Prezidentin Qazaxıstan səfəri: strateji əməkdaşlığın yeni mərhələsi Gündəm

Prezidentin Qazaxıstan səfəri: strateji əməkdaşlığın yeni mərhələsi

Prezident İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə təkbətək görüşü keçirilib, iki ölkə arasında çoxşaxəli əməkdaşlığın inkişafı müzakirə edilib.

Dövlət başçılarının iştirakı ilə Astanada “Orta dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.

Astanada Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. İclasda gündəlikdəki məsələlər nəzərdən keçirilib, tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində yeni addımlar müəyyən edilib.

Həmçinin Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub.

Millət vəkilləri “Xalq Cəbhəsi”nə Azərbaycan Prezidentinin Qazaxıstana səfərinin iki qardaş ölkənin çoxşaxəli əlaqələrinin inkişafında rolunu dəyərləndiribər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri sadəcə diplomatik görüş, təmas deyil, eyni zamanda, türk dünyası üçün çox mühüm əhəmiyyət kəsb edən və siyasi-iqtisadi birliyin möhkəmlənməsinə gətirib çıxara biləcək bir səfərdir: “Həmçinin Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə strateji bağlantılarının siyasi, iqtisadi, hərbi baxımdan dərinləşməsinə çox təsir edən bir səfərdir. Bu səfər Azərbaycanın regiondakı lider mövqeyini, cənab Prezidentin mövqeyini, onun nüfuzunu təsdiqləyir və Azərbaycanın müstəqil daxili və xarici siyasətini bir daha dünyaya göstərir. Azərbaycanla Qazaxıstan arasında münasibətlər ortaq köklərə, dilə, dinə söykənən münasibətlərdir”.

“Humanitar və mədəni əlaqələrimiz genişlənir”

Deputat qeyd edib ki, biz Türk Dövlətləri Təşkilatında (TDT) da bir yerdəyik, həmrəyik: “Logistik və nəqliyyat daşımaları, eyni zamanda, Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişi və s. bütün bunlar mühüm hadisələrdir. Eləcə də yaşıl enerji, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat və bir sıra istiqamətlərdə bizim çox mühüm addımlarımız var. Humanitar və mədəni əlaqələrimiz genişlənir. Bu, həm iqtisadi cəhətdən, həm geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır”.

A.Nağıyevin sözlərinə görə, Qazaxıstan-Azərbaycan əməkdaşlığı Avrasiya nəqliyyat sisteminin əsas arteriyasına çevrilir, enerji, sənaye, investisiya əməkdaşlığımız artır: “Qazaxıstan neftinin Azərbaycan infrastrukturundan istifadə etməklə beynəlxalq bazara çıxarılması mühüm məsələdir. Azərbaycan mədəniyyətinə, dilinə olan marağın artması xalqlarımız arasında mənəvi birliyi daha da birləşdirir. Təbii ki, türk dünyası məsələsi də ən ciddi amildən biridir. Prezident İlham Əliyevi Astana Aeroportunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşıladı. Bu, ən yüksək hörmət və qarşılama səviyyəsi idi. Bu, Azərbaycan liderinin artan nüfuzunun göstəricisidir və təbii ki, türk birliyinin praktik inteqrasiyasıdır. Düşünürəm ki, bu səfər bir daha Azərbaycanın tək regionda deyil, ümumiyyətlə, dünyada nüfuzunun artmasına işarədir”.

Türkdilli dövlətlər ailəsində strateji əməkdaşlığın yeni mərhələsi

Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin Qazaxıstana səfəri təkcə iki dost və qardaş ölkə arasında diplomatik münasibətlərin davamı deyil, həm də türkdilli dövlətlər ailəsində strateji əməkdaşlığın yeni mərhələsinə keçid kimi qiymətləndirilir: “Azərbaycan və Qazaxıstan son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrini ardıcıl şəkildə möhkəmləndirir. Hər iki ölkə regional sabitliyin, iqtisadi inteqrasiyanın və enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Bu baxımdan səfərin əsas məqsədi münasibətləri daha da dərinləşdirmək, yeni əməkdaşlıq mexanizmləri üzərində razılaşmaqdır”.

“Səfər türk dünyasının siyasi birliyini daha da gücləndirəcək”

A.Hüseynov diqqətə çatdırıb ki, iki ölkə arasındakı münasibətlərin təməlində ortaq tarixi köklər, mədəni yaxınlıq və qarşılıqlı etimad dayanır: “Bu gün Azərbaycan ilə Qazaxıstan təkcə ikitərəfli müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı, BMT və digər beynəlxalq qurumlar çərçivəsində eyni istiqamətdə mövqe nümayiş etdirir. İlham Əliyevin səfəri regional proseslərdə türk dünyasının siyasi birliyini daha da gücləndirəcək addım kimi qiymətləndirilir”.

Deputat əlavə edib ki, parlamentlərarası əlaqələr də bu əməkdaşlığın mühüm tərkib hissəsidir: “Azərbaycan və Qazaxıstan parlamentləri arasında dostluq qrupları uzun illərdir aktiv fəaliyyət göstərir, qanunverici səviyyədə təcrübə mübadiləsi aparılır. Hər iki ölkə qanunvericilik sahəsində islahatlar, parlament diplomatiyasının genişləndirilməsi və gənc deputatların əməkdaşlığı kimi istiqamətlərdə qarşılıqlı dəstəyi davam etdirir. Bu münasibətlər yalnız rəsmi səviyyədə deyil, xalqlar arasında yaxınlaşmanı da gücləndirir. Gözləntilər ondan ibarətdir ki, bu səfər nəticəsində Azərbaycan-Qazaxıstan əlaqələri yeni siyasi məzmun qazanacaq, iqtisadi və mədəni əməkdaşlıq daha da genişlənəcək. Hər iki ölkə türkdilli dövlətlər arasında inteqrasiya prosesinə liderlik etmək, regionda dayanıqlı inkişafı təmin etmək niyyətindədir. Bu səfər həm tarixi, həm də strateji baxımdan türk dünyasının birliyini möhkəmləndirən önəmli addım kimi yadda qalacaq”.

Türk birliyinin möhkəmlənməsi

Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib ki, Qazaxıstan Azərbaycanın yaxın dostu, strateji müttəfiqi, qardaşlıq münasibəti olduğu qonşu dövlətdir: “Biz eyni kökdən, tarixdən, mədəniyyətdən, dindən olan xalqlarıq və bütün dönəmlərdə Azərbaycan və qazax xalqı bir-biri ilə yaxşı münasibətlər qurmaqda maraqlı olub. Bu gün hər iki dövlət arasında çox yaxşı münasibətlər var. Bu, cəmiyyətdən gələn sosial sifariş və hər iki ölkə rəhbərinin xalqın istəklərini üstün tutmasıdır. Ticarət dövriyyəmiz yüksəlir, əməkdaşlıq etdiyimiz sahələrin sayı durmadan artır, türk birliyinin möhkəmlənməsi məsələsində eyni mövqedən çıxış edirik. Azərbaycan və Qazaxıstan liderləri vaxtaşırı həm çoxtərəfli, həm ikitərəfli görüşlər keçirirlər. Cənab Prezidentin Qazaxıstana bu səfəri ilə dostluq münasibətlərimizin daha da möhkəmlənəcəyinə, əməkdaşlığımızın daha da genişlənəcəyinə inanırıq”.

Röya İsrafilova