“Ermənistan gec-tez strateji seçim etməli olacaq” Gündəm

“Ermənistan gec-tez strateji seçim etməli olacaq”

”Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə atdığı addımlar, siyasi davranışları və ortaya qoyduğu vizyon ölkə tarixində əsaslı dəyişikliklərlə müşayiət olunur”.

Bunu deputat Azər Badamov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Ermənistan müstəqillik qazandığı dövrdən bu günə qədər heç bir siyasi lider Paşinyan qədər geniş manevr imkanlarına malik olmayıb:

“İllər boyu Rusiyaya meyilli hakimiyyətlər fonunda, paralel şəkildə diasporun təsiri ilə Qərblə əlaqələr saxlanılıb və Ermənistan faktiki olaraq iki stulda oturub. Paşinyan isə konkret seçim etmək əvəzinə, bu siyasəti daha mürəkkəb manevrlərlə əvəz edib.
Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə Ermənistanın bütün siyasi kurslarına, xarici əlaqələrinə və regional mövqeyinə fundamental təsir göstərib.
Bu gün Ermənistanın siyasəti ilk növbədə iqtisadi resurs təhlükəsizliyinin qorunmasına, dövlət legitimliyinin saxlanılmasına və Paşinyanın hakimiyyətdə qalmasına hesablanıb.Hazırda Ermənistan faktiki olaraq idxaldan tam asılı vəziyyətdədir və əsas tədarük Rusiya üzərindən həyata keçirilir.
Rusiya baş nazirinin müavini Aleksey Overçukun açıqlamaları göstərir ki, iki ölkə arasında ticarət dövriyyəsi ciddi şəkildə azalıb. Keçən il 12,4 milyard dollar olan göstəricinin bu il təxminən 6 milyard dollara enməsi Rusiya biznesinin də Ermənistanla münasibətlərdə ehtiyatlı davranmağa başladığını göstərir.

Azər Badamov bildirib ki, Paşinyan iqtisadi və siyasi manevr imkanlarını genişləndirməyə çalışsa da, Ermənistan gec-tez Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olacaq.Paşinyan həm Aİ ilə yaxınlaşmanı davam etdirir, həm də Moskvada Aİİ-nin rolunu önə çəkən bəyanatlar verir. Bu isə açıq şəkildə seçimi təxirə salmaq cəhdidir. Qarşıdan gələn seçkilər Paşinyanı daha ehtiyatlı siyasət yürütməyə vadar edir.Hazırda onun əsas məqsədi heç bir tərəflə münasibətləri kəskinləşdirmədən seçkilərdə qalib gəlməkdir. Lakin bu seçim təkcə Ermənistan və Paşinyanla bağlı deyil, regional və qlobal proseslərin tərkib hissəsidir.Ermənistanın Aİ-yə inteqrasiya istəyi tədarük təhlükəsizliyini şaxələndirmək və siyasi manevr imkanlarını artırmaq məqsədi daşıyır.Aİ-nin regiona daxil olmaq imkanları Ermənistan üzərindən formalaşdırılır. Almaniya kansleri Fridrix Mertsin Paşinyanla görüşdə bunu ‘tarixi fürsət’ adlandırması da təsadüfi deyil”.

Deputat sonda bildirib ki, Ermənistanın verəcəyi hər bir qərar təkcə bu ölkəyə deyil, bütövlükdə regiona təsir edəcək:“Azərbaycan öz strateji istiqamətini türk dünyası olaraq açıq şəkildə müəyyən edib. Ermənistan isə hələ də fundamental seçim qarşısındadır və bu qeyri-müəyyənlik onu daha riskli siyasətə sürükləyir”.

Günel Elxan