11:39
784
“Rusiya Prezidenti Vladimir Putinin birbaşa xətlə müxtəlif vətəndaşların suallarını cavablandırması bu gün ciddi müzakirə olunur. Daxili siyasətdən tutmuş xarici siyasətə qədər çox önəmli məsələlər qaldırıldı və Rusiya liderinə ünvanlandı. Burada diqqətçəkən məsələ Rusiyanın Avropa və ABŞ ilə əlaqələrinə yönəlmişdi. Putin bildirdi ki, qarşılıqlı hörmət prinsipi əsasında aldatma siyasəti olmadan əlaqələr önəmlidir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
İ.Hüseynov deyib ki, Putin artıq neçənci dəfədir ki, Qərb KİV-lərinə müsahibələrində mesaj ötürür və bildirməyə çalışır ki, bərabərhüquqlu əməkdaşlıq və təhlükəsizlik təminatı önəmlidir, əgər belə olarsa tərəfdaşlığa hazırdırlar: “Bu ritorika xüsusilə Trampın hakimiyyətə gəlməsindən sonra genişlənib. Hətta Putin bir neçə saat çəkən müsahibəsində və açıqlamalarında bir dəfə Trampın addımlarına da haqq qazandırıb. Xüsusilə media ilə olan münasibətlərində Trampa xüsusi jest ifadə edib. Bu da onu deməyə əsas verir ki, Qərbə xüsusi taktiki siyasi gedişlər edir, mesajlar ötürür, hazırkı ABŞ-nin isteblişmentini önə çəkir və digər ABŞ hakimiyyətindən fərqli olaraq burada əməkdaşlıq üçün mümkünlük dərəcəsi ifadə olunur. Aydındır ki, məhz bu cür mesajlar yeni ABŞ administrasiyasının xoşuna gəlir və elə Ukrayna məsələsinin nizamlanması da daxil olmaqla Kreml-Vaşinqton əməkdaşlığı üçün bu cür ritorika əlverişlidir. Putin çalışır ki, bu cür mesajlar verərək həm də Trampın diqqətini cəlb edə bilsin”.
Röya İsrafilova