“Respublikaçıların xeyirinə proqnoz vermək xeyli çətinləşib” Siyasət

“Respublikaçıların xeyirinə proqnoz vermək xeyli çətinləşib”

“ABŞ-də noyabrın 3-də Konqresə aralıq seçkilərdir və bu seçkilərdə hansı partiyanın qalib gələcəyi məsələsi çox ciddi müzakirə predmetinə çevrilib. Bu, həmişə belədir və adətən hər hansı partiyanın təmsilçisi: ya Respublikaçı olsun, ya Demokrat olsun ABŞ-də seçkilərdə qalib gələrkən onun partiya üzvləri, silahdaşları da Konqresin hər iki palatasında qalib gəlirlər. Lakin aralıq seçkilərdə isə yenə də ABŞ-nin yazılmayan bir qanunu var. Bu, sanki bir ənənəyə çevrilib. Belə ki, aralıq seçkilərdə hakimiyyətdə olan partiya adətən uduzur, rəqib partiya qalib gəlir”.

Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, hazırda Birləşmiş Ştatlar Konqresində vəziyyət belədir: 100 senatorun 53-ü Respublikaçıdır: “Onlardan 45-ci Demokratdır, 2 nəfər isə müstəqildir və həmin müstəqillər də adətən Demokratların yanında yer alırlar. Beləliklə, 53 Respublikaçı və onların əleyhdarı olan 47 nəfər parlamentdə təmsil olunur. Nümayəndələr Palatasına gəldikdə isə orada 218 nəfər Respublikaçıdır, 214 nəfər Demokratdır. Onlardan 1-i müstəqildir, 2 yeri isə boşdur. Yəni göründüyü kimi, Birləşmiş Ştatlarda keçirilən 2024-cü il prezident seçkiləri və parlament seçkilərinin nəticələrinə görə Respublikaçılar üstünlük təşkil edib. Lakin noyabrın 3-də keçiriləcək seçkilərlə bağlı Respublikaçıların xeyirinə proqnoz vermək xeyli çətinləşib”.

Deputat əlavə edib ki, xüsusilə də Birləşmiş Ştatların İranla müharibə fonunda neft və neft məhsullarının qiymətinin artması orta statistik amerikalının sosial vəziyyətinə təsirsiz qalmayıb: “Xüsusilə benzinin qiymətinin qalxması artıq hər bir amerikalının cibinə təsir göstərir və ona görə də indidən söyləmək olar ki, Respublikaçılar üçün çox ağır bir seçkilər olacaq. Ümumiyyətlə, Birləşmiş Ştatların ikipartiyalı xarici siyasət kursu var. ABŞ-də strategiya dəyişməzdir: Fövqəldövlət statusunu qoruyub saxlamaq hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq əsas məsələdir. Dəyişən taktiki yanaşmalardır və indiki halda əgər Demokratlar qalib gələrsə, bu, Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətinə təsirsiz qalmayacaq. Çünki maliyyə məsələləri Konqresin nəzarətindədir. Eyni zamanda, bu, ABŞ-nin İranla bağlı müharibəsinə də təsirsiz qalmayacaq. Çünki dediyim kimi, əsasən maliyyə məsələlərinə nəzarət ki, Konqresin əlindədir həmin əməliyyatları maliyyələşdirməməsi məcbur edə bilər ki, Tramp bu və ya digər bu məsələlərlə bağlı mövqeyindən geri çəkilsin. İstənilən halda Demokratların qalib gələcəyi təqdirdə Konqres (qanunverici hakimiyyət) ilə Prezident (Ali icra hakimiyyəti) arasında çox ciddi ixtilafların yaşana biləcəyi istisna deyil. İndidən Demokratlar Respublikaçılara barmaq silkələyib söyləyirlər ki, onların qalib gələcəyi təqdirdə hətta Respublikaçı prezidentə qarşı impiçment pozisyası istisna təşkil etmir”.

Röya İsrafilova