Rusiya-Ukrayna müharibəsində qazanan Çin oldu Gündəm

Rusiya-Ukrayna müharibəsində qazanan Çin oldu

Üç ildən çox davam edən Rusiya–Ukrayna müharibəsi dünyanın hərbi-siyasi və ən əsası da geoiqtisadi strategiyalarını dəyişdi. Müharibə zahirən Rusiya və Ukrayna arasında getsə də, qarşıda ABŞ və NATO olduğu artıq mübahisə mövzusu deyil.

Bunu politoloq Vüqar Dadaşov deyib.

Onun fikrincə, əlbəttə, gedən müharibədən hələ ki, qazanclı tərəf ABŞ-dır. Geosiyasi, geoiqtisadi, strateji baxımdan isə Rusiya–Ukrayna müharibəsindən daha çox qazanan məhz Çindir. Və təbii ki, Çin maraqlıdır ki, müharibə davam etsin, hərçənd ki, Çin müharibəyə maraqlı olmadığını və neytrallığını bildirir. Amma bu, yalnız diplomatik örtükdür ki, reallıqda Çin bu qarşıdurmanın uzanmasında və Qərbi, həmçinin Rusiyanı yormasında birbaşa və ən çox maraqlıdır:

"Çinin Rusiya–Ukrayna müharibəsində maraqları aydındır. Əvvəla, iqtisadi və hərbi rəqibi ABŞ iki cəbhədə döyüşür. Vaşinqton paralel olaraq həm Rusiya ilə hərbi, həm də Çinlə iqtisadi mübarizə aparır. Çin üçün isə rəqiblərin tükənməsi ona yeni imkanlar açır.

Rusiyanın NATO ilə qarşıdurmada Çindən daha da asılı hala gəlməsi Qərb sanksiyalarının nəticəsidir. Bu sanksiyalar Rusiyanın Çindən asılılığını daha da dərinləşdirir. Rusiya qazını, neftini, hətta texnoloji komponentlərini Çinə endirilmiş qiymətlərlə satmaq məcburiyyətindədir. Rusiyanın bu asılığından təkcə iqtisadi qazanc əldə edilmir – həm də təsir dairəsi genişlənir.

Rusiya–Ukrayna müharibəsi nəinki Rusiyanı iqtisadi cəhətdən çökdürür, ən əsası insan resursları və demoqrafik baxımdan ölkəni zəiflədir, əhali boşluğu yaradır. Demoqrafik boşluq, iqtisadi asılılıq və artıq "sülh ekspansiyası" ilə Rusiyada möhkəmlənmiş Çin perspektivdə Rusiya hesabına ərazisini genişləndirmək üçün real imkanlar əldə edir.

Çin bu qarşıdurmanın yaratdığı imkanlarla "sakitcə" iqtisadi hasarlanma salır. Çin "Bir Kəmər, Bir Yol" layihəsi ilə Afrikadan Latın Amerikasına qədər iqtisadi təsir zolağını genişləndirir – özü də heç bir güllə atmadan, ordu yeritmədən".

Cavid