
Fransa-Azərbaycan əlaqələri: Paris reallığı qəbul edir
22 Oktyabr 23:43
Paşinyan-Kilsə müharibəsi qızışır
Ermənistanda din xadimlərinin kütləvi həbsi davam edir. Oktyabrın 15-də Arakaçotnda 13 keşiş və 3 mülki şəxs saxlanılıb. Bir gün sonra isə eparxiyanın rəhbəri, yepiskop Mkrtiç Proşyan (bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğlu - red.), Saqmosavank monastırının keşişi Paren Arakelyanı, eləcə də az əvvəl kargüzarlıq şöbəsinin rəhbəri keşiş Qaregin Arsenyan həbs edilib.
Onlara qarşı müxtəlif ittihamlar irəli sürülüb, o cümlədən vətəndaşları mitinqlərdə iştirak etməyə məcbur etmə ittihamı da daxil edilib.
Məlumata görə, Ermənistanın Arakaçotn vilayətində Apostol Kilsəsinin eparxiyasının mühasibi, 60 yaşlı Naira Alaverdyan 2 aylıq ev dustaqlığına məhkum edilib. Bu barədə vəkil Marinə Farmanyan sosial şəbəkədə məlumat verib.
Oktyabrın 18-də isə İrəvanın Azadlıq meydanında biznesmen Samvel Karapetyanın azadlığa buraxılması tələbi ilə "Öz yolu ilə" hərəkatının mitinqi keçirilib.
Ermənistan KİV xəbər verir ki, aksiya iş adamının oktyabrın 16-da həbs müddətinin uzadılması, həmçinin Araqatsotn yeparxiyasının ruhanilərinin kütləvi şəkildə saxlanması fonunda başlayıb.
Mitinqdə müxtəlif siyasi və ictimai xadimlərlə yanaşı, din xadimləri də iştirak edir. Etirazlara "Müqəddəs mübarizə" hərəkatının tərəfdarları və onun lideri arxiyepiskop Baqrat Qalstanyan da qoşulub.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Elşən Manafov deyib ki, Ermənistanda erməni apostol kilsəsinin yerlərdəki təmsilçilərinin həbsləri hakimiyyətin muxalifətlə qarşıdurmasında siyasi konyukturanın doğurduğu reallıqlarla baglıdır.
E.Manafovun fikrincə, erməni muxalifətinin millətçi kəsimi ilə işbirliyində olan kilsə Paşinyanı Azərbaycanla danışıqlarda "təslimçi" mövqeyinə görə qınayır, ölkənin etiraz elektoratını onun "Artsax"la bağlı siyasətinə yox deməyə, seçkilərdə ona etimad göstərməməyə çağırır: "Aparılan sorgular göstərir ki, müxalifətin millətçi kəsimi, xüsusilə əvvəllər bu ölkəni yönləndirən sabiq siyasi elitası geniş sosial bazaya malik deyil, ölkəni müharibə və korrupsiya bataqlığına sürükləmiş bu sabiq komandaya ölkə seçiciləri ciddi siyasi dəstək vermək fikrində deyillər. Seçicilər arasında əvvəlki nüfuzunu itirən sabiq hakimiyyət kilsəni Paşinyanla mübarizəyə cəlb etməklə kilsənin erməni cəmiyyətinə, xüsusən onun dini kəsiminə təsir imkanlarından yararlanmaq istəyir. Bu isə cəmiyyətin dini zəmində parçalanmasına, dindən siyasi konyuktura naminə yararlanmaq hallarına şərait yarada bilər".
Onun sözlərinə görə, Ermənistan dünyəvi dövlət modelinə malik ölkədir və Paşinyan bu mənada dinin dövlət işlərinə müdaxiləsinə yol verməyəcəyini bəyan edib. Kilsə Paşinyanla qarşıdurmasında onun "Artsax" ermənilərinə qarşı mövqeyini əlində bayraq edərək baş naziri Avropa insan haqları ilə bağlı konvensyanın müddəalarını pozmaqda ittiham edir.
O, qeyd edib ki, kilsənin bununla bağlı ifrat fədakarlğı isə aydındır ki, Azərbaycanla sülh danışıqlarının perspektivlərinə ciddi təhlükə yarada bilər. Paşinyan isə ictimai sabitliyinin qorunub saxlanılmasına məsul şəxs olaraq buna yol vermək istəmir. Hərçənd, kilsə və müxalifət tərəfindən bəlli həbslərlə bağlı söylənilənlərə cavab olaraq Paşinyan həbslərin Azərbaycanla aparılan sülh danışıqları ilə bağlı olmadığını bildirib. Bununla belə bu həbslərin siyasi qarşıdurmanın doğurduğu konyuktura ilə bağlılığı şübhə doğurmur: "Siyasi konyukturaya ciddi şəkildə təsir göstərən digər faktor isə regionun gələcək geosiyasi arxitekrurası ilə bağlı Paşinyanın Qərblə ortaq baxışlarıdır. Bu baxışlar Rusiyaya da məlumdur və o təbii ki, müxalifətin məlum kəsiyi, habelə erməni kilsəsi ilə iş birliyində məlum proyeklərin realizə olunmasının qarşısını almağa çalışır. Region ətrafı nəqliyyat dəhlizlərinin perspektiv arxitekturası ilə bağlı məsələlər də tərəflər arasında geosiyasi qarşıdurmanın səbəblərindəndir.
Paşinyan üçün ciddi təhlükəni isə ənənəvi müxalifət deyil, onun müstəqil namizdlə iş birliyi təşkil edə bilər. Bu mənada iş adamı Karapetyanın həbsi ilə bağlı qərar Paşinyan tərəfinin siyasi məğlubiyyətdən sığortalanmaq uçun atdığı addımdır".
İlahiyyatçı Tural İranın fikrincə, Ermənistanda din xadimlərinin kütləvi həbsi hakimiyyət ilə kilsə arasında münaqişə yaratmayacaq. Çünki artıq din xadimlərinin siyasətə qarışmasını, hökumətə maneçilik yaratmasını əhali də qəbul etmir. Əsasən də kilsənin tamamilə Rusiya tərəfindən idarə olunduğunu qəbul edirlər və islahatlar aparılmasını gözləyirlər.
O, qeyd edib ki, həbs olunan keşişlərin əli ilə dövlət çevrilişinə hazırlıq və digər təxribatlar planlaşdırıldığı deyilir: "Şübhəsiz ki, dayanıqlı sülhə doğru gedən Ermənistan hakimiyyətinə indiki halda kilsənin bu addımı problem yaradır. Qareginin istefaya getməməsi də vəziyyəti daha da gərginləşdirir. Lakin ortaya qoyulan sübutlar, əhalinin və hökumətin basqısı sonda onu da istefaya məcbur edəcək.
Eçmiədzinə hücum ediləcəyini istisna edirəm. Düşünmürəm ki, hökumət belə bir addım atsın. Bu, ola bilsin Rusiya tərəfindən idarə olunan Ermənistan müxalifətinin təxribatları və şayiələridir. Lakin təziqlərin, təsirlərin, hətta aksiyaların olması mümkündür. Çünki Qareginin istefası labüddür və hazırda o hökumət, hətta dövlət üçün ciddi problemlər yaradır. Dövlət - din məsələlərini köklü şəkildə tənzimləməyə, kilsənin dövlətin işlərinə müdaxiləsinin qarşısını almağa yönəlmiş bu addımlar baş nazir Paşinyan üçün prioritet məsələdir. Müxalifətin və kilsənin isə məqsədi qarışıqlıq yaratmaq üçün ilk addımın hökumətdən gəlməsini gözləməkdir. Görünür ki, Qaregin dinc yolla təslim olmaq, postu təhvil vermək istəmiir".
İlahiyyatçlnın fikrincə, ölkənin qarışması da ilk növbədə hakimiyyətin ziyanınadır. Doğrudur, hazırda müxalifətin və kilsənin hökuməti devirmək üçün kifayət qədər gücü, dəstəyi yoxdur. Ancaq xarici təsirlərlə, düşünülmüş təxribatlarla qarışıqlıq yaradaraq stabilliyi pozub xalqı parçalaya bilərlər. Müxalif qüvvələr əsasən Qarabağdan köçən əhali ilə işləyir və kilsə ilə də Rusiyanın gizli dairələri koordinasiya edir: "Buna rəğmən Paşinyan hökuməti də ehtiyyatlı davranır. Qərbin Paşinyana münasibəti normal olduğuna görə kilsə ilə bağlı hadisələrə qiymət verərkən obyektiv olacaqlarını güman etmək olar. Əgər məsələ Ermənistanda kilsə ilə dövlətin münasibətlərinin normallaşmasından gedirsə təbii ki, region ölkələrinin də anlayışla qarşılaması mümkündür. Lakin Qareginin istefası qəlizləşərsə, Ermənistanda din - dövlət münasibətlərinin gərginləşməsi regionda da narahatlıq yarada bilər".
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə isə Ermənistan Baş naziri Nikol Paşinyan parlament seçkiləri ərəfəsində Rusiyanın ölkə daxilindəki təxribatlarının qarşısını almaq üçün genişmiqyaslı addımlar atır. Ermənistanın ikinci böyük şəhəri – Gümrünün rusiyapərəst meri Vardan Qukasyanın həbsi bu prosesin tərkib hissəsidir.
"Məlumdur ki, Moskva Paşinyanın hakimiyyətini zəiflətmək məqsədilə Ermənistan daxilindəki kilsə və siyasi müxalifət vasitəsilə seçkilər zamanı xaos və iğtişaşlar yaratmaq planı qurub. Bu planın mərkəzi isə Gümrü şəhəridir. Şəhərdə Rusiyanın 102-ci hərbi bazası yerləşir və yerli siyasi elita uzun illərdir Kreml yönümlü mövqeləri ilə seçilir" - politoloq deyib.
Onun sözlərinə görə, Paşinyan artıq orduda və təhlükəsizlik strukturlarında Rusiyaya bağlı şəxslərin təmizlənməsi prosesinə start verib. Növbəti mərhələdə hədəfdə Ermənistan Apostol Kilsəsinin baş keşişi, Katolikos II Qaregin və onun yaxın çevrəsi dayanır: "Gələn il seçkilərə qədər Rusiyayönümlü müxalifət və Kilsə siyasi təsir dairəsindən çıxarılacaq. Bir neçə yepiskopun həbsi və onların istintaqa verdiyi ifadələr II Qaregini hakimiyyət çevrilişi planında iştirakda ittiham edə bilər. Bu isə Kilsənin siyasətə qarışması faktını daha da qabardaraq, II Qaregini istefaya məcbur edəcək əsas yarada bilər.
Paşinyanın əsas məqsədi həm kilsə, həm də siyasi müxalifət vasitəsilə ölkəyə təsir göstərən Rusiyanın “beşinci kolonu”nu tamamilə zərərsizləşdirməkdir. Qeyd edim ki, Apostol Kilsəsi də uzun illərdir Kremlin siyasi maraqları istiqamətində fəaliyyət göstərib.
Ermənistanda baş verənlər proseslər regionda təhlükəsizliyin təmin edilməsində mühüm faktordur. Çünki, Rusiya yönümlü qüvvələrin hakimiyyəti Azərbaycanla sülh prosesini dayandıra bilər".
Cavid