“İki ölkə münasibətlərinin müqavilə-hüquq bazası yaradılıb” Gündəm

“İki ölkə münasibətlərinin müqavilə-hüquq bazası yaradılıb”

“Cənab Prezidentimiz İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabidə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü, müzakirə edilən məsələlər və onların iştirakı ilə imzalanan sənədlər ölkələrimizin arasında münasibətlərin dərinləşdiyini göstərir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Musa Qasımlı deyib.

M.Qasımlı diqqətə çatdırıb ki, ilk növbədə, münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri və dostluq münasibətləri özünəməxsus rol oynayır: “Bu səfər dövlətlərarası münasibətlərdə şəxsiyyət amilinin mühüm yer tutduğunu bir daha sübut edir. İkincisi, iki ölkə arasında münasibətlərin müqavilə-hüquq bazası yaradılıb. Strateji tərəfdaşlığa əsaslanan münasibətlərin siyasi, iqtisadi, enerji, o cümlədən bərpaolunan enerji, mədəniyyət, humanitar və digər istiqamətlərdə inkişafı qarşılıqlı fayda verir. BƏƏ bərpaolunan enerji sahəsində ölkəmizdə böyük işlər görür”.

O əlavə edib ki, üçüncüsü, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışına dair alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubunun imzalanması əməkdaşlığın perspektivlərindən xəbər verir, münasibətlərimizin maddi təməllərini möhkəmləndirilir: “Dördüncüsü, Bakı ilə Əbu-Dabi arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulmasına dair məsələlərin müzakirə edilməsi, nəzərdə tutulanların yaxın vaxtlarda gerçəkləşdirilməsi ictimaiyyətin əlaqələrinin və turizmin daha da genişləndirilməsinə imkan verəcəkdir. Nəhayət, Əbu-Dabidə Azərbaycan Respublikası və BƏƏ Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi münasibətlərin müdafiə və təhlükəsizlik sahələrində də dərinləşdirildiyini göstərir”.

Röya İsrafilova