

“Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin İsrailin yürütdüyü siyasət üzərində təsirinin düşünüldüyü qədər də güclü olmadığını deyib. Burada bir məsələ dayanır: uzun illərdir belə bir fikir formalaşıb ki, İsrail dövlətinin 1948-ci ildə qurulması və onun qorunub saxlanılması, təhlükəsizliyinin təmin olunması məsələsində ABŞ təminatçı ölkə funksiyası yerinə yetirib. Digər bir tərəfdən isə ABŞ-nin Yaxın Şərqdə ən önəmli, ən yaxın müttəfiqlərindən biri də məhz İsrail dövləti olub. Bu, demək olar ki, 80 ilə yaxın müddətdir davam edir. İstər Ərəb-İsrail müharibələrində ABŞ-nin İsraili qoruması, istərsə də ondan sonrakı mərhələlərdə tərəflər arasında olan koordinasiyalı siyasi proseslər hamısı onu göstərir ki, demək tərəflər arasında hər hansı bir asılılıq var”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Samir Hümbətov söyləyib.
S.Hümbətovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu gün ABŞ siyasətinin ən əsas fiqurları arasında (istər siyasətçilər arasında, istər biznes, istər idarəetmə və s. sahələrdə) yəhudi lobbisi öndə gedir: “Yəhudi lobbisinin öndə olması o deməkdir ki, İsrailin ABŞ üzərində təsir imkanları daha çoxdur, nəinki, ABŞ-nin İsrail üzərində təsirləri. Ona görə də bəzi məsələlərdə İsrail hətta ABŞ ilə məsləhətləşmələr aparmadan belə addım atarsa, yenə də ABŞ onu qorumaq məcburiyyətindədir və bu funksiyanı yerinə yetirir. O baxımdan düşünürəm ki, Hakan Fidanın söylədiyi məsələ ondan ibarətdir ki, ABŞ-nin İsrail üzərində təsirindənsə İsrailin ABŞ üzərində təsiri daha çoxdur və bu, ümumilikdə, həm Yaxın Şərq, həm də qlobal siyasətdə özünü göstərir”.
Röya İsrafilova