“Kənddən şəhərə” yarmarkaları məqsədinə çatırmı? Gündəm

“Kənddən şəhərə” yarmarkaları məqsədinə çatırmı?

“Kənddən şəhərə” yarmarkaları fermerlərin məhsullarını birbaşa şəhər bazarına çıxarıb satması və şəhər əhalisinin ucuz, təzə ərzağa çıxışını təmin etmək məqsədilə tətbiq olunur. Kağız üzərində bu təşəbbüs həm fermerlərin qazancını artırmalı, həm də istehlakçılara daha sərfəli qiymətlər təqdim etməlidir. Lakin praktika göstərir ki, yarmarkalarda fermerlərin iştirakı real şəkildə təmin edilmir. Əksər hallarda məhsulu bazarlardan tanınan alverçilər gətirir və qiymətlər adi bazar səviyyəsindən fərqlənmir.

Bu vəziyyət layihələrin əsas ideyasını puça çıxarır, həm fermerlərin gəlirlərinə mənfi təsir göstərir, həm də istehlakçının cibinə əlavə yük yaradır. Fermer məhsulunu özü gətirib satmadığı üçün vasitəçilərə asılı qalır, nəticədə həm satış qiymətləri ucuzlaşmır, həm də istehlakçılar gözlədikləri sərfəli qiymətlərlə məhsul əldə edə bilmirlər. Beləliklə, “Kənddən şəhərə” yarmarkaları kağız üzərində cəlbedici görünməsinə baxmayaraq, praktikada daha çox formal xarakter daşıyan vitrin tədbirinə çevrilir.

Yarmarkalar formal xarakter daşıyır

Məsələ ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, yarmarkalarda birbaşa fermerlərin iştirakına real şərait yaradılmaması bu təşəbbüslərin əsas ideyasını tamamilə puça çıxarır.

Onun sözlərinə görə, kağız üzərində “Kənddən şəhərə” yarmarkaları fermerlərin məhsulunu vasitəçisiz satması, şəhər əhalisinin isə daha ucuz və təzə ərzağa çıxış əldə etməsi üçün nəzərdə tutulur: “Amma praktikada bu yarmarkalarda fermerləri deyil, bazarlardan tanınan alverçiləri görürük. Qiymətlər də adi bazar qiymətlərindən ciddi şəkildə fərqlənmir. Bu isə yarmarkaların formal xarakter daşıdığını göstərir. Kənddən şəhərə adı cəlbedici səslənsə də, faktiki olaraq bu ad sadəcə simvolik etiketa çevrilib.Fermer məhsulunu özü gətirib satmaq əvəzinə yenə də vasitəçilərdən asılı vəziyyətdə qalır. Onun şəhər bazarına birbaşa çıxışı təmin edilmir.

İqtisadçı ekspertin sözlərinə görə, bu vəziyyət həm fermerin qazancına, həm də istehlakçının cibinə mənfi təsir göstərir: “Vasitəçilərin çoxluğu qiymət zəncirini uzadır. Nəticədə istehlakçı ucuzluq gözlədiyi yerdə bahalaşma ilə üzləşir, fermer isə məhsulunu layiqli qiymətə sata bilmir. Fermerlər üçün nəzərdə tutulduğu iddia edilən bu layihələrə ayrılan vəsaitlərin necə xərcləndiyi ilə bağlı da ciddi suallar var.Kəndlinin real iştirakı təmin olunmur, prosesin mərkəzində yenə də alverçilər dayanır. Bu isə yarmarkaları əhalinin rifahına xidmət edən mexanizm deyil, sadəcə görüntü naminə təşkil olunan vitrin tədbirinə çevirir”.

“Fermerin işi istehsaldır, satış yox”

İqtisadçı ekspert Xalid Kərimli isə deyib ki, istər 8-ci kilometr bazarı olsun, istərsə də digər kolxoz bazarları – bazarlarda ticarət yerləri təsadüfi şəkildə dəyişmir. Alverçi gəlib öz yerini tutur və satdığı məhsul bitəndə həmin yeri başqa birinə verməyə məcbur deyil. Fermer gəlib “yerindən çıx, mən satım” deyə bilməz. Bu reallığı nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi fermerlər üçün ayrıca yarmarkalar təşkil edib.

O qeyd edib ki, fermer üçün ildə cəmi bir həftəlik bazar yeri götürmək səmərəli deyil: “Fermer ya il boyu bazarda yer tutmalıdır – bu isə onun üçün sərfəli deyil – ya da öz əsas işi olan əkin-biçinə fokuslanmalıdır. Heç kim fermeri sıxışdırmır, sadəcə fermer təsərrüfatını düzgün planlaşdırmalıdır.

Əmək bölgüsü prosesi tarixən formalaşıb və kənd təsərrüfatında bu dəyişməz prinsipdir. Əkən ayrıdır, biçən ayrıdır, satan ayrıdır, daşıyan ayrıdır. Bu model bütün dünyada mövcuddur. Kənd təsərrüfatında da eyni mexanizm işləyir”.

Xalid Kərimli vurğulayıb ki, nazirliyin təşkil etdiyi yarmarkalar bu problemi qismən həll etməyə çalışsa da, bu format hər zaman fermer üçün yüksək səmərə vermir...".

Günel Elxan