"Azərbaycan BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir" Gündəm

"Azərbaycan BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir"

18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan az sonra - 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilib. BMT üzvlüyü Azərbaycana bərabərhüquqlu üzv kimi beynəlxalq ictimaiyyətə qovuşmaq və Təşkilatın Nizamnaməsində əks olunmuş mexanizmlərdən istifadə edərək, öz təhlükəsizliyi və rifahını təmin etmək və eləcə də beynəlxalq sülh və inkişafa töhfə vermək üçün əməkdaşlıq etmək imkanını açıb.

Bunu "Xalq Cəbhəsi"nə Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək ictimai Birliyinin sədri, siyasi ekspert Fuad Əliyev deyib.

O, qeyd edib ki,
Azərbaycan Prezidenti cənab Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyulub. Azərbaycan BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak edir.

Azərbaycan daim təşkilatın Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib, BMT-nin əsas istiqamətlərindən olan Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verib.
Azərbaycan BMT BA-nın illik ümumi müzakirələrində ən yüksək səviyyədə iştirak edib:

"Ümumilli lider Heydər Əliyev ilk dəfə 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edib, daha sonra 1995-ci ilin oktyabr ayında BMT-nin 50 illiyinə həsr olunmuş xüsusi iclasda, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında çıxış edib.
Cənab İlham Əliyev BMT Baş Assambleyasının ümumi müzakirələrində ümumilikdə dörd dəfə çıxış edib – 2003-cü ildə Azərbaycanın Baş naziri qismində, 2004, 2010 və 2017-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti kimi. Bununla yanaşı, Prezident İlham Əliyev 2020-ci ildə BMT Baş Assambleyasının 75-ci və 2021-ci ildə 76-cı sessiyasında onlayn formatda çıxış edib.
2012–2013-cü illərdə ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzvlüyü çərçivəsində 2012-ci ilin may ayında cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi,
2013-cü ilin oktyabr ayında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində, BMT ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında əməkdaşlığın təşviqinə həsr olunmuş yüksək səviyyəli iclasın keçirilməsi (bu, Təhlükəsizlik Şurasının tarixində İƏT-ə həsr olunmuş ilk iclas olub) önəmli hafisələrdəndir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasında (2012–2013-cü illər) və İqtisadi və Sosial Şurada (ECOSOC) (2003–2005, 2017–2019-cu illər və üçüncü dəfə 2025-ci ilin əvvəlindən etibarən) üzv kimi fəaliyyət göstərməsini də qeyd etmək lazımdır. Həmçinin, ölkəmiz 2006-2009-cu illərdə BMT-nin İnsan Hüquqları Şurasının üzvü olması.
Azərbaycanın BMT-nin bir sıra mühüm tədbirlərinə ev sahibliyi etməsi (2016-cı ildə Sivilizasiyalar Alyansı üzrə Qlobal Forum və 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı, COP29) rəsmi Bakının artan beynəlxalq nüfuzunun göstəricisidir".

O, əlavə edib ki, Azərbaycan BMT çərçivəsində humanitar, insan hüquqları, iqtisadi və mədəni məsələlərlə bağlı qəbul olunmuş bir sıra mühüm qətnamələrin əsas müəllifidir. COVID-19 pandemiyasına qarşı qlobal fəaliyyətin səfərbər olunması və peyvəndlərə ədalətli və bərabər çıxışın təmin edilməsi istiqamətində ön sıralarında yer alıb.: "Azərbaycanın BMT-nin humanitar fəaliyyətinə verdiyi töhfələr - müxtəlif münaqişə zonalarına humanitar yardımlar, təbii fəlakətlərin aradan qaldırılmasına maliyyə vəsaitinin ayrılmasını da qeyd etmək lazımdır. Donor ölkə kimi Azərbaycan indiyədək 140-dan artıq xarici ölkəyə humanitar yardım göstərib. COVID-19 pandemiyası dövründə Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar dəstək verib.
Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT Nizamnaməsində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına davamlı olaraq töhfə verir. Azərbaycan bu məqsədlə BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə iştirak edir və BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir".

Cavid