

10 Oktyabr 11:13
10 Oktyabr 08:50
10 aylıq fasilədən sonra Rusiya və Azərbaycan prezidentləri arasında baş tutan təkbətək görüş iki ölkə münasibətlərində yeni mərhələnin başlaya biləcəyi ehtimalını gücləndirib. Siyasi müşahidəçilər qeyd edirlər ki, bu təmas həm diplomatik əlaqələrin bərpası, həm də strateji əməkdaşlığın dirçəldilməsi baxımından xüsusi qeyd olunmalıdır.
Bunu politoloq Şakir Ağayev Xalqcebhesi.az-a açıqlamasında söyləyib.
Ş.Ağayevin bildirdiyinə görə, Rusiya prezidentinin danışıqlara 2023-cü il 25 dekabrda baş verən təyyarə qəzası məsələsi ilə başlaması təsadüfi deyil:
“Azərbaycan tərəfi 10 ay ərzində bu hadisə ilə bağlı üç əsas tələb irəli sürmüşdü – rəsmi üzr, kompensasiya və günahkarların cəzalandırılması. Dünənki danışıqlarda Rusiya prezidenti açıq şəkildə göstərdi ki, bu tələblər qəbul olunur və icra ediləcək. Üzr məsələsi artıq həllini tapıb, kompensasiyanın ilin sonunadək ödənəcəyi bildirilib və məsul şəxslərin cəzalandırılması ilə bağlı mövqe ortaya qoyulub.Azərbaycanın prinsipial mövqeyinin tanınması deməkdir və diplomatik xəttin nəticə verdiyini göstərir”.
Şakir Ağayev qeyd edib ki, 2022-ci ildə imzalanmış Azərbaycan-Rusiya müttəfiqlik bəyannaməsindən sonra münasibətlər ilk dəfə bu qədər gərginləşmişdi:
“10 ay davam edən soyuqluq iki ölkə arasında siyasi dialoqu minimum səviyyəyə endirmişdi. Lakin dünənki görüş həm rəsmi, həm də qeyri-rəsmi formatda münasibətlərin normallaşması üçün zəmin yaratdı. Axşam yeməyi də daxil olmaqla aparılan təmaslar qarşılıqlı hörmətə əsaslanan siyasi iradəni nümayiş etdirdi.Bəzi xarici dairələr və Ermənistan daxilində müəyyən qüvvələr bu münasibətlərin daha da gərginləşməsində maraqlı idilər, lakin görüş nəticələri bu cəhdləri nəticəsiz qoydu”
Politoloq hesab edir ki, aparılmış danışıqlar siyasi, iqtisadi və humanitar sahələrdə əvvəlki əməkdaşlıq atmosferinin bərpasına imkan yaradır:
“Strateji tərəfdaşlığın yenidən aktivləşməsi üçün real zəmin formalaşıb. Hesab edirəm ki, bu görüş qarşıdakı aylarda Azərbaycan-Rusiya münasibətlərinin normallaşması və qarşılıqlı etimadın bərpası üçün əsas rol oynayacaq.
Bu proses davamlı olacağı təqdirdə hər iki ölkə üçün yeni əməkdaşlıq mərhələsi başlaya bilər”.
Günel Elxan