Cənubi Qafqazda sülh yolunda...” Gündəm

Cənubi Qafqazda sülh yolunda...”

"Məhz 8 avqustda Ağ Evdə imzalanan birgə bəyanat Azərbaycan–Ermənistan münasibətlərinin yaxınlaşmasına xüsusi dinamika qazandırıb. Sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı Donald Tramp marşrutu adlandırılan proses üzrə razılaşmalar demək olar ki, formalaşıb. ABŞ bu istiqamətdə 140 milyon dollar məbləğində maliyyə ayıraraq layihənin gedişatına birbaşa dəstək göstərib".

Bunu politoloq Elşad Həsənov Xalqcebhesi.az-a açıqlamasında deyib.

Onun fikrincə, ABŞ nümayəndə heyətinin son günlərdə regiona səfəri dəhliz layihəsinə verilən önəmin real göstəricisidir:
“Amerikalı rəsmilər yolun tikintisi ilə bağlı maraqlanıblar və bunun üçün birgə işçi qrupu yaradılıb. Bu, Vaşinqtonun regiondakı yeni geosiyasi marşruta ciddi yanaşdığını təsdiqləyir.Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində də nəzərəçarpacaq addımlar atılır.Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin İrəvana səfəri və Baş nazirin müavini tərəfindən qəbul olunmaları mühüm hadisədir. Ardınca Ermənistan nümayəndələrinin Bakıya səfəri və burada keçirilən çoxsaylı görüşlər dialoqun gücləndiyini göstərir.Bütün bunlar regionda sabitlik üçün yeni imkanlar yaradır:
“Bundan sonra 3+3 formatında görüşün ya Azərbaycanda, ya da Ermənistanda keçirilməsi planlaşdırılır. Düşünürəm ki, ilk görüş böyük ehtimalla Bakıda baş tutacaq və bu halda Ermənistan Baş naziri Azərbaycana səfər etmiş olacaq. Sülh müqaviləsi yaxınlaşdıqca münasibətlərdə istiləşmə daha açıq görünür, lakin prosesə qarşı çıxan qüvvələr də mövcuddur.Ermənistanda müəyyən müxalif dairələr sülhün bağlanmasını istəmirlər və bu, hakimiyyət üçün çətinlik yaradır. Amma vətəndaş cəmiyyətləri arasında qapıların açılması uzunmüddətli və dayanıqlı sülhün bünövrəsini formalaşdırır".

Politoloqun fikrincə, hazırkı dinamika Cənubi Qafqazda yeni sabitlik mərhələsinin başlanğıcından xəbər verir.

Günel Elxan