Tramp dönəmində Latın Amerikası – yeni geosiyasi realıqlar
7 Yanvar 23:52

“İranla İsrail arasında düşmənçilik illərdir davam etsə də, Tehranın İsrailə birinci olaraq hücum etməsi barədə səsləndirilən iddialar həqiqətə uyğun deyil”.
Bu fikirləri politoloq Əli Orucov “Xalqcəbhəsi.az”-a açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, rəsmi Tehran İsraili müstəqil və suveren dövlət kimi tanımır və İran hakimiyyətində olan mühafizəkar ideoloji baxışlarda İsrail “şeytan” və “islamın düşməni” kimi xarakterizə olunur:
“İran uzun müddət regionda öz ətrafında müdafiə oxu formalaşdırmışdı və proksi qüvvələr vasitəsilə İsrail üçün təhlükə yaradırdı. Lakin 2023-cü ildən etibarən vəziyyət ciddi şəkildə dəyişib. İranın təsirində olan qüvvələr və rejimlər ya zəiflədilib, ya da tamamilə süquta uğrayıb. Ötən ilin yayında baş verən 12 günlük müharibə İranın həm regional nüfuzuna, həm də hərbi-siyasi potensialına ağır zərbələr vurub.Bu müharibə zamanı İranın hərbi-sənaye kompleksi demək olar ki, dağıdılıb. Buna baxmayaraq, Tehran indiyədək İsrailə birinci olaraq hücum etməyib, yalnız Təl-Əvivin təhrikedici addımlarına epizodik və daha çox simvolik xarakterli cavablar verib. Hazırda İran rejimi ciddi daxili böhranla üz-üzədir.Artıq iki həftəyə yaxındır ki, ölkədə etirazlar davam edir və bu aksiyalar getdikcə geniş vüsət alır. Ən əsası isə etirazlar ilkin sosial mahiyyətindən çıxaraq siyasiləşməkdədir. Digər tərəfdən, bərpa olunan beynəlxalq sanksiyalar İran iqtisadiyyatını sürətlə çöküşə aparır. 12 günlük müharibədən sonra İranın hərbi imkanları xeyli zəifləyib və İsraillə İran arasında birbaşa sərhədin olmaması da Təl-Əviv üçün əlavə təhlükəsizlik faktoru yaradır.
İki ölkə arasında bufer zonanın mövcudluğu İsraili qoruyucu zolaqla təmin edir. Ona görə də İranın guya İsrailə hücum edəcəyi ilə bağlı səsləndirilən iddialar əsassızdır. Bu tip bəyanatlar daha çox İsrailin militarist siyasət yürüdən baş naziri Benyamin Netanyahunun təbliğatının tərkib hissəsidir.Bu, Netanyahunun blefidir və cəmiyyətə hesablanmış siyasi manevrdir. Əslində isə təhlükə İran üçün daha realdır. İran hazırda İsrail–ABŞ tandemi tərəfindən ciddi risk altındadır və birgə hava hücumu ssenarisi hələ də masadadır”.
Politoloq əlavə edib ki, Rusiya müttəfiq hesab edilən İranı real şəkildə müdafiə etmək gücündə və ya niyyətində deyil:
“Təcrübə göstərdi ki, Moskva Tehranı açıq qarşıdurmada qorumağa hazır deyil.
Netanyahunun İranın hücum təhlükəsi ilə bağlı səsləndirdiyi fikirlər həm daxili, həm də xarici auditoriyaya hesablanıb.2023-cü ildən sonra İsrailin apardığı müharibələr və törətdiyi kütləvi qırğınlar Netanyahunun həm daxildə, həm də beynəlxalq aləmdə mövqeyini ciddi şəkildə zədələyib. Bu baxımdan, İran təhlükəsi ilə bağlı açıqlamalar gələcək addımlar üçün bəhanə və zəmin formalaşdırmaq məqsədi daşıyır”.
Günel Elxan