“Bu dəfə daha geniş toqquşmanın olma riski ilə üz-üzəyik” Dünya

“Bu dəfə daha geniş toqquşmanın olma riski ilə üz-üzəyik”

“ABŞ ilə İran arasındakı vəziyyət düşündüyümüz qədər sadə deyil. Yəni hər iki ölkə ambisiyalı ölkədir, hər iki ölkənin bu və ya digər formada Yaxın Şərqdə və ona ətraf ərazilərdə ciddi maraqları var”.

Bunu xalqcebhesi.az-a politoloq Samir Hümbətov deyib.

S.Hümbətovun sözlərinə görə, belə olan halda nə İranın, nə də ABŞ-nin öz maraqlarından geriyə addım atacağını düşünmək mümkün deyil, bu, sadəlövhlük olardı: “Ona görə düşünürəm ki, belə bir vəziyyətdə İran Hörmüz boğazını açsa belə bu, heç nəyi dəyişməyəcək. Məncə, yeni müharibənin olma ehtimalı qaçılmazdır və bunu ABŞ də, İran da bilir. Düzdür, bu, bir tərəfdən də beynəlxalq birliyə mesaj verməkdir ki, bax, mən sülhsevər dövlətəm, yeni müharibə istəmirəm və əsas məqsədim sülh olmasıdır. Amma arxa planda hər iki dövlət müharibəyə hazırlaşır, həm də çox ciddi hazırlıq gedir”.

Politoloq düşünür ki, belə olan halda biz yaxın zamanlarda yeni münaqişə olma riskini gözardı edə bilmərik: “Təbii ki, belə bir vəziyyətdə nə Azərbaycan, nə də yaxın bölgələr bu riskdən sığortalanmayıb. Bu, ciddi bir məsələdir. Gərginliyin azalmasında optimist olmağa çalışırıq, ancaq son nəticədə ortada reallıq var. Reallıq da budur ki, müharibə riski hər gün artır. Tərəflər ciddi şəkildə hazırlaşırlar və biz yenidən ABŞ və İran arasında bu dəfə daha geniş, mütəşəkkil bir toqquşmanın olma riski ilə üz-üzəyik”.

Röya İsrafilova