Əkin mövsümü bitir: real vəziyyət problem və perspektivlər nədən ibarətdir? Gündəm

Əkin mövsümü bitir: real vəziyyət problem və perspektivlər nədən ibarətdir?

Bu gün dünyada ərzaq təhlükəsizliyi ən aktual məsələ hesab olunur. Geosiyasi böhran bu sahəyə daha ciddi diqqət yetirilməsinin vacibliyini önə çıxarır. Xüsusilə taxıl istehsalı çox önəmlidir və idxaldan asılılığın azaldılması zəruridir.
Artıq Azərbacanda əkin mövsümü başa çatır. Real vəziyyət nədən ibarətdir?
“Xalq Cəbhəsi” mövzunu mütəxəssislərlə araşdırıb.

“Yeni məhsul dalğası”

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Xalq Cəbhəsi”nə açıqlaması zamanı deyib ki, Azərbaycanda hər il təxminən 1 milyon hektara yaxın sahədə dənli və paxlalı bitkilər əkilir.
Onun sözlərinə görə, bu il dövlətə 3 milyon tondan artıq taxıl təhvil verilib: “Bu, əvvəlki illərlə müqayisədə daha yüksək göstəricidir. Məhsuldarlıq orta hesabla 21–31,2 sentner olub. Hazırda payız səpini üçün torpaqlar hazırlanır və yaxın günlərdə səpin işlərinə başlanılacaq. Yenə də ötən ilki miqdarda səpin gözlənilir”.
T.Rzayevin fikrincə, Azərbaycan ərzaqlıq buğda ehtiyacının 60–65 faizini özü təmin edir: “Biz hazırda təxminən 1 milyon ton, bəzən bir qədər artıq taxılı idxal edirik. Ancaq məhsuldarlığı artırmaqla gələcəkdə daxili bazarımızı tam təmin edə, xaricdən taxıl idxalına ehtiyacı aradan qaldıra bilərik. Bunun üçün əsas vəzifə — taxılçılıqda müasir texnologiyaların tətbiqidir. Suvarma sistemlərində yeni üsulların istifadəsi, keyfiyyətli toxum sortlarının əldə olunması vacibdir. Əgər bu tədbirlər səmərəli həyata keçirilərsə, Azərbaycanda məhsuldarlığı 40–45 sentnerə çatdırmaq mümkündür. Məhsuldarlığın artımı həm insan əməyindən, həm də hava şəraitindən birbaşa asılıdır. Havaların əlverişsiz keçməsi bəzən istehsala təsir göstərsə də, ölkəmizdə ildən-ilə bu sahədə yeni təcrübələr öyrənilir, məhsuldar toxum sortlarının həm yetişdirilməsinə, həm də idxalına xüsusi diqqət artırılıb. Çörək ən qiymətli qida məhsuludur, ona görə də taxılçılığın inkişafına hər zaman dövlət səviyyəsində diqqət yetirilməlidir.”

“Yeni mövsüm, yeni rekordlar”

Milli məclisin Aqrar siyasət komitəsinin üzvü millət vəkili Aydın Hüseynov bildirib ki, Azərbaycanın kənd təsərrüfatı sektorunda müşahidə olunan yüksəliş bu il əkin mövsümünün əvvəlkilərdən daha dinamik başlamasında özünü göstərir: “Ölkənin müxtəlif bölgələrində aparılan genişmiqyaslı səpin prosesi həm əlverişli hava şəraitinin, həm də dövlət dəstəyinin gücləndirilməsinin məntiqi nəticəsidir. Artıq təxminən 1 milyon hektara yaxın sahədə taxıl əkini həyata keçirilib və proses sürətlə davam edir. Bu rəqəmlər təsadüfi deyil və aparılan islahatların real nəticəsidir. Son illərdə kənd təsərrüfatında struktur dəyişiklikləri, texnika və texnologiyaların yenilənməsi, yerli toxum sortlarına marağın artması sektorda ciddi dönüş yaradıb. Bu gün taxıl sahələrinin təxminən 60 faizində yerli sortların əkilməsi məhsuldarlığın yüksəlməsi və idxaldan asılılığın azalması baxımından mühüm addımdır. Bu, Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyasının vacib hissəsidir. İnnovativ suvarma sistemlərinin və müasir torpaq emalı texnikasının tətbiqi məhsuldarlığa birbaşa təsir göstərir. Bu sahələrdə 1 hektara 58 sentnerə qədər məhsul götürülməsi ölkədə yeni texnoloji dövrün başlandığını nümayiş etdirir”.
Aydın Hüseynov aqroparkların rolunu xüsusilə vurğulayıb: “Hazırda ölkədə fəaliyyət göstərən 51 aqroparkın əksəriyyəti taxılçılıqla məşğuldur və buradakı məhsuldarlıq orta göstəricilərdən xeyli yüksəkdir. Aqroparklar innovasiyanın tətbiqi və keyfiyyətli məhsul istehsalı baxımından strateji əhəmiyyət daşıyır. Rəsmi hesablamalar 2026-cı ildə ölkənin buğda istehsalının 2,1 milyon tonun üzərinə qalxacağını göstərir. FAO-nun hesabatı müəyyən idxal ehtiyacının hələlik mövcud olduğunu göstərsə də, bu gün müşahidə edilən artım templəri gələcəkdə asılılığın əhəmiyyətli dərəcədə azalacağını deməyə əsas verir”.
Millət vəkili əlavə edib ki, bütün bu proseslər Azərbaycanın ərzaq təhlükəsizliyinə hesablanan uzunmüddətli strategiyasının tərkib hissəsidir: “Əkin sahələrinin genişləndirilməsi, suvarma infrastrukturunun yenilənməsi, toxumçuluğun gücləndirilməsi və fermerlərin maarifləndirilməsi gələcək üçün möhkəm baza formalaşdırır. Yeni əkin mövsümü bir daha göstərir: Azərbaycan kənd təsərrüfatında dayanıqlı inkişaf xəttini seçib və bu xətt həm rəqəmlərdə, həm sahələrdə, həm də məhsuldarlıqda öz real nəticələrini ortaya qoyur”.

“Məhsuldarlıq artır — yeni hədəflər qarşıda”

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov əlavə edib ki, Prezident İlham Əliyevin 2018-ci ildən həyata keçirdiyi genişmiqyaslı islahatlar paketi ölkənin bütün sahələrinə, o cümlədən aqrar sektora ciddi təsir göstərib. Bu istiqamətdə görülən tədbirlər nəticəsində kənd təsərrüfatında məhsuldarlıq yüksəlib, əkinçilikdə isə müsbət dinamika müşahidə olunur: “Həyata keçirilən dövlət siyasəti nəticəsində aqrar sahədə davamlı artım müşahidə olunur və bu, islahatların uğurlu nəticəsidir. Əgər 2025-ci ilin göstəricilərinə nəzər salsaq, aydın görünür ki, ölkəmizdə əkinçilik sahəsində müsbət meyillər var. Bu ilin yanvar–may aylarında aqrar məhsulların istehsalı 3 milyard 706 milyon manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,5 faiz artım deməkdir. Xüsusilə yazlıq bitkilər və dənli-paxlalı bitkilərin əkin sahəsi ötən illə müqayisədə 1 faizə yaxın artıb. Dövlət tərəfindən bu sahəyə ayrılan subsidiyalar, suvarma sistemləri və texniki dəstək mexanizmləri kənd təsərrüfatında sabit artımı təmin edir. Bu istiqamətdə İsmayıllı rayonunda əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılması ilə bağlı imzalanan xüsusi sərəncam da mühüm addımlardandır. O bildirib ki, hazırda innovativ və texnoloji avadanlıqlar vasitəsilə suvarma işlərinin səmərəliliyi artırılır və bu, məhsuldarlığa birbaşa müsbət təsir göstərir”.
Bununla yanaşı, Anar İsgəndərov bitkiçilik sahəsində bəzi problemlərin də qaldığını diqqətə çatdırıb: “Xüsusilə kartof və tərəvəz əkin sahələrində azalma müşahidə olunur. Bu da ərzaq təhlükəsizliyi baxımından diqqət tələb edən məsələdir. Dövlət bu istiqamətdə xüsusi təşviq proqramları həyata keçirir. Əsas məsələ fermerlərin bu imkanlardan düzgün yararlanması və maarifləndirmənin gücləndirilməsidir. Ölkədə aqrar sektorla yanaşı, turizm də iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Bu iki sahə – aqrar sektor və turizm – Azərbaycanın dayanıqlı inkişaf modelində mühüm yer tutur. Dövlətin məqsədyönlü proqramları nəticəsində kənd təsərrüfatında böyük irəliləyişlər var, lakin qarşıya qoyulan məqsədlərə tam nail olmaq üçün torpaqdan səmərəli istifadə, innovativ üsulların tətbiqi və suvarma sistemlərinin yenilənməsi istiqamətində işlər davam etməlidir”.

Gunel Elxan