“Moskvanın atdığı bu addımlar təkcə iqtisadi deyil, həm də siyasi təzyiq xarakteri daşıyır” Gündəm

“Moskvanın atdığı bu addımlar təkcə iqtisadi deyil, həm də siyasi təzyiq xarakteri daşıyır”

“Ermənistanla Rusiya arasında münasibətlər son illərdə heç də əvvəlki kimi sabit deyil. İrəvanın Qərbə doğru atdığı addımlar iki ölkə arasında yeni ziddiyyətlər yaradıb. Bunları nəzərə alsaq, iqtisadi əlaqələrdə də müəyyən gərginliklərin yaranması təəccüblü deyil”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov əlavə edib ki, Ermənistandan Rusiyaya ixrac olunan bəzi məhsulların buraxılmaması da bu gərginliyin bariz nümunəsidir: “Rusiya tərəfi bunu tibbi-sanitariya səbəbləri ilə izah etməyə çalışsa da, iqtisadi və siyasi motivlərin daha güclü olduğu şübhəsizdir. Ümumiyyətlə, Moskva daima postsovet ölkələrinə təsir mexanizmi kimi məhz ticarət məhdudiyyətlərindən, idxal və ixrac qadağalarından istifadə edir. Rusiyanın tezisinə görə bu addım Ermənistanın iqtisadi strukturuna ciddi zərbə vurmalıdır. Doğrudur, Rusiya Ermənistan üçün ən iri ticarət tərəfdaşlarından biridir və müəyyən malların ixracına qoyulan qadağa İrəvanın iqtisadi sabitliyinə mənfi təsir göstərə bilər. Çünki Ermənistan bir çox hallarda Rusiyanın sanksiyalardan yayınmasına xidmət edən vasitə rolunu oynayır. Əgər iki ölkə arasında münasibətlərin pisləşməsi ticarət dövriyyəsinə təsir edərsə, bu, Ermənistan qədər Rusiyaya da mənfi təsir göstərəcək”.

Deputatın bildirdiyinə görə, Ermənistanın kənd təsərrüfatı məhsulları Rusiya iqtisadiyyatının əsas dayaqlarından biridir: “Bu məhsulların ixracında Rusiya bazarının alternativi demək olar ki, mövcud deyil. Elə buna görə də Rusiya bazarı Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Moskvanın atdığı bu addımlar təkcə iqtisadi deyil, həm də siyasi təzyiq xarakteri daşıyır”.

Röya İsrafilova