12:04
623
“Aprel döyüşləri Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış şanlı səhifələrdən birini təşkil edir. Unutmayaq ki, 44 günlük Vətən müharibəsinin təməl daşlarından biri məhz 2016-cı ilin aprelində baş verən dörd günlük döyüşlər zamanı atıldı. Həmin günlərdə Azərbaycan Ordusu mühüm uğurlar qazandı, Lələtəpə kimi strateji yüksəklikləri və bir sıra əraziləri azad edərək həm hərbi, həm də psixoloji üstünlüyü təmin etdi. Bu qələbə xalqımıza böyük inam verdi, işğal altındakı torpaqların geri qaytarılmasının mümkünlüyünü bir daha sübut etdi”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında AĞ Partiya başqanının müavini, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.
C.Abbaslı qeyd edib ki, dörd il sonra başlanan 44 günlük Vətən müharibəsi ilə Azərbaycan Qarabağı böyük ölçüdə azad etdi: “2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində isə Xankəndi üzərində tam nəzarət bərpa olundu və ölkəmizin suverenliyi tam şəkildə təmin edildi. Bütün bu uğurların başlanğıc nöqtəsi kimi Aprel döyüşlərini xüsusi vurğulamaq lazımdır. Məhz həmin dörd gün ərzində uzun illər formalaşdırılan “məğlubiyyət sindromu” qırıldı və Azərbaycan xalqında qələbəyə inam möhkəmləndi”.
O əlavə edib ki, bu baxımdan Aprel döyüşləri təkcə bir hərbi əməliyyat deyil, həm də milli ruhun dirçəlişi, qələbəyə aparan yolun başlanğıcı kimi tariximizdə əbədi yerini alıb: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Vətən müharibəsində, eləcə də 2023-cü ilin antiterror əməliyyatında, eləcə də, torpaq uğrunda canından keçən qəhrəmanlarımızın hər biri eyni müqəddəs amal – Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalıb və daim xalqımızın qəlbində yaşayacaq”.
Röya İsrafilova