“İran-Azərbaycan münasibətlərinin gərgin saxlanmasında maraqlı tərəflər var” Gündəm

“İran-Azərbaycan münasibətlərinin gərgin saxlanmasında maraqlı tərəflər var”

“Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən sonra İran-Azərbaycan münasibətləri gərgin fazadan çıxdı və Pezeşkianın Azərbaycana səfərindən sonra bu münasibətlərin daha səmimi notlar üzərində inkişaf etdiyinin şahidi olduq. Məlumdur ki, Pezeşkianın verdiyi açıqlamalar İran daxilindəki bəzi qüvvələri ciddi narahat edir. Məsələ ondadır ki, Məsud Pezeşkian Azərbaycanın bölgədəki rolunu, mövqeyini və nüfuzunu qəbul edir, buna hörmətlə yanaşır və regional əməkdaşlığa qarşı çıxmağın, əleyhinə getməyin İrana heç bir fayda verməyəcəyini anlayır. Eyni zamanda, cənab Prezident İlham Əliyev bildirir ki, regiondan kənarda yerləşən aktorların təzyiqlərinə baxmayaraq biz regional aktorlarla münasibətləri heç bir halda pozmayacağıq. Təbii ki, bu mövqe Pezeşkianın daha müsbət tonlarda çıxış etməsinə əsas verir. Dövlət başçımız həmçinin qeyd edir ki, Zəngəzur dəhlizinin açılması ilə Şimal-Cənub nəqliyyat dəhlizinin fərqli bir istiqaməti istifadəyə verilmiş olacaq”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq əlavə edib ki, şübhəsiz ki, Şimal-Cənub dəhlizi regional ölkələrə fayda gətirən strateji bir layihədir: “Bu baxımdan da ən məqbul yanaşma odur ki, region ölkələri əməkdaşlıqdan kənarlaşmasınlar və bu istiqamətdə heç bir antagonist addım atmasınlar. Təbii ki, Pezeşkianın belə açıqlamalar verməsi həm İran daxilindəki bəzi qüvvələri, həm də xarici dairələri ciddi narahat edir. Çünki İran-Azərbaycan münasibətlərinin gərgin saxlanmasında maraqlı olan tərəflər var. Bu gərginlikdən istifadə etməklə regiona təsir və təzyiq imkanları yaradan aktorlar mövcuddur. Azərbaycan isə bəyan edir ki, bizim üçün region ölkələri ilə münasibətlər prioritetdir. Lakin eyni zamanda beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan regiondan kənar ölkələrlə də münasibətlərini qurur və əməkdaşlıq formatlarını genişləndirir”.

Ş.Həsənovanın sözlərinə görə, bu baxımdan düşünürəm ki, Azərbaycanın siyasəti tamamilə düzgündür – pragmatizmə əsaslanır: “Dövlətimizin başçısı bildirir ki, biz milli maraqlarımızı həyata keçirərkən həm qonşularımızın, həm də qonşularımızın qonşularının maraqlarını nəzərə alırıq. Bu isə o deməkdir ki, Azərbaycanın mövqeyi ciddi şəkildə qəbul olunmalıdır və bu mövqedən həm siyasi, həm də iqtisadi baxımdan dividendlə çıxmaq mümkündür. Bir məsələni də vurğulamaq istərdim: Pezeşkianın Pakistana səfəri reallaşır. Azərbaycan–Pakistan münasibətlərinin mövcud səviyyəsini, bu münasibətlərdəki qətiyyətli inkişafı, dostluq və səmimiyyəti nəzərə alsaq Pezeşkianın Pakistana səfəri mühüm əhəmiyyət kəsb edir. Çünki Pakistan həm İslam ölkəsidir, həm də Azərbaycan-Pakistan, Azərbaycan–Türkiyə münasibətləri kontekstində bu üç ölkə arasında əməkdaşlıq potensialı artır. Bu, həm İran–Pakistan, həm də Türkiyə–İran münasibətlərinə müsbət təsir edə bilər. Azərbaycan bu mənzərədə vasitəçi rolunu oynayır və tərəflər arasında gərginliyin azaldılmasında maraqlıdır. Bu baxımdan, Pezeşkian Azərbaycanın mövqeyini qəbul edir”.

O eləcə də deyib ki, İranın daxilində yaşayan ermənilərin anti-Azərbaycan mövqeyi, həmçinin din və sosial məsələlər üzərindən cəmiyyəti manipulyasiya etmək cəhdləri nəticə verməyəcək: “Bu istiqamətdə düşünürəm ki, biz gələcəkdə də irəliləyişin şahidi olacağıq. Bölgədəki gərginliyin yaxın zamanda azaldılacağı, hərarətin aşağı salınacağı proqnozlaşdırıla bilər. Əgər Şimal-Cənub nəqliyyat dəhlizinin yükdaşıma qabiliyyəti artırılarsa, burada həm region ölkələri, həm də onların xalqları fayda əldə edə bilər. Bu təşəbbüs Azərbaycanın başladığı və rəhbərlik etdiyi bir prosesdir. Düşünürəm ki, İran–Azərbaycan münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə yönələn daxili və xarici qüvvələrin planlarına rəvac verilməməlidir. Azərbaycan birmənalı şəkildə bildirir ki, İranın əleyhinə olaraq Azərbaycan ərazilərindən üçüncü ölkənin istifadəsinə icazə verilməyəcək. Həmçinin qeyd edilməlidir ki, İsrail–Azərbaycan münasibətlərinin inkişafı heç bir halda İrana qarşı yönəlməyib və bu münasibətlər İranın əleyhinə deyil. Azərbaycan beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşı kimi bütün ölkələrlə dostluq və səmimiyyət üzərində qurulan siyasət həyata keçirir”.

Röya İsrafilova