

“Bildiyimiz kimi, ABŞ və İran arasında nüvə danışıqlarının 5 raundu olub. 12 iyun 2025-ci il tarixində Omanda danışıqların altıncı raundu baş tutmalı idi. Lakin 12 günlük müharibənin elə həmin gün başlanması ilə bu danışıqlar dayandı. 12 günlük müharibənin nəticəsini İsrail öz qələbəsi kimi, İran öz qələbəsi kimi təqdim edərək danışıqlar masasına oturmadılar. Nəticə olaraq E3 (Britaniya, Almaniya, Fransa) ölkələrinin inisiativi ilə 2015-ci ildən öncə İrana tətbiq olunan BMT sanksiyaları artıq 2 həftədir ki, bərpa olunub. Buna cavab olaraq 70-dən çox İran parlamentarisi Ali dini lider Xomeneyinin də təmsil olunduğu Ali Milli Təhlükəsizlik Şurasına nüvə silahının hazırlanması qərarının verilməsinə dair çağırış məktubu ünvanladılar. Həmçinin İranın Beynəlxalq Atom Enerjisi Agentiyi ilə danışıqları tamamən dayandırdığı bəyan olundu”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Ş.Cəlilzadə qeyd edib ki, hadisələrin bu cür “inkişafı” fonunda Qərb ölkələrinin Ərəb-Fars körfəzi istiqamətində hərbi qüvvələr toplaması və İranla müharibənin ikinci raundunun tezliklə baş tutacağına dair xəbərlərin gəlməsi İranı nüvə silahı hazırlamaq niyyətindən daşındırmaq məqsədi daşıyır: “Halbuki İran dəfələrlə rəsmi şəkildə bəyan edib ki, belə bir niyyəti yoxdur. Lakin mövcud anlaşmazlıqlara və təzyiqlərə görə İran rəsmiləri, o cümlədən bu yaxınlarda BMT Baş Assambleyasının sessiyasında iştirak üçün Nyu Yorka səfər edən İran Prezidenti Pezeşkian nüvə danışıqları aparmaqdan imtina etmişdi. Tramp isə “FOX News”a müsahibəsində rəsmi Vaşinqton və Tehranın mümkün nüvə razılaşmasını müzakirə etdiyini bildirib. Bu, ABŞ və İran arasında nüvə danışıqları üzrə rəsmi, yaxud qeyri-rəsmi, birbaşa kanalların mövcudluğundan xəbər verir”.
O əlavə edib ki, İranın keçmiş Xarici işlər naziri, hazırda Prezidentin məsləhətçisi olan Cavad Zərif diplomatiya alətləri ilə həll yolunun tapılacağını bəyan edib: “O, ilk dəfədir ki, rəsmi açıqlamasında bildirib ki, yeni müharibə İran üçün parçalanma ilə nəticələnə bilər. Aydındır ki, İran ali hakimiyyəti bu təhdidi real olaraq qiymətləndirir. Odur ki, danışıqlara üstünlük verəcəyi gözlənilir. Lakin bir tərəfdən isə Sepah müharibə hazırlığı içərisindədir. Qərbin isə bütün bunların fonunda artıq yeni tələbləri var – İrandan sadəcə uranın zənginləşdirilməsindən imtina etməsi deyil, həm də uzaq mənzilli raketlərin istehsalından imtina etməsi tələb edilir. Başqa sözlə, əvvəlcə Yaxın Şərqdəki “müqavimət oxu” qırılan, daha sonra hərbi hücum ilə gücü azaldılan İran qarşısında yeni tələblər onun tamamilə regional təsirinin minimuma endirilməsini nəzərdə tutur”.
Siyasi şərhçi eləcə də bildirib ki, İran bu təkliflərlə razılaşarsa bu, bütün dünya, o cümlədən həm Yaxın Şərq, həm də Cənubi Qafqaz regionları üçün tamamilə yeni siyasi eranın başlanması demək olacaq, əks təqdirdə ikinci İsrail-ABŞ-İran müharibəsi daha dağıdıcı və böyük təsirlərlə tarixə düşəcək :”Yeni müharibə ABŞ-nin Yaxın Şərq regionuna hərbi olaraq birbaşa və uzunmüddətli cəlb olunması ilə nəticələncək ki, bu ssenaridə həm də Körfəz ölkələrinin Qərb blokunda iştirakı planlaşdırılır və ümumilikdə Suriya ssenarisi İran coğrafiyasında təkrarlana bilər. Nəticə olaraq, yeni müharibə İranın aid olduğu coğrafiya üçün sabitsizlik və təhlükələr demək olub, arzuolunmaz hesab olunur”.
Röya İsrafilova