
“Noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq Konqres seçkiləri yalnız ölkədaxili siyasi qüvvələrin nisbətini deyil, həm də Donald Tramp administrasiyasının xarici siyasət imkanlarını müəyyənləşdirəcək mühüm hadisədir. Respublikaçıların Konqresin hər iki palatasında üstünlüyünü qoruması Ağ Evin mövcud siyasətini davam etdirməsini asanlaşdıra bilər. Demokratların qələbəsi isə administrasiyanın qərarlarına institusional nəzarəti gücləndirərək Vaşinqtonun beynəlxalq siyasətində müəyyən dəyişikliklərə zəmin yarada bilər. Lakin bu nəticəni ABŞ-nin xarici siyasət kursunun köklü dəyişməsi kimi qiymətləndirmək düzgün olmaz. Əsas məsələ prezidentlə Konqres arasında səlahiyyət və təsir imkanlarının necə bölüşdürüləcəyidir”.
Bu sözləri xalqcebhesi.az-a politoloq Aytən Qurbanova söyləyib.
A.Qurbanova bildirib ki, Demokratların qələbəsinin ilk növbədə ABŞ-nin Rusiya və Ukrayna siyasətinə təsir göstərməsi gözlənilə bilər: “Demokratlar Ukraynaya dəstəyin davam etdirilməsinə və Rusiyaya qarşı təzyiq mexanizmlərinin qorunmasına daha çox üstünlük verirlər. Bu baxımdan yanaşdıqda, demokratların Konqresdə çoxluq qazanmaları Tramp administrasiyasının Moskva ilə münasibətlərdə mümkün güzəştlərinin daha ciddi siyasi müzakirəyə çıxarılmasına, Ukraynaya yardım məsələsinin yenidən gündəmə gətirilməsinə və Rusiyanın enerji gəlirləri ilə bağlı məhdudiyyətlərin qorunmasına şərait yarada bilər. Ancaq Vaşinqtonun Moskva ilə münasibətlərində kəskin dönüşün baş verəcəyini əvvəlcədən söyləmək doğru olmaz. ABŞ-nin mövqeyi yalnız partiyalararası mübarizədən deyil, müharibənin gedişindən, Avropanın təhlükəsizlik maraqlarından və Rusiya ilə strateji rəqabətin gələcək dinamikasından da asılıdır”.
Politoloqun sözlərinə görə, digər mühüm istiqamət isə Orta Şərq, xüsusilə İranla münaqişə və İsraillə münasibətlərdir: “Demokratlar Konqresdə üstünlük qazandıqları təqdirdə hərbi əməliyyatların hüquqi əsasları, onların maliyyələşdirilməsi və regional eskalasiyanın ABŞ-nin təhlükəsizlik maraqlarına təsiri ilə bağlı nəzarəti gücləndirməyə çalışa bilərlər. Bu, Ağ Evin hərbi qərarlarını siyasi və hüquqi baxımdan daha çox əsaslandırmaq zərurətini yarada bilər. Eyni zamanda, Demokratların daxilində İsrailə hərbi yardımın şərtləndirilməsi və mülki əhalinin müdafiəsi ilə bağlı mövqelərin güclənməsi ABŞ-nin Orta Şərq siyasətində müəyyən dəyişikliklərə səbəb ola bilər. Ancaq burada da əsaslı dönüşün qaçılmaz olduğunu düşünmək yanlışdır. Belə ki, İsrailin təhlükəsizliyi, İranın regional təsiri və ABŞ-nin strateji mövqeləri Vaşinqton üçün partiyalararası rəqabətdən daha geniş əhəmiyyət daşıyır. Avropa ilə münasibətlər və NATO çərçivəsində əməkdaşlıq da seçkilərin nəticələrindən asılı olaraq dəyişə biləcək istiqamətlərdəndir”.
“Demokratların üstünlüyü ABŞ-nin Avropa müttəfiqləri ilə siyasi koordinasiyasını gücləndirmək və transatlantik münasibətlərdə yaranmış bəzi fikir ayrılıqlarını azaltmaq üçün imkan yarada bilər. Lakin Avropa dövlətlərinin müdafiə məsuliyyətinin artırılması tələbi ABŞ siyasətində uzunmüddətli tendensiyadır və hakim partiyanın dəyişməsi ilə aradan qalxmayacaq. Çinlə strateji rəqabətdə də köklü dəyişiklik gözləmək doğru deyil. Hər iki partiya Çinin iqtisadi, texnoloji və hərbi istiqamətdə güclənməsini ABŞ-nin qlobal mövqeləri üçün ciddi çağırış hesab edir. Fərq daha çox bu rəqabətin hansı vasitələrlə aparılmasında, yəni birtərəfli iqtisadi təzyiq, müttəfiqlərlə koordinasiya və çoxtərəfli diplomatiya arasında seçimdə özünü göstərə bilər. Seçkilərin real nəticələrini anlamaq üçün Konqresin səlahiyyətlərini də nəzərə almaq lazımdır. ABŞ Konstitusiyası xarici siyasətə təsir göstərən qanunvericilik, büdcə və nəzarət imkanlarını Konqresə verir. Konqres hərbi xərclərin və xarici yardım proqramlarının maliyyələşdirilməsinə təsir göstərə, dinləmələr keçirə və administrasiyanın fəaliyyətini araşdıra bilər. Senatın xüsusi rolu isə yüksək vəzifələrə təyinatların təsdiqi ilə bağlıdır” - deyə o əlavə edib.
A.Qurbanova həmçinin deyib ki, bununla yanaşı, prezidentin veto hüququ və icra hakimiyyətinin xarici siyasətdə geniş səlahiyyətləri Demokratların imkanlarını məhdudlaşdırır: “Ona görə də, onların qələbəsi Ağ Evin bütün qərarlarını dayandırmaqdan daha çox administrasiyanın manevr imkanlarını daraltmaq və siyasi qərarların təsir gücünü artırmaq nəticəsi verə bilər. Nəticə etibarilə, noyabr seçkilərinin əsas geosiyasi əhəmiyyəti ABŞ-nin xarici siyasətinin istiqamətinin tam dəyişməsindən daha çox onun həyata keçirilmə mexanizmlərinə təsir göstərməsindədir. Demokratların qələbəsi Ukrayna, Rusiya və İranla bağlı məsələlərdə Tramp administrasiyasına qarşı siyasi müqaviməti artıra və Avropa müttəfiqləri ilə koordinasiyaya daha çox diqqət yetirilməsinə şərait yarada bilər. Amma ABŞ-nin böyük güc statusunu qorumaq, Çinlə rəqabət aparmaq və strateji maraqlarını təmin etmək məqsədləri dəyişməz olaraq qalacaq”.
Röya İsrafilova