“Bizim geyim bazarında qiymətlər Avropa ilə müqayisədə həddindən artıq bahadır” Gündəm

“Bizim geyim bazarında qiymətlər Avropa ilə müqayisədə həddindən artıq bahadır”

“Ölkədə tekstilin inkişafı ilə bağlı vəziyyət demək olar ki, yox səviyyəsindədir. Hansısa sex səviyyəsində Bakıda, Mingəçevirdə bir neçə istehsalçı ola bilər, amma hazırda bu sahənin nə ixrac əhəmiyyəti var, nə də bu sahə ciddi surətdə idxalçılarla mübarizə apara bilir. Çox təəssüf ki, yerli brendlər hələ yeni-yeni formalaşır. Düşünürəm ki, onlar kiçikhəcmli məhsul buraxılışlarına malikdirlər. Çin, Türkiyə, Avropanın məşhur brendləri hazırda bazarda at oynadır. Çin ucuz məhsullar istehsal edir, Avropa, İtaliya, İspaniya, Fransa isə yüksək qiymətlər hissəsində heç bir rəqib tanımırlar”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.

X.Kərimli bildirib ki, hətta bizim paltar sənayesindəki qiymətlər kifayət qədər bahadır: “Ucuz qiymətlər deyil. Deyək ki, bazar ucuzdur, insanların bu istiqamətdə alıcılıq qabiliyyəti yoxdur. Belə deyil. Çünki bizim geyim bazarında qiymətlər Avropa ilə müqayisədə həddindən artıq bahadır. Amma təəssüf ki, inkişafı yox səviyyəsindədir. İnkişaf etdirməyə potensial varmı? Pambıq yığıb mahlıc, ilkin xammal formasında xaricə satırıq. Özümüzün də yerli sənayeni inkişaf etdirmək imkanlarımız var. Bu, məşğulluğun təmini, işsizliyin azadılması istiqamətində iqtisadiyyata töhfə də verə bilər. Lakin hələlik təəssüf ki, bu istiqamətdə uğurumuz yoxdur. Ona görə yox ki, azərbaycanlılar bacarıqsızdır, savadsızdır, xeyr. Sadəcə dediyim kimi, Çin, Türkiyə ilə rəqabət apara bilmirik. Bazar da belədir ki, insanları məcbur edə bilməzsiniz nə alsın. Yəni bu, məcburi deyil, insan seçə bilir, gətirə bilir. Onlayn ticarət, ümumiyyətlə, bu sahədə rəqabəti ciddi surətdə dəyişib. Heç idxalçılar fərdi gətirənlərlə rəqabət apara bilmirlər. Çox ciddi rəqabətli bazardır. Rəqabətdə də uduzduğumuza görə bu sahədə hansısa bir şeylər edə bilmirik”.

Röya İsrafilova