ABŞ-İran müharibəsi: Türkiyə nə edəcək? Gündəm

ABŞ-İran müharibəsi: Türkiyə nə edəcək?

ABŞ-İran müharibəsində gərginlik azalmır. İran tərəfindən ikinci dəfə Türkiyəyə ballistik raket atıb. İrandan atılan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. İran isə bildirib ki, Türkiyəyə İran tərəfindəın raket atılmayıb. Prezident Pezeşkian Türkiyəli həmkarı Ərdoğana təklif edib ki, məsələnin araşdırılması üçün ortaq komissiya yaradılsın.

Politoloq Samir Hümbətov qeyd edib ki, bu cür vəziyyətlərdə Türkiyə böyük ehtimalla çox təmkinli davranacaq: “Yəni indiki halda Türkiyənin müharibəyə qoşulmaq məsələsi yəqin ki, mümkün deyil. Əslində, mümkündür, sadəcə olaraq Türkiyə mövcud durumla bağlı qoşulmayacaq. Amma hər halda Türkiyə İran dövlətindən raketi kimin atdığını və burada hansı qrupların əlinin olduğunu araşdırmağı tələb edəcək. Ancaq faktiki olaraq İrana qarşı müharibəyə qoşulmaqda isə Türkiyə çox da tələsməz”.

“Türkiyə müharibəyə qoşulmayacaq”

S.Hümbətovun sözlərinə görə, amma başqa ölkələr Türkiyəni müharibəyə qoşulmağa təhrik edə bilər: “Mən qoşulacağına inanmıram. Çünki burada türk amili var. Yəni İranda əhalinin yarısı türkdür. İranın parçalanması Türkiyənin özünə də sərf etmir. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, Türkiyənin müharibəyə qoşulmaq ehtimalı çox az görünür”.

Siyasi şərhçi Anar Əli qeyd edib ki, Türkiyəyə atılan raket bu dəfə də NATO hava hücumu müdafiə sistemi tərəfindən Qaziantepin Şahinbey rayonu üzərindən atılan önləyici raketlə zərərsizləşdirildi: “Birinci raketdən fərqi bu raketin birbaşa Türkiyə hava məkanında vurulması idi. Bu diqqətsizliyin, bəsirətsizliyin və Türkiyəyə qarşı bu pis niyyətin səbəbi nə ola bilər? İran rəhbərliyi belə bir vəziyyətdə NATO üzvü olan bir ölkəni niyə münaqişəyə cəlb etmək istəsin? Digər tərəfdən, Sepah daxilindəki bu müharibə tərəfdarı qruplar müharibəni Qərb bloku ilə yaxşı münasibətləri olan ölkələrə, əsasən Körfəz dövlətlərinə, eləcə də Türkiyə və Azərbaycana genişləndirməklə bu müharibənin region üçün nə qədər baha başa gəldiyini və dağıdıcı olduğunu nümayiş etdirməyə çalışırlar. Lakin İran üçün son dərəcə riskli xarakter daşıyan bu strateji “qumar”, uzunmüddətli perspektivdə Tehranın region ölkələri ilə münasibətlərini normallaşdırmaq imkanlarını ciddi şəkildə məhdudlaşdıra və müharibədən sonrakı dövrdə İranın regional diplomatik manevr imkanlarını daralda bilər”.

“Ankara İranla münasibətlərində balanslı siyasət yürüdüb”

Onun sözlərinə görə, Türkiyə üçün əsas sual artıq “raket niyə atıldı?” deyil, “bu addımlar hansı strateji hesablamanın nəticəsidir?” sualıdır: “Ankara İranla münasibətlərində mümkün qədər balanslı siyasət yürüdüb. Suriya məsələsi başda olmaqla bir çox sahədə rəqabət olsa da, enerji, ticarət və regional sabitlik kimi mövzularda əməkdaşlıq kanalları açıq saxlanılıb. Lakin Türkiyə hava məkanına doğru iki dəfə ballistik raketin yönəlməsi bu balans siyasətini ciddi şəkildə sınağa çəkir. NATO üzvü olan Türkiyəyə qarşı belə riskli addımların atılması yalnız Ankara ilə Tehran arasında deyil, eyni zamanda NATO ilə İran arasında da təhlükəli gərginlik potensialı yaradır”.

“Bəzi hərbi qrupların daha aqressiv addımlar atması ehtimalı artır”

A.Əli bildirib ki, digər tərəfdən, İran daxilindəki radikal hərbi qrupların hesablaması çox güman ki, fərqlidir: “Onlar düşünə bilər ki, müharibənin coğrafiyasını genişləndirmək və region ölkələrini bu qarşıdurmaya dolayı şəkildə cəlb etmək Qərb üzərində təzyiq yarada bilər. Lakin bu yanaşma strateji baxımdan son dərəcə risklidir. Çünki Türkiyə kimi hərbi və siyasi baxımdan güclü bir aktorun bu gərginliyin mərkəzinə çəkilməsi regionda nəzarətdən çıxan yeni bir təhlükəsizlik böhranına səbəb ola bilər. Bununla yanaşı, İranın daxili siyasi vəziyyəti də bu hadisələrin arxa planını anlamaq üçün vacibdir. Uzun müddətdir iqtisadi sanksiyalar, daxili sosial narazılıq və regional təzyiqlərlə üzləşən İran rəhbərliyi daxilində müxtəlif güc mərkəzlərinin mövcudluğu artıq açıq şəkildə hiss olunur. Mərkəzləşdirilmiş qərarvermə sisteminin zəiflədiyi belə bir şəraitdə bəzi hərbi qrupların daha aqressiv addımlar atması ehtimalı artır. Bu isə region üçün proqnozlaşdırılması çətin olan təhlükəsizlik mühitinin formalaşmasına gətirib çıxarır”.

“Tehran üzərində təzyiq artırılacaq”

Siyasi şərhçi diqqətə çatdırıb ki, Ankara üçün isə prioritet məsələ bu gərginliyin nəzarət altında saxlanılmasıdır: “Türkiyə həm NATO üzvü kimi kollektiv təhlükəsizlik öhdəliklərinə malikdir, həm də region ölkəsi kimi genişmiqyaslı müharibənin bölgəyə yayılmasının qarşısını almaqda maraqlıdır. Bu səbəbdən Türkiyənin reaksiyası iki istiqamətdə formalaşacaq: bir tərəfdən diplomatik kanallar vasitəsilə Tehran üzərində təzyiq artırılacaq, digər tərəfdən isə hava hücumundan müdafiə sistemləri və regional təhlükəsizlik mexanizmləri daha da gücləndiriləcək. Lakin burada İran üçün də mühüm bir strateji seçim ortaya çıxır. Əgər Tehran region ölkələri ilə münasibətlərini gələcəkdə normallaşdırmaq və iqtisadi əməkdaşlıq imkanlarını qorumaq istəyirsə, bu cür təhlükəli eskalasiyaların qarşısını almaq məcburiyyətindədir. Əks halda, bu gün “taktiki risk” kimi görünən addımlar sabah İranın regional təcridini daha da dərinləşdirə bilər”.

Təsadüf?

O həmçinin deyib ki, bu səbəbdən məsələ artıq sadəcə bir raketin haradan atıldığı ilə bağlı texniki müzakirə deyil: “Məsələ İran daxilində hansı qüvvələrin regionu daha böyük bir qarşıdurmaya sürükləməyə çalışdığıdır. Türkiyəyə doğru iki dəfə raket atılması təsadüf kimi qəbul edilə bilməz. Əgər belə hadisələr təkrarlanarsa, bu artıq “qəza” və ya “səhv” kimi izah oluna bilməz – bu, açıq şəkildə bir siyasi və strateji seçim demək olacaq. Tehran isə anlamalıdır ki, regionu qeyri-sabitliyə sürükləmək üzərindən qurulan heç bir strategiya uzunmüddətli qazanc gətirmir. Əksinə, belə addımlar İranı daha böyük təcridə, daha ağır təhlükəsizlik risklərinə və öz sərhədlərinə qədər uzanan yeni gərginliklərə aparır. Region artıq belə riskli “strateji qumar”ların nəticələrini daşıyacaq qədər sabit deyil. Bu səbəbdən İran qarşısında seçim çox aydındır: ya regionda məsuliyyətli aktor kimi davranmaq, ya da özünün yaratdığı gərginliyin ilk və ən ağır nəticələri ilə üzləşmək”.

“Türkiyə bu savaşa qatılmayacaq”

Politoloq Əli Mustafa bildirib ki, İran rəsmi olaraq etiraf etməsə də, amma raketin hər halda İrandan atıldığı və Türkiyə ərazilərinə yönləndirildiyi bəllidir: “Əlbəttə, Türkiyə tərəfi bir daha xəbərdarlıq etdi və bu halların yolverilməz olduğunu bildirdi. Təbii ki, nə baş verdiyini Türkiyə tərəfi çox gözəl bilir. Prezident Ərdoğanın da qeyd etdiyi kimi Ankara bu gün çalışır ki, Türkiyəni bu atəşdən, oddan uzaqda tutsun. Digər tərəfdən, Türkiyə çalışır ki, bu savaş regiona yayılmasın və mümkün olarsa savaş dayansın. Yəni Türkiyənin çalışmaları, çabaları bu istiqamətdədir. Ona görə də düşünürəm ki, Türkiyə bu savaşa qatılmayacaq”.

“İran çalışmalıdır ki...”

Ə.Mustafa qeyd edib ki, təəssüf ki, bu gün İran özünü qoruya bilməyib, odun-alovun içinə girib, bunun sanki qonşularına da yayılmasına cəhdlər edir: “Ola bilsin ki, bu cəhdlərin arxasında da başqa məqamlar var. Bəlkə də onlar NATO qərargahlarını, bazalarını vurmaq, hansısa təsisatları sıradan çıxarmaq stəyirlər. Bir şeyi anlamalıdırlar ki, Türkiyə NATO üzvü olan dövlətdir, onun NATO ilə, ABŞ ilə bağlı müyyən əlaqələri var. Bütün hallarda Türkiyə ərazisindən İrana qarşı hər hansı bir adım atılmır, yəni İranın zərərinə olan heç nə edilmir. Bunu Türkiyə də, Azərbaycan da dəfələrlə rəsmi bəyan ediblər. Məncə İran bunu nəzərə almalıdır və çalışmalıdır ki, dost, qonşu ölkələri özünə düşmən etməsin. Yəni yanında duranları qarşısına almasın”.

Röya İsrafilova