“Azərbaycan İran ətrafında sabitliyin tərəfdarıdır” Gündəm

“Azərbaycan İran ətrafında sabitliyin tərəfdarıdır”

“İran Azərbaycanın cənub qonşusu və ölkəmizin xarici siyasətində əsas istiqamətlərdən biridir. Bu baxımdan Azərbaycan İranda sabitliyin təmin olunmasında və İran–Qərb qarşıdurmasının tezliklə aradan qalxmasında maraqlıdır”.

Bunu deputat Aydın Mirzəzadə Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda İranla ABŞ arasında müəyyən danışıqlar gedir və tərəflər onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparırlar: “Əlbəttə, bir və ya bir neçə danışıqlar raundu ilə bütün problemlərin həll olunacağını gözləmək real deyil. Ancaq münasibətlərin ölü nöqtədən tərpənməsi və dialoqun başlaması müsbət haldır. Tərəflər arasında fərqli mövqelərin olması təbiidir.
Müxtəlif yanaşmalar və rəylər olacaq, hər kəs öz mövqeyində israr edəcək. Diplomatiyanın gücü isə məhz bu mövqeləri bir-birinə yaxınlaşdırmaq bacarığındadır. Ümid edirik ki, aparılan danışıqlar konkret nəticələr verəcək”.

Günel Elxan