Azərbaycan dili: yeni çağırışlar və milli məsuliyyət
5 Noyabr 23:56

Rusiya–Ukrayna müharibəsinin gedişatında son günlər müşahidə olunan diplomatik ritorika və təhlükəsizlik addımları qlobal güc balansında yeni mərhələnin formalaşdığını göstərir. Müharibənin əvvəlində Qərb, xüsusən ABŞ, Ukraynaya uzunmüddətli hərbi-siyasi dəstək vəd etmişdi. Vaşinqton bu prosesin əsas oyunçusu kimi çıxış edir, münaqişənin taleyini müəyyən edən qərarlar qəbul edirdi. Lakin “Tomahavk” uzaqmənzilli raketlərinin verilməsindən imtina edilməsi göstərir ki, ABŞ prioritetlərini yenidən dəyərləndirir.
Görünən odur ki, Vaşinqton açıq qarşıdurma istəyindən uzaqdır və eskalasiyanı nəzarətdə saxlamağa çalışır. ABŞ daha çox dialoq və nəzarətli gərginlik modelinə üstünlük verir.
ABŞ-ın mövqeyi təkcə Ukraynanın hərbi imkanlarına deyil, eyni zamanda Avropanın təhlükəsizlik arxitekturasına, NATO-nun gələcək konturlarına təsir edir. Bu səbəbdən prosesin necə inkişaf edəcəyi haqda suallar artır.
Qərbin Kiyevə verdiyi dəstəyin real miqyası da sual altındadır. Silah paketlərinin gecikməsi, maliyyə axınının azalması Ukraynanın həm cəbhədə, həm də iqtisadi cəhətdən çətinliklərini artırır.
Əsas sual budur: ABŞ münaqişəni nəzarətli şəkildə dondurmaq istəyir, yoxsa Ukrayna artıq Vaşinqton üçün əvvəlki qədər prioritet deyil? Yaxud bu, Rusiyanı danışıqlara məcbur etmək məqsədi daşıyan yeni siyasi mərhələdir?
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nin suallarını ekspertlər cavablandırıb.
Ukrayna üçün qapılar bağlanır
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli diqqətə çatdırıb ki, Rusiya–Ukrayna müharibəsi fonunda dünya ictimaiyyətində uzun müddət Amerika Birləşmiş Ştatlarının Kiyevə güclü dəstək verəcəyi ilə bağlı böyük ümidlər var idi: “Xüsusilə, uzaqmənzilli raketlərin Ukraynaya verilməsi və daha dağıdıcı silah-sursat təminatı ilə bağlı gözləntilər mövcud olub. Lakin indiki reallıq göstərir ki, Vaşinqton hələ də bu istiqamətdə ciddi addımlar atmır”.
O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinə daha çox biznes maraqları prizmasından yanaşır. Trampın bəyanatları göstərir ki, ABŞ bu müharibəni artıq öz savaşı kimi görmür və Ukraynaya yeni silah paketləri təqdim etmək niyyətində deyil: “Tramp Avropanın Ukraynaya verdiyi silahlarla bağlı mövqeyində də qeyri-müəyyənlik nümayiş etdirir: “Avropa Ukraynaya əlavə silah göndərmək istəyərsə, ABŞ bunu təmin edə bilər, lakin bu yardımların qarşılığı ödənilməlidir. Yəni Avropa bu silahların əvəzində Birləşmiş Ştatlara pul ödəməlidir. Bu yanaşma Vaşinqtonun münaqişəyə əvvəlki kimi strateji prioritet kimi baxmadığını göstərir: “Tramp administrasiyası Rusiyanı ABŞ üçün real təhlükə kimi görmür. Bunun fonunda isə Avropanın mövqeyi tam fərqlidir, çünki onlar Rusiyanı birbaşa təhlükə hesab edirlər”.
M.Rəhimli əlavə edib ki, Trampın avqustda Alyaskada Putinlə görüşü və Budapeştdə ikinci görüşün mümkünlüyü barədə yayılan məlumatlar ABŞ-ın Ukrayna məsələsində diplomatik həllə üstünlük vermək niyyətini gücləndirir: “Belə bir şəraitdə Trampın Ukraynaya “Tomahavk” raketləri verəcəyi real görünmür. O, Rusiyanı qıcıqlandırmaq istəmir. ABŞ bu müharibəni daha çox öz iqtisadi və siyasi maraqlarının təmin olunması üçün vasitə kimi görür. Bütün ümidlərə rəğmən, Birləşmiş Ştatların Ukraynaya gözlənilən silahları verəcəyi inandırıcı deyil”.
Regional tərəzilər dəyişir
Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib ki, hələ 2 ay əvvəl – sentyabr ayında ABŞ-ın vitse-prezidenti Castin D. Vens bəyan etmişdi ki, Vaşinqton “Tomahavk” tipli uzaqmənzilli raketlərin NATO ölkələrinə verilməsi və onların sonradan Ukraynaya ötürülməsi imkanını dəyərləndirir: “Yekun qərarın isə ABŞ Prezidenti Donald Tramp tərəfindən veriləcəyi qeyd olunmuşdu. Rusiya buna sərt reaksiya vermiş, belə bir addımın Rusiya–ABŞ münasibətlərini məhv edə biləcəyi və daha böyük müharibə riskini artıracağını bəyan etmişdi. Moskva hətta Tomahavkların Ukraynaya verilməsini ABŞ və Britaniyanın Rusiyaya müharibə elan etməsi kimi qiymətləndirə biləcəyini açıqlamışdı”.
Deputat qeyd edib ki, Tramp administrasiyasının bu raketləri Ukraynaya verməkdən imtina etməsi Vaşinqtonun müharibənin daha aktiv fazaya keçməsində maraqlı olmadığını göstərir: “ABŞ açıq şəkildə bildirir ki, bəzən döyüşün bitməsinə icazə vermək lazımdır və bu yanaşma hazırkı mərhələdə danışıqların təşviqinə yönəlib. “Tomahavk”ların Ukraynaya verilməsi Rusiyanın strateji hərbi-sənaye obyektlərinə ciddi zərbələr endirmək gücünə malik idi. Belə bir addımın atılması Rusiyanın bunu artıq Ukrayna ordusunun deyil, ABŞ və Britaniya hərbçilərinin birbaşa hücumu kimi qiymətləndirməsinə səbəb olardı. Bu isə beynəlxalq hüquq baxımından daha genişmiqyaslı müharibə üçün real zəmin yaradırdı”.
Könül Nurullayeva bildirib ki, Vaşinqtonun bu qərarı həm də Rusiyanı danışıqlara sövq etmək üçün təzyiq elementidir: “Ağ Ev görünən odur ki, tərəfləri mümkün qədər tez atəşkəs və danışıqlar masasına gətirməyə çalışır. “Tomahavk” məsələsi də Kremlin müzakirələrə geri dönməsi üçün siyasi-psixoloji təsir aləti kimi qiymətləndirilə bilər. Proseslərin inkişafı yaxın zamanda ABŞ-ın bu siyasi manevrinin nə dərəcədə səmərəli olacağını göstərəcək”.
Dəstək gecikdi-nəticə...
Hərbi ekspert Emin Həsənli əlavə edib ki, Əgər ilkin mərhələdə kifayət qədər maddi və hərbi yardım verilmiş olsaydı, Ukraynanın işğal altında qalan əraziləri daha az olardı və milyonlarla vətəndaş qaçqınlıq həyatına məruz qalmazdı.
Onun sözlərinə görə, ilkin dövrdə yalnız müdafiə silahları verildi ki, Rusiya ərazisini vura bilməsin. Ukraynanın əlini-qolunu bağlayıb müharibəyə göndərdilər. İndi isə vəd verdikləri silahların verilməsini ləngidirlər: “Bu gecikmə həm Ukraynanın iqtisadiyyatına, həm də döyüş hazırlığına ciddi zərbə vurur. Rusiya isə aqressiv şəkildə işğalı davam etdirir. Azərbaycan isə göstərdi ki, yalnız öz gücünə, ordusuna və iqtisadiyyatına arxalanmaqla ölkənin təhlükəsizliyini təmin etmək mümkündür”.
Günel Elxan