“Paşinyanın islahatları kilsəni ən kritik mərhələyə çıxardı” Gündəm

“Paşinyanın islahatları kilsəni ən kritik mərhələyə çıxardı”

“Son günlər Nikol Paşinyanın açıqlamaları və eyni zamanda bir qrup arxiyepiskop və yepiskopun Katolikos II Qareginin istefası tələbi ilə bağlı yaydığı bəyanat Erməni Apostol Kilsəsində uzun illərdir görünməyən ciddi sarsıntıların yaşandığını göstərir. Paşinyan hökumətinin təqdim etdiyi “kilsənin bərpası üçün yol xəritəsi” adlı plan bu gərginliyi daha da artırıb”.

Bu fikirlərii Xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.

Politoloq qeyd edib ki, Paşinyanın planında II Qareginin istefası, müvəqqəti başçının seçilməsi, kilsə xadimlərinin davranış kodeksi, maliyyə şəffaflığı və kilsənin siyasi təsirlərdən uzaqlaşdırılması kimi müddəalar var:

“Bu plan əslində kilsəni tam şəkildə hökumətin nəzarətinə keçirmək niyyətini göstərir. Bu çərçivədə Qərb yeparxiyasının rəhbəri Hovnan Terteryan və Kilikiyanın Katolikosu I Aram hakimiyyətin ‘uyğun namizədləri’ kimi önə çıxır. Onların siyasi mühitə daha uyğun olması, Paşinyan administrasiyasının maraqlarına xidmət etmə potensialı onları real favoritlərə çevirir. Terteryanın ABŞ-dakı diaspora ilə əlaqələri, bəyanatlara imza atması və Paşinyanla ideoloji uyğunluğu onu daha aktiv fiqura çevirir. I Aram isə ənənələrə sadiqliyi və alternativ mərkəz kimi sabitlik gətirə biləcək sima olması ilə fərqlənir. Lakin real vəziyyətdə II Qaregin istefaya getmək niyyətində deyil. Kilsənin Şirak və Quqark bölgələrindən olan nümayəndələri, bir çox din xadimləri ona açıq dəstək verir. Kilsənin daxili kanonları və strukturu da bu cür kəskin dəyişikliklərin dərhal həyata keçirilməsinə ciddi maneə yaradır.”

Politoloq hesab edir ki, Paşinyanın təzyiqləri müəyyən nəticə versə belə, proses asan olmayacaq:

“Əgər hansısa məqamda II Qaregin istefaya məcbur edilərsə və onun yerinə Terteryan və ya I Aram seçilərsə, bu, erməni kilsəsinin dövlətə daha yaxınlaşmasına, diasporla əlaqələrin yenilənməsinə və hökumətin kilsə üzərində təsir imkanlarının artmasına səbəb ola bilər. Paşinyanın planlaşdırdığı islahatlar və hazırkı böhran Erməni Apostol Kilsəsinin tarixində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər”.

Günel Elxan