ABŞ-İran müharibəsi: münaqişə nə qədər davam edəcək?
4 Mart 23:52

Yaxın Şərqdə gərginlik getdikcə daha da çoxalır. İsrail bir yanda İrana, digər yanda isə Livana zərbələr endirir. Belə olan halda gərginliyin artması qaçılmaz görünür. Elə son günlər də İsrailin Livana zərbələri intensivləşib. Hətta ötən günlərdə məlumat yayılıb ki, Livanın cənubundakı 53 icmanın sakinləri İsrail ordusundan orada yerləşən Hizbullah hədəflərinə qarşı hücum barədə xəbərdarlıq alıb.
Bundan əvvəl isə İsrail Hərbi Hava Qüvvələri Livan paytaxtının cənub kənarlarına hava hücumları həyata keçirib. Hava hücumlarında Hizbullahın hərbi qanadının bir neçə üzvünün həlak olduğunu qeyd edilib.
Hizbullah cəbhəsi İsrail üçün hansıl çətibliklər yarada bilər?
“Münaqişə genişlənməkdə və regional xarakter qazanmaqdadır”
Siyasi şərhçi Şəhla Cəlilzadə qeyd edib ki, İsrail və ABŞ-nin İrana hücumuna İranın verdiyi cavab reaksiyası fonunda münaqişə genişlənməkdə və regional xarakter qazanmaqdadır: “Körfəz ölkələri ABŞ-yə hərbi bazalarından istifadəyə icazə verdiklərinə görə münaqişənin tərəfinə çevrilməkdədirlər. Tramp əvvəl İran əməliyyatı üçün 4 həftə müddət qeyd etmişdi, lakin müharibənin genişlənməsi fonunda 1 aydan çox davam edə biləcəyi vurğulanır”.
“Onlarla livanlı həlak olub”
Ş.Cəlilzadənin sözlərinə görə, İran bu müharibədə məğlub edilərsə və hakimiyyət devrilərsə bu, gələcəkdə İsraillə Ərəb dövlətləri arasında İbrahimi sazişlərin əhatə dairəsinin genişlənəcəyini, İranla münasibətlərin tamamilə yeni xarakter alacağını ehtimal etməyə əsas verir: “Lakin İranın məğlubiyyətindən danışmaq hələ ki, tezdir. Belə ki, İran hakimiyyəti ali liderini itirməsinə baxmayaraq bütün regional təsir güclərini - “müqavimət oxunu” İsrail və ABŞ-yə qarşı aktiv işə salıb. Artıq Livan Hizbullahı “qisas” əməliyyatını elan edib və İsrailə zərbələri fonunda ağır cavab atəşlərinə məruz qalır. Onlarla livanlı həlak olub”.
İrana hücumlar fonunda yeni cəbhə
Siyasi şərhçi həmçinin əlavə edib ki, ümumiyətlə, Livan Fələstin torpağında 1948-ci ildə 2 dövlətin elan olunduğu gündən etibarən İsraillə müharibəyə girmiş, böyük itkilər yaşamış, İranın dəstəyilə ərazilərinin bir qismini geri almağı bacarmış və 2006-cı ildən sonra İsraillə “müharibəsiz müharibə” şəraitində yaşayırdı: “2023-cü ildə Qəzzadakı hadisələrdən bəri buradakı hərbi qruplar İsrailə qarşı aktivləşdi, İrana hücumlar fonunda isə yeni bir cəbhə açıldı. Beləliklə, İranın məğlub olması və ya qalib gəlməsindən, yaxud münaqişə tərəfləri arasında müəyyən razılaşmanın əldə olunmasından asılı olaraq Yaxın Şərqdə “müqavimət oxu”nun taleyi də müəyyənləşəcək. Bütün bunları nəzərə alaraq İrana qarşı əməliyyatları Yaxın Şərqin geosiyasi olaraq yenidən dizaynının son mərhələsi olaraq adlandırmaq olar”.
Əsas qarşıdurma xətti
Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu söyləyib ki, Livanın cənubunda 53 icmaya əvvəlcədən xəbərdarlıq edilməsi və Beyrutun cənub kənarlarına endirilən zərbələr bölgədə yeni və daha təhlükəli mərhələnin başlanğıcına işarədir: “Burada əsas qarşıdurma xətti İsrail ilə Hizbullah arasında formalaşır, lakin prosesin arxa planında regional güc balansı dayanır. İsrailin taktikasında iki paralel məqsəd müşahidə olunur. Birincisi, Hizbullahın raket və pilotsuz uçuş aparatları infrastrukturunu sıradan çıxarmaqdır”.
Ekspert bildirib ki, ikincisi isə təşkilatın komanda-idarəetmə zəncirini zəiflətməkdir: “Beyrutun cənub kənarları – xüsusilə Dahiya zonası – Hizbullahın siyasi və hərbi mərkəzi hesab olunur. Bu ərazilərə zərbə endirilməsi sırf taktiki yox, həm də simvolik mesajdır: İsrail münaqişəni sərhəd zolağında məhdudlaşdırmaq istəmir, lazım gələrsə paytaxtın periferiyasını da hədəf ala bilər. 53 icmaya əvvəlcədən xəbərdarlıq edilməsi isə iki məqsədə xidmət edir. Bir tərəfdən beynəlxalq hüquqi məsuliyyətin minimallaşdırılması, digər tərəfdən isə psixoloji təzyiq mexanizmi. Bu, həm yerli əhaliyə, həm də Livan hakimiyyətinə mesajdır ki, Hizbullahın mövcudluğu cənub bölgəsini birbaşa hədəfə çevirir”.
Tammiqyaslı quru müharibəsi
V.Zifəroğlu hadisələrin ardının bir neçə istiqamətdə inkişaf edə biləcəyini diqqətə çatdırıb: “Birinci ehtimal, idarə olunan eskalasiyanın davamıdır. Yəni tərəflər qarşılıqlı zərbələri artıracaq, lakin tammiqyaslı quru müharibəsinə keçməyəcəklər. Bu ssenaridə sərhəd boyu raket atışları və hava hücumları davam edəcək, lakin münaqişə müəyyən “qırmızı xətlər” daxilində saxlanılacaq. İkinci ehtimal – məhdud quru əməliyyatıdır. Əgər Hizbullah İsrailin dərinliklərinə daha ağır zərbələr endirərsə, İsrail sərhəd zolağında təhlükəsizlik buferi yaratmaq üçün Livan ərazisinə daxil ola bilər. Bu isə 2006-cı il müharibəsinin yenidən təkrarlanması riskini artırar. Livanın daxili vəziyyəti də mühüm faktordur. Ölkə dərin iqtisadi və siyasi böhran içindədir. Dövlət strukturları zəifdir və beynəlxalq mexanizmlərin təsir imkanları məhduddur. Bu səbəbdən eskalasiyanın qarşısını almaq üçün Livan daxilində effektiv siyasi alət demək olar ki, yoxdur”.
“İsrail Yaxın Şərqdə güc sahibi olmaq istəyir”
Politoloq Şakir Ağayev qeyd edib ki, İsrail çoxdan qarşısına məqsəd qoydu və istədiyi fəaliyyət planını həyata keçirir: “İsrail Yaxın Şərqdə ona rəqib olan, ona qarşı güc mərkəzi olan bütün gücləri sıradan çıxarmaqla məşğuldur. Bu İrana da, Livana da, Hizbullaha da, HƏMAS-a da aiddir. İsrail ABŞ-də Trampın hakimiyyəti dövründən istifadə edərək Yaxın Şərqdə bütün mövqelərini gücləndirib və Yaxın Şərqdə güc sahibi olmaq istəyir. Ona görə də sözsüz ki, İsrail çalışacaq bu məqsədlərdən heç olmasa bir hissəsinə çatsın. Təbii ki, bu, çox çətindir, mürəkkəbdir. Amma məqsəd budur ki, bunlar həyata keçsin. Hadisələrin sonrası müharibənin gedişatından asılı olacaq, İran tərəfindən İsrailə, ABŞ-yə müqavimət nə formada olacaq. Həm də proseslərin gedişatı tərəflərin gücündən və dözümlülüyündən asılı olacaq. Əsas məqsəd budur”.
Röya İsrafilova