“Orta Dəhliz üçün əsas maneə Rusiyadır” Gündəm

“Orta Dəhliz üçün əsas maneə Rusiyadır”

“Azərbaycan Cənubi Qafqazda kommunikasiyaların tam və davamlı şəkildə işlək olmasında maraqlıdır”.

Bu fikirləri politoloq Əli Mustafa xalqcebhesi.aza açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, xüsusilə Ermənistan dəmir yollarının fəaliyyətə başlaması Azərbaycan ilə Naxçıvan arasında əlaqələrin normallaşmasına, eyni zamanda Türkiyə–Azərbaycan kommunikasiya xəttinin işləməsinə xidmət edər:
“2008-ci ildə Ermənistan dəmir yollarının 2038-ci ilə qədər Rusiya şirkətlərinin idarəçiliyinə verilməsi bu sahədə əsas maneələrdən biridir. Hazırkı Ermənistan–Rusiya münasibətlərindəki gərginlik fonunda Moskva nə Zəngəzur dəhlizinin açılmasında, nə də Ermənistan–Azərbaycan iqtisadi əlaqələrinin bərpasında maraqlıdır.
Dəmir yollarının Rusiyanın nəzarətindən çıxarılaraq Qərb şirkətlərinə verilməsi Azərbaycanın maraqlarına daha uyğundur. Çünki Qərb şirkətləri infrastrukturun müasir standartlara uyğun bərpasına və şəffaf idarəçiliyə üstünlük verirlər. Bu isə Ermənistan üzərindən keçən Orta Dəhlizin – Orta Dəhliz – Çindən Avropaya uzanan logistika xəttinin normal fəaliyyətinə imkan yarada bilər.
Rusiya uzun müddətdir bu kommunikasiya xətlərini Azərbaycan üçün təzyiq aləti kimi istifadə edir və gələcəkdə də bundan yararlanmağa cəhd göstərə bilər. Bu baxımdan Rusiyanın regiondakı təsirinin azalması Azərbaycanın strateji maraqlarına tam uyğundur. Əsas məqsəd Ermənistanla aramızda heç bir problemin qalmaması və regional nəqliyyat xətlərinin maneəsiz işləməsidir”.

Günel Elxan