“Ermənipərəst qüvvələr niyyətlərinə nail ola bilmədilər” Gündəm

“Ermənipərəst qüvvələr niyyətlərinə nail ola bilmədilər”

“Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin görüşü, müzakirələrin aparılması müsbət hadisədir. Hesab edirəm ki, danışıqlar münasibətləri qaydaya sala bilər. Bizim nəinki Rusiya ilə heç bir qonşularımızla gərgin münasibətlərdə qalmaq kimi bir fikrimiz yoxdur. Atdığın yanlış addıma görə üzrxahlıq etməlisən. Rusiya təyyarə qəzasına görə üzrxahlıq etmək istəmirdi. Ona görə də gərginliklər yaşanmışdı. İndi bu məsələlər həll olunur və biz bunu müsbət qiymətləndiririk”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Siyasi şərhçi əlavə edib ki, kimlər ki, iki dövlət arasında münasibətlərin gərginliyindən istifadə edib özünün mənfi niyyətlərini həyata keçirmək istəyirdi, onlar istəklərinə çatmadılar: “Simonyan, Solovyov, Zatulin kimi ermənipərəst qüvvələr niyyətlərinə nail ola bilmədilər. Düşünürəm ki, iki ölkə arasında münasibətlər bundan sonra da normal məcrada davam edəcək. Putinin bu istiqamətdə açıqlamalarını müsbət qiymətləndirirəm. Bizim də istədiklərimiz bu məsələlər idi, onlar da gerçəkləşir. Düşünürəm ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər bundan sonra tam qaydaya düşəcək”.

Röya İsrafilova