HƏMAS israrlıdır Gündəm

HƏMAS israrlıdır

Müstəqil Fələstin dövləti qurulmayana qədər silahı yerə qoymayacaq

HƏMAS və İsrail arasında Qəzzada 60 günlük atəşkəsə nail olmaq və girovların azad edilməsinə dair razılaşma əldə etmək məqsədi daşıyan dolayı danışıqlar ötən həftə dalana dirənib.

“Tayms of İsrail” nəşrinə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında acınacaqlı vəziyyətdə olan iki girovun görüntülərini şərh edərkən deyib ki, HƏMAS girovlarla bağlı razılaşma istəmir, qruplaşmanı məhv etməkdə qərarlıyıq.

Netanyahunun sözlərinə görə, bu videolar HƏMAS-ın girovlarla bağlı razılaşma əldə etməkdə maraqlı olmadığını sübut edir.

O əlavə edib ki, bu görüntülər onun terror qruplaşmasını “ləğv etmək” əzmini gücləndirib.

“Nyu York Tayms” məlumat yayıb ki, ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS-a girovları azad etməsi və tərksilah olunması ilə bağlı ultimatum hazırlayır.

Ultimatumun şərtlərinə görə, HƏMAS fələstinli məhbusların azad edilməsi müqabilində qalan girovları azad etməli və tərksilah edilməsi daxil olmaqla, hərbi əməliyyatların dayandırılması şərtləri ilə razılaşmalıdır. Əks halda İsrail ordusu hərbi əməliyyatları kampaniyasını davam etdirəcək.

HƏMAS-ın sözçüsü Mahmud Mərdavi bildirib ki, hərəkat hələlik ərəb vasitəçilərindən İsrailin təklifini almayıb.

"The National" qəzetinin mənbələrə istinadən məlumatına görə, Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında münaqişənin hərtərəfli həlli və anklavda saxlanılan bütün israilli girovların azad edilməsinə dair razılaşmanı müzakirə etməyə hazırdır.

Bildirilib ki, ABŞ sənəd layihəsini İsraillə, həmçinin Misir və Qətərdən olan vasitəçilərlə müzakirə edir.

“Al Arabia” isə yazır ki, HƏMAS müstəqil Fələstin dövləti qurulmayana qədər silahı yerə qoymayacağını bəyan edib.

“Silahlı müqavimət milli hüquqlarımızın tam bərpası olmadan, ilk növbədə paytaxtı Qüds olan müstəqil, tam suveren Fələstin dövlətinin yaradılması olmadan bitə bilməz”, - Fələstinin silahlı qruplaşmasının bəyanatında deyilir.

İsrailin müdafiə naziri İsrael Kats Qəzzanın bufer zonasında yerləşən İsrailin hərbi postuna səfəri zamanı bildirib: “İsrail hesab edir ki, Qəzzanın bufer zonasında ordunun daimi mövcudluğunu təmin etmək lazımdır”.

“HƏMAS-ın Qəzzada məğlub edilməsi və girovların qaytarılması üçün şəraitin yaradılması münaqişənin əsas məqsədləridir və biz onlara nail olmaq üçün bütün lazımi tədbirləri görməliyik”, - qurumun mətbuat xidməti nazirdən sitat gətirib.

“Silsilə 70” hərbi postundan danışan Kats vurğulayıb ki, siyasi rəhbərlik lazımi qərarlar qəbul edən kimi, hərbi komandanlıq bütün cəbhələrdə olduğu kimi, təsdiq edilmiş kursu peşəkarcasına həyata keçirəcək.

Bu arada ABŞ administrasiyası əvvəlki kimi Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsini hədəfləyir.

Bunu Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus keçirdiyi brifinqdə deyib.

Ondan İsrailin siyasi rəhbərliyinin Qəzza zolağının “tam işğalı” ilə bağlı qərar qəbul etməyə yaxın olduğu barədə xəbərləri şərh etməsi istənilib. "İsrailin planları ilə bağlı sizi İsrail hökumətinə yönləndirəcəyik", - o, cavab verib.

"Bəyanatlar başqa şeydir, real planlar isə tamam başqa. Biz xarici hökumətlərin bəyanatlarını şərh etmirik", - mətbuat xidmətinin rəhbəri davam edib.

“Biz əvvəlki kimi girovları, o cümlədən iki amerikalının qalıqlarını əldə etməyi və Fələstinin radikal hərəkatı HƏMAS-ın Qəzzanı bir daha heç vaxt idarə etməməsini hədəfləyirik”, - o deyib.

Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Çingiz Şahbazi deyib ki, İsrail və HƏMAS arasında danışıqlar prosesində irəliləyiş yoxdur və bu səbəbdən yaxın gələcəkdə razılaşma əldə olunmazsa, yenidən İsrail ordusunun Qəzzada geniş miqyaslı hərbi əməliyyatlara başlamaq ehtimalı böyükdür və yaxud da xarici aktyorların münaqişəyə qarışması nəticəsində məcburi olaraq atəşkəs rejimini əldə etmək imkanı saxlanıla bilər. HƏMAS-ın, İsrailin irəli sürdüyü şərtlərlə razılaşmaması və savaşa davam deməsi, əslində bir çox səbəbləri özündə əks etdirir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi HƏMAS-ı tənqid edərək silahı yerə qoymasını, hakimiyyəti təhvil verməyə və əsirləri qeyri-şərtsiz azad etməyə çağırıb.Digər tərəfindən İsrailin milli təhlükəsizlik naziri çox ilginc bəyənat səsləndirərək, Qəzza zolağını tamamilə ələ keçirəcəklərini və İsrailin suverenliyini elan edəcəkləri ilə bağlı açıqlama verib. HƏMAS-ın hər bir üzvünün öldürülməsi və fələstinlilərin könüllü şəkildə Qəzzadan köcüb getməsinə şəraitin yaradılması ilə bağlı çağrışlar edib: “Əslində İsrail rəsmiləri tərəfindən bu kimi çağırış və bəyanatların yer alması adi hal alıb və bütün bunlar danışıqlar prosesində nəticənin əldə olunmasına öz təsirini göstərir. The National qəzetinin verdiyi məlumata əsasən, HƏMAS Qəzza zolağında bütünlüklə münaqişənin həlli istiqamətində və bütün israilli girovların azad edilməsi ilə bağlı danışıqlara hazır olduğunu bildirib. Bu gün İsrail ordusu yenidən Qəzza zolağına zərbələr endirib və Qızıl Xaç Komitəsinin mənzil qərargahının bombalanması nəticəsində ölənlər və yaralananlar var. Fələstin hörmətli dünya ictimaiyyətinə və BMT-nin humanitar təşkilatlarına müraciət edib və İsrail hakimiyyətinə qarşı təzyiqlərin artırılmasına və Qəzza zolağı ilə sərhəddə yerləşən bütün sərhəd keçid məntəqələrinin açılmasına dair çağırışlar edib. “Washigton Post” media şirkəti, İsrailin aviazərbələrindən sonra Qəzza zolağında yaranan dağıntıların görüntülərini yayımlayıb və nəşrin yazdığına görə bir dənə də olsun salamat bina qalmayıb. Böyük Britaniya, Fransa, BƏƏ, Misir hökumətləri artıq hərəkətə keçiblər və Qəzzada İsrail tərəfindən yaradılmış aclıqdan ağır xəstə uşaqların təxliyyə edilməsi ilə bağlı plan hazırlanır. Heç şübhəsiz ki, İsrail hökuməti hərbi və insani cinayət həyata keçirir. İnsanları ac-susuz , evsiz-eşiksiz buraxaraq, öldürərək, şikəst edərək Qəzza zolağında işğalçılıq siyasəti həyata kecirir. Kütləvi aclığın Qəzzada baş alıb getməsi artıq heç kimdə şübhə doğurmur. Bundan dolayı dünyanın dörd yanında etiraz aksiyaları baş verməkdədir. Bütün bunlara baxmayaraq fələstin xalqının dözümü,iradəsi və qətiyyəti, onları vətənlərini tərk etməyə məcbur etmir və hər seyə rəğmən ayaq üstə dayanmağa çalışırlar.

Nəzərə alsaq ki, HƏMAS-ın savaşa davam deməsi və İsrailin bu kimi qeyri qanuni şəkildə fələstinlilərə qarşı həyata keçirdiyi çirkin planların fonunda hansısa danışıqlar prosesində müsbət nəticə gözləmək çətindir və münaqişə boyümədən, genişmiqyas almadan,xarici aktyorların müdaxiləsi mütləq ki lazımdır və öz sözünü deməlidir”.

Bu arada Fələstini dğvlət kimi tanımaq istəyən ölkələr də fikirlərini açıq şəkildə bəyan ediblər.

Qeyd edək ki, hazırda Fələstin dövləti BMT-yə üzv olan 193 ölkədən 147-si tərəfindən tanınır.

BMT-də o, "daimi müşahidəçi dövlət" statusuna malikdir ki, bu da ona təşkilatın işində iştirak etməyə icazə verir, lakin qərarların qəbulunda səsvermə hüququ vermir.

Nəzərə alsaq ki, Fransa da yaxın həftələrdə Fələstini tanımağa söz verib və əgər Böyük Britaniya da bu qərarı versə, Fələstin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən dördünün dəstəyini qazanacaq (digər ikisi Çin və Rusiyadır).

Bu, İsrailin indiyədək ən güclü müttəfiqi olan ABŞ-ı azlıqda qoyacaq.

Vashinqton 1990-cı illərin ortalarında Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Muxtariyyətini tanısa da, onu heç vaxt dövlət kimi tanımayıb.

Bir neçə ABŞ prezidenti ərəb-İsrail münaqişəsinin bir mərhələsində müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğunu bildirib. Lakin Donald Tramp onlardan biri deyil. Onun iki prezidentlik müddəti ərzində ABŞ-ın xarici siyasəti İsraili dəstəkləməyi öz üzərinə götürüb və qəbul edir.

İsrailin ən yaxın və ən güclü müttəfiqinin dəstəyi olmadan "iki xalq üçün iki dövlət"in yekun həllinə aparan sülh prosesini təsəvvür etmək mümkün deyil.

Yeri gəlmişkən, İsrail ordusunun hücumları nəticəsində son 24 saat ərzində Qəzza zolağında 87 nəfər ölüb, 644 nəfər yaralanıb. Bununla bağlı Fələstinin Səhiyyə Nazirliyi açıqlama verib.

Açıqlamada həmçinin bildirilib ki, yardım paylama məntəqələrində yardım gözləyən fələstinlilərə qarşı təşkil olunan hücumlar zamanı 1568 nəfər ölüb, 11230 nəfər yaralanıb.

Son 24 saatda daha 8 fələstinli acından ölüb və beləliklə də acından ölənlərin sayı 94-ü uşaq olmaqla 188-ə çatıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 61 020 nəfərə, yaralıların sayının isə 150 671 nəfərə çatıb.

Cavid