20:43
721
“Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlər artıq tamamlanmaq üzrədir”.
Bunu deputat Vüqar Bayramov “Xalqcebhesi.az”-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin cəmi 40 kilometr olması layihənin işlər intensivləşdirildiyi halda daha qısa müddətdə istifadəyə verilməsini mümkün edir: “İllik 15 milyon ton ötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına ciddi töhfə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək bu layihə Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirəcək və region ölkələrinin gəlirlərinin artmasına şərait yaradacaq.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin qiymətləndirmələrinə əsasən, Zəngəzur dəhlizinin 2030-cu ilədək istifadəyə verilməsi nəzərdə tutulur. Bu marşrut vasitəsilə Çindən daşınan yüklərin Londona cəmi 18 günə çatdırılması mümkün olacaq.
10 illik proqnozlara əsasən, dəhliz 50 milyard dollar gəlir gətirəcək, hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə verəcək və qitələrarası ticarət dövriyyəsinin 200 milyard dollar artmasına səbəb olacaq. Yüklərin 10–15 faizinin Zəngəzur dəhlizi üzərindən daşınacağı təqdirdə isə Azərbaycan yaxın illərdə illik təxminən 3 milyard dollar tranzit gəliri əldə edə bilər.
Günel Elxan