

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli xarici siyasət hazırda Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Xarici siyasətimizdə son illərdə Mərkəzi Asiyanın türk dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutmaqdadır. Ortaq soykökə malik olan, eyni mədəni və dini dəyərləri bölüşən Azərbaycan və Qazaxıstan əlaqələri istər Sovet İttifaqı tərkibində, istərsə də müstəqillik əldə etdikdən sonra yüksələn xətlə inkişaf edib.
Bunu xalqcebhesi.az-a YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev deyib.
Onun sözlərinə görə, sevindirici haldır ki, hazırda Azərbaycan-Qazaxıstan münasibətlərinin səviyyəsi və iki ölkənin regional miqyasda rolu və funksionallığı ən yüksək səviyyəyə qədər yüksəlib. Xüsusilə iki ölkə liderinin davamlı qarşılıqlı səfərləri ölkələrimiz arasında güclü strateji və müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə mühüm təkan verir: "Təsadüfü deyildir ki, son üç ildə dövlətimizin başçısı qardaş Qazaxıstan Respublikasına 7-ci dəfə səfər edib. Həyata keçirilən bu səfərlər xalqlarımız arasındakı dostluq və qardaşlığın təzahürü olmaqla yanaşı, tərəflərin bu əlaqələri və dövlətlərarası münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bir daha nümayiş etdirir.
“Qardaşlıq, dostluq, qarşılıqlı dəstək” ruhunda formalaşan Azərbaycan-Qazaxıstan münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Nəqliyyat, enerji, infrastruktur, eyni zamanda mədəni-humanitar sahələrdə əməkdaşlığımız ən yüksək səviyyədədir. Bununla yanaşı Azərbaycanla Qazaxıstan regional və beynəlxalq platformalarda da uğurla əməkdaşlıq edir və Qazaxıstan Respublikası hər zaman Azərbaycanın haqlı mövqeyini güclü şəkildə dəstəkləmişdir. Bundan əlavə Qazaxıstanla Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafından bəhs edən cənab Prezident qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.
Xüsusi olaraq qeyd etməliyik ki, qardaş Qazaxıstan dövləti Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq yaxından iştirak edir. Qazaxıstan dövləti tərəfindən işğaldan azad edilmiş Füzuli şəhərində ən müasir tələblər səviyyəsində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsi və iki dövlət arasında mövcud olan qardaşlığın bariz sübutudur.
Möhtərəm cənab Prezidentin “Kazinform” agentliyinə müsahibəsi bir daha göstərir ki, Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa yönəlib. Qeyd etməliyik ki, hazırda iki dövlət arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur".
Cavid