgədən çıxarmaqdan başqa çıxış yolu qoymadı: “Moskva postsovet məkanında ilk dəfə belə vəziyyətlə üzləşdi, bu baxımdan, Medinskinin sözləri Rusiyanın Ukraynada, həm də ümumilikdə postsovet məkanında “Qarabağ ssenarisi” ilə üzləşmək istəməməsi kimi oxuna bilər.
Lakin Medinskinin “Qarabağ istinadı” Ermənistanda mövqelərini bərpa etməyə və bölgədə yenidən güclənməyə çalışan Rusiyanın addımları fonunda sadəcə “mövqeyini arqumentləşdirmək” kimi görünmür, xüsusilə Moskvanın Xankəndidən İrəvana qaçan separatçılara son dövrlər yenidən “yatırım” etməsi fonunda. İki məlumatı bu kontekstdə xatırlamaq olar.
Birincisi, separatçıların İrəvanda yenidən aktivləşməsi və Paşinyan hakimiyyətinin “neytral mövqeyi”dir.
Qarabağdan qaçan separatçıların son addımları – qondarma “parlament seçkisi” keçirməsi, nümayəndəlik binasında tədbirlərin təşkili və s. Paşinyan hakimiyyəti tərəfindən əvvəlki məhdudiyyətlə üzləşmədi. Hesab etmək olar ki, rəsmi İrəvan onlardan Bakı ilə danışıqlarda “kart” kimi istifadə etməyə çalışır. Lakin separatçıların Paşinyan hakimiyyətinə qarşı müxalif elektoratda yer aldığını nəzərə alsaq, bu ehtimal zəifləyir. Ermənistan mediasımda yayılan məlumatlarda isə deyilirdi ki, separatçıların fəaliyyətinin məhdudlaşdırılmamasını Paşinyandan Moskva istəyib. Mövcud şərtlərdə regiona qayıtmağa çalışan Rusiya ilə münasibətləri yenidən normallaşdırmaq istəyən rəsmi İrəvanın belə bir istəyi qəbul etməsi mümkün variantlardandır”.

“Rusiyanın Qarabağla bağlı yeni siyasi kampaniyası”

A.Nərimanlı həmççinin “ikincisi, Rusiya “Qarabağ ermənilərinə yardımı” artırır: ötən ayın sonunda Mariya Zaxarova “Qarabağdan olan ermənilərə” kifayət qədər böyük miqdarda humanitar yardımın planlaşdırıldığını açıqlamışdı”,- deyə əlavə edib: “Bu iki informasiya Rusiyanın Qarabağla bağlı yeni siyasi kampaniyasına diqqət çəkir. Və burada “Qarabağ amili” həm Bakı, həm İrəvana qarşı istifadə edilə bilər.
- Ermənilərin yenidən Qarabağa köçürülməsi, keçmiş münaqişə motivlərinin aktullaşdırılması qeyri-mümkündür. Bunu Moskva da anlayır, lakin Rusiyanın Qarabağ amilindən Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə etmək cəhdləri qalır və belə cəhdlər adətən Bakı ilə münasibətlərdə soyuqluğun olduğu dövrlərdə aktivləşir.
- Rusiya “Qarabağ erməniləri” və separatçılardan Ermənistana hakimiyyətə qarşı da istifadə edir. Lavrovun İrəvan səfəri fonunda separatçıların aktivləşməsi və Rusiyadan humanitar yardımların artırılması da bu kontekstdə diqqət çəkir. Və aydın görünür ki, Moskvanın humanitar yardımları və dəstəyi separatçılar başda olmaqla “Qarabağ erməniləri”nin seçki dövründə Paşinyana qarşı müxalif cəbhədə birləşməsini daha da stimullaşdırmaq məqsədi daşıyır.
Bu proseslər fonunda Medinskinin “Qarabağ istinadı” təsadüfdən daha çox, Azərbayanın həssas nöqtələrinə toxunmaq və Ermənistan müxalifətinə hakimiyyətə qarşı istifadə edə biləcəkləri yeni gündəm vermək gediş kimi görünür”.

Medinski və Vilayətinin oxşar yanaşmaları

Millət vəkili Sahib Alıyev bildirib ki, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağı "mübahisəli ərazi" adlandırmasıyla İranın əsas rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi haqqındakı açıqlaması prinsipcə eyni mahiyyət daşıyır. Onun fikrincə, Moskva da, Tehran da bununla bir daha Azərbaycanın yaratdığı geosiyasi reallığın, torpaqlarını işğaldan qurtarıb üzərində suverenliyini tam təmin etməsinin onların ürəklərindən olmadığını sərgiləyirlər: “Ötən əsrin 90-cı illərinin xiffətini çəkənlərin bu açıqlamaları cəfəngiyyatdır. Rusiyanı demirəm (çünki onun 1994-cü ildə təhlükəsizliyinin təminatını öz üzərinə götürdüyü Ukraynada nələr etdiyini görürük), dünyada elə bir dövlət varmı ki, Qarabağı Azərbaycanın bir parçası kimi tanımasın? Əgər hətta Ermənistan baş naziri belə "Qarabağ Azərbaycandır",-deyirsə, o, necə mübahisəli ərazi ola bilər?
Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizinin açılmasının guya Ermənistan torpaqlarını ələ keçirmək və NATO-nu regiona gətirmək məqsədi daşıdığı, Baydenin bu planı dəstəklədiyi haqda dedikləri də, ölkəsinin "heç vaxt indiki qədər güclü və nüfuzlu olmadığı" fikri qədər reallıqdan uzaqdır. Əgər Zəngəzur dəhlizini açmaqda məqsəd Ermənistan torpaqlarını ələ keçirməkdisə, onda İran Araz dəhlizinə niyə izn verirdi? Axı bu dəhliz də Azərbaycanın bir hissəsi ilə digər hissəsi arasında əlaqə yaratmaq üçündür”

“NATO artıq buradadır”

S.Alıyev diqqətə çatdırıb ki, Bayden adminstrasiyasının Zəngəzur dəhlizini dəstəkləməsinə gəldikdə, burada həqiqət payı həmin Vilayətinin bizim Qarabağı işğaldan qurtarmağımıza guya sevindikləri ilə bağlı bir vaxtlar səsləndirdiyi açıqlamadakı qədərdir: “Əgər İran onun dediyi kimi Zəngəzur dəhlizinin açılmasını həm də NATO-nun regiona gəlməməsi üçün istəmirsə, onda gözlərini yaxşı açsalar, görərlər ki, həmin NATO artıq buradadır.
Qaldı İranın heç vaxt indiki qədər güclü və nüfuzlu olmamasına, Vilayətinin güc və nüfuz deyəndə nəyi nəzərdə tutduğunu açığı anlamaq çətindir. Əgər İranın gücü elə aşıb-daşırsa, onda strateji obyektlərini bir-bir, zərgər dəqiqliyi ilə və istədikləri vaxt sıradan çıxaranlara, neçə generallarını, göz bəbəyi kimi qoruduqları evdə ən əziz qonaqlarını məhv edənlərə, Livanda, Suriyada, Yəməndəki proksilərinə ağır zərbə endirənlərə bunu niyə göstərmir?
Sonda onu deyim ki, bu qəbildən olan açıqlamalarla onu səsləndirənlər qətiyyən dəyişmədiklərini və dəyişməyəcəklərini göstərməkdən başqa çətin nəsə əldə etsinlər. Yəni belə hərəkətlərlə bizi yolumuzdan döndərə bilməyəcəklər. Qarabağın "mübahisəliliyini" təmin üçün ora hərbi kontingent yeridənlərin planları necə alt-üst edildisə, Zəngəzur dəhlizi də o cür açılacaq. Mane olmaq istəyənlər yəqin Azərbaycanın sözü gedən dəhlizin bir neçə kilometrliyində hər cür təyyarənin endiyi iki beynəlxalq hava limanını niyə tikdiyini, onlardan birinin açılışını iki qardaş dövlətin başçısının nədən birgə etdiyini, eyni gündə Laçında keçirilən üçlü Zirvənin və Naxçıvanda yəqin sabah başlayacaq "Sarsılmaz Qardaşlıq-2025", "Mustafa Kamal Atatürk-2025" təlimlərinin nə anlam daşıdığını bilməmiş deyillər”.