ABŞ-İran müharibəsi: münaqişə nə qədər davam edəcək?
4 Mart 23:52

Yaxın Şərqdə gərginlik, münaqişə digər istiqamətlərə də öz təsirini göstərir. ABŞ-İran arasında müharibə davam etdikcə onun mənfi nəticələrini görməkdəyik. Belə ki, məlumata görə, Hörmüz boğazı bağlanıb və Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətinin neft təsisatına hücum edilib. Davam edən müharibə neftin qiymətlərinə təsir edib, neftin qiyməti kəskin artıb. Neftin qiyməti hansı səviyyəyə qədər yüksələcək?
“Xalq Cəbhəsi” sual ətrafında eskpertlərin fikirlərini öyrənib.
Politoloq Aytən Qurbanova söyləyib ki, Hörmüz boğazının bağlanması və “Saudi Aramco”nun enerji infrastrukturuna qarşı hücum regional hadisə olmaqdan daha çox, qlobal güc balansına yönəlmiş siyasi mesaj kimi qiymətləndirilməlidir: “Bu marşrut dünya enerji dövriyyəsinin əsas arteriyalarından biridir və ona təhdid faktiki olaraq beynəlxalq sistemə təzyiq aləti deməkdir: “Məsələ yalnız neft qiymətlərinin artımı ilə məhdudlaşmır. Enerji marşrutlarının risk altına düşməsi böyük güclər arasında rəqabəti kəskinləşdirir və Körfəz regionunu qlobal strateji qarşıdurmanın mərkəzinə çevirir. Bildiyimiz kimi, enerji infrastrukturu artıq sadəcə iqtisadi obyekt deyil, eləcə də siyasi təsir və çəkindirmə mexanizminin tərkib hissəsidir”.
Diplomatik mexanizmlər işləməzsə...
Onun bildirdiyinə görə, qiymətlərin 120–150 ABŞ dollarına qədər yüksəlməsi ehtimalı enerji ixrac edən dövlətlərin siyasi imkanlarını genişləndirə, idxalçı ölkələrin isə manevr sahəsini daralda bilər: “Bu isə enerji faktorunun geosiyasi alət kimi rolunu daha da gücləndirir. Nəticə etibarilə, böhranın nəzarət altında saxlanılmasıdır. Əgər diplomatik mexanizmlər işləməzsə və qarşıdurma genişlənərsə, enerji təhlükəsizliyi qlobal sistemdə yeni və daha dərin geosiyasi parçalanmanın katalizatoruna çevrilə bilər”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, Hörmüz boğazında gərginlik və Səudiyyə Ərəbistanında “Saudi Aramco”nun neft obyektlərinə hücum xəbərləri bazarda ciddi risk yaradır və bu, neftin qiymətinə dərhal təsir edir: “Belə vəziyyətlərdə bazar real itkidən çox risk ehtimalına reaksiya verir və qiymətə əlavə “risk primi” daxil olur”. Əgər Hörmüz boğazı faktiki olaraq bağlı qalarsa və ixrac dayansa, Brent markalı neftin qiyməti qısa müddətdə 90–100 dollar, hətta daha yuxarı səviyyəyə qalxa bilər. Gərginlik genişlənərsə və uzun müddət davam edərsə, qiymətlər 110–120 dollar səviyyəsinə qədər yüksələ bilər”.
“Yüksək qiymətlər aylarla davam edə bilər”
A.Nəsirlinin sözlərinə görə, qiymətlərin nə qədər müddət yüksək qalacağı isə tam şəkildə siyasi və hərbi vəziyyətin inkişafından asılıdır: “Əgər problem bir neçə həftə ərzində həll olunsa, qiymətlər tədricən aşağı düşə bilər. Amma blokada və ya hərbi qarşıdurma uzun çəkərsə, yüksək qiymətlər aylarla davam edə bilər. Neft bazarında əsas amil hazırda riskin davam edib-etməməsidir”.
“Burada bir neçə faktor var”
Politoloqı Turab Rzayev bildirib ki, İran müharibəsi davam etdikcə neftin qiymətinin artmasının şahidi olacağıq: “Burada bir neçə faktor var. Bunlardan biri İranın özünün də neft ixrac edən ölkə olmasıdır və İranın müharibə apardığı region da neft ixrac edən regiondur. İstər-istəməz bu bölgədə hərbi əməliyyatların aparılması neftin qiymətinə təsir göstərəcək. Başqa bir məqam, hərbi vasitələrlə neft infrastrukturunun hədəfə alınmasıdır. Məsələn, İranın neftayırma zavodları və yaxud neft nəqliyyatını həyata keçirən portları, infrastrukturu hədəfə alınıb. Eyni zamanda, İran özü də atdığı raketlərlə, dronlarla neft ixrac edən ölkələrin infrastruktrunu hədəfə alıb. Bu da təhlükəsizlik tədbirlərinin güclənməsinə səbəb olur, eləcə də neftin qiymətlərinin artmasına səbəb ola bilər”.
“Qlobal müharibə effekti yarada bilər”
T.Rzayevın sözlərinə görə, başqa bir məsələ yenə də regionda gərginliyin və müharibə riskinin artması, ABŞ, İsrail ilə İran arasında baş verən toqquşmaların geniş müstəviyə yayılmasıdır: “Çünki İran qarışıq Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər və s. bölgələrə zərbələr endirirlər. Bu ölkələr də cavab verməklə hədələyirlər. Yəni bu, bölgədə qlobal müharibə effekti yarada bilər. Bölgənin hər biri neft ixrac edən ölkələrdir”.
Digər bir məsələ, Hörmüz boğazının bağlanması ilə bağlıdır: “Belə ki, İran tərəfi vaxtaşırı o boğazı bağlaya biləcəyini bildirir və dünyada ixrac olunan bütün neftin üçdə birindən çoxu sırf Hörmüz boğazından, Fars körfəzindən keçir. Belə olduğu halda İranın boğazı bağlaması faktiki olaraq dünyada neft qıtlığına və qiymətlərin artmasına səbəb ola bilər. Faktiki olaraq İran hələ ki, Hörmüz boğazını bağlamaq barədə əziyyət çəkir və burada digər ölkələrin - Rusiyanın, Çinin, Avropa İttifaqı ölkələrinin məsələyə müdaxilə etmək ehtimalları var. Bütün bunlar da bölgədə müharibənin genişlənmə riskini artırır və neftin qiymətlərinin kütləvi şəkildə qalxmasına səbəb ola bilər. İran Hörmüz boğazını bağlamaq şəklində, ya da regional ölkələrə müharibənin keçməsinin qarşını almaq və ya ümumiyyətlə münaqişənin dayandırılması olardı ki, bu, neft qiymətlərin qalxmasının qarşını alardı”.
Röya İsrafilova