"Aİ institutları ikitərəfli münasibətləri gərginləşdirən lüzumsuz addımlar atmaqdan çəkinməlidir” Siyasət

"Aİ institutları ikitərəfli münasibətləri gərginləşdirən lüzumsuz addımlar atmaqdan çəkinməlidir”

“Avropa Parlamentində fəaliyyət göstərən siyasi qruplar tərəfindən növbəti anti-Azərbaycan qətnaməsində əsassız və qərəzli müddəalar yer alıb və ölkənin daxili işlərinə müdaxilə etməyə cəhd göstərilir. Bu, həmin siyasi qruplardır ki, işğal dövründə və Vətən müharibəsi zamanı Azərbaycana qarşı əsassız ittihamlarla və bəyanatlarla çıxış edib, faktiki işğalı dəstəkləyib və Ermənistanı himayə ediblər. Hazırkı qətnamədəki iddialar qəbuledilməz olmaqla yanaşı, regionda mövcud olan de-fakto sülhə, sabitliyə təhdid yaradır. Aİ institutları ikitərəfli münasibətləri gərginləşdirən lüzumsuz addımlar atmaqdan çəkinməlidir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

Deputat bildirib ki, müxtəlif cinayətlərin törədilməsində ittiham olunan və hazırda istintaqı davam edən şəxslərin siyasi məhbus adlandırılması məhkəməyə təzyiq vasitəsidir: “Ölkəmizin milli təhlükəsizliyinə təhdid yaradan istənilən qeyri-qanuni əməlin qarşısının alınması dövlətin suveren hüququdur və bu məsələdə təzyiq heç bir nəticə verməyəcək. İnsan hüquqları və demokratiyadan təzyiq vasitəsi kimi istifadə etməyə çalışan Avropa Parlamenti Avropada insan hüquqlarının vəziyyətindən niyə danışmır? 21-ci əsrdə davam edən yeni müstəmləkəçilik meylləri ilə xalqların assimilyasiyaya məruz qoyulmasından, yoxsul hala salınmasından, sərvətlərinin talanıb Avropaya daşınmasını niyə işıqlandırmır? Avropada İslamafobiya, anti-semitizm meylləri də getdikcə artır. Avropa İttifaqı Ermənistandakı anti-demokratik proseslərə tamamilə göz yumub. Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik” sənədində bu hallarla bağlı bir kəlmə belə yer almır, əksinə, Azərbaycan əleyhinə qəbuledilməz ifadələr işlədilir”.

P.Vəliyevanın sözlərinə görə, AP Ukraynaya qarşı müharibəni də maliyyələşdirənlərdən biri olan Ruben Vardanyanı “əsir” adlandıraraq müharibə cinayətkarını azad etməyə çağırır: “Sənəddə “əsir” kimi istinad edilən şəxslər müharibədən 3 il sonra, fərqli qanun pozuntuları, habelə terrorçuluğu maliyyələşdirmə, dövlət sərhədini qanunsuz keçmə, həmçinin, müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunaraq həbs ediliblər. 30 il öncə Qarabağ və Şərqi Zəngəzurda yaşayan azərbaycanlılara amansız işğəncələr verərək insanlıq adına vəhşiliklər törədərək yüz minlərlə azərbaycanlını öz evindən, vətənindən didərgin salan və həmçinin, etdikləri qanunazidd əməlləri, o cümlədən Azərbaycanın şəhərlərini raketlərlə atəşə tutaraq mülki əhalini qəsdən qətlə yetirməsini öz ifadəsi ilə etiraf edən cinayətkarlar hərbi əsir hesab edilə bilməz. Bu kimi qətnamələr Aİ ilə münasibətlərə zərbə vurmaqla yanaşı, regionda mövcud olmağa hesablanıb. Eyni zamanda Vaşinqton prosesindən sonra ABŞ-nin sülhdə roluna qısqanclıqla yanaşaraq vəziyyəti yenidən gərginləşdirmək məqsədi daşıyır”.

Röya İsrafilova