“Bu anlaşma regional ölkələr arasında əməkdaşlığı gücləndirəcək” Gündəm

“Bu anlaşma regional ölkələr arasında əməkdaşlığı gücləndirəcək”

Noyabrın 25-26-da Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya dəmir yolu operatorları arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Memorandumun əhəmiyyəti haqqında xalqcebhesi.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov söyləyib ki, Azərbaycan Şimal-Cənab Nəqliyyat Dəhlizinin genişlənməsinə dəstək olan ölkələrdəndir və biz hər iki ölkə, ümumiyyətlə isə region ölkələri ilə bu istiqamətdə müzakirələrin aparılmasını müşahidə edirik: “Çünki nəticə etibarilə bu, həm də region üzərindən daşınan yüklərin həcminə təsir göstərir. Son anlaşma memorandumu birmənalı şəkildə Şimal-Cənab Nəqliyyat Dəhlizinin genişlənməsinə dəstək olmaqla yanaşı, həm də region üzərindən daşınan yüklərin həcminə təsir göstərəcək. Gözlənti ondan ibarətdir ki, biz region üzərindən daha çox yüklərin daşınmasını müşahidə edəcəyik. Bu da təbii ki, region ölkələrinin beynəlxalq yükdaşımalardan gəlirlərinin artması baxımından vacibdir. Çünki bu, nəticə etibarilə həmin region ölkələri üçün xüsusən də valyuta daxilolmalarının həcminin artmasına imkan yaradacaq”.

Deputat bildirib ki, bu, eyni zamanda, Azərbaycanda Orta Dəhlizin genişləndirilməsi ilə bağlı kifayət qədər ciddi fəaliyyət həyata keçirir: “Bildiyiniz kimi, dəmir yolu daşımaları daha cəlbedici və azxərcli daşımalar hesab olunur. Ona görə də dəmir yolu sahəsində əməkdaşlıq məhz ölkələr üzərindən daşınan yüklərin həcminə təsir göstərir. Eləcə də təbii ki, bu, yalnız dəmir yolu sisteminin deyil, bütövlükdə, ölkələrin gəlirlərinin artmasına xidmət etmiş olur. O baxımdan biz birmənalı şəkildə sözügedən anlaşmadan sonra dəmir yolu sahəsində regional ölkələr arasında əməkdaşlığın güclənməsini və ölkələrin bu istiqamətdə gəlirlərinin artmasını müşahidə edəcəyik”.

Röya İsrafilova