“Rusiya Azərbaycana qarşı bağlı qapılar arxasında addımlar atmamalıdır” Gündəm

“Rusiya Azərbaycana qarşı bağlı qapılar arxasında addımlar atmamalıdır”

“Biz Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Orta Asiyadan olan dövlətləri ilə tərəfdaşlıq münasibətlərinə malikik. Əlaqələrimiz son 5 ildə ciddi şəkildə inkişaf etməkdədir, ticarət dövriyyəmiz artıq faizlərlə deyil, dəfələrlə ölçülməkdədir. O cümlədən bizim Pakistanla strateji müttəfiqlik münasibətlərimiz var. Bundan başqa bizim İranla da münasibətlərimiz normallaşmaqdadır”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.

O əlavə edib ki, yəni ikitərəfli münasibətlərlə biz Hindistanın və Rusiyanın əməllərini, əslində, həm də təlafi etmiş oluruq: “Yəni onların mənfi cəhdlərini aradan qaldırmış oluruq. Əslində, Rusiya özü Azərbaycanla münasibətlərin inkişafında maraqlı olmalıdır. Necə ki, Azərbaycan maraqlıdır. Azərbaycan Rusiya ilə əlaqələrdə maraqlıdır və bunun ikitərəfli, bərabərhüquqlu, normal qonşuluq münasibətləri əsasında davam etməsini istəyir. Rusiya özü artıq bununla bağlı qərarını verməlidir və Azərbaycana qarşı dolayı yollarla və bağlı qapılar arxasında hansısa addımlar atmamalıdır”.

Röya İsrafilova