
Əli Zülfüqaroğlu: “Amma proseslər Ukrayna üçün daha təhlükəli xartakter alıb”
Son dövrlərdə beynəlxalq münasibətlər sistemində paralel şəkildə davam edən münaqişələr qlobal gündəmin formalaşmasına ciddi təsir göstərir. Bir tərəfdə Rusiya ilə Ukrayna arasında davam edən genişmiqyaslı müharibə, digər tərəfdə isə ABŞ, İsrail və İran arasında artan hərbi-siyasi gərginlik dünya nizamının gələcəyi ilə bağlı yeni suallar doğurur.
Bu qarşıdurmaların hər biri fərqli coğrafiyada baş versə də, onların təsir dairəsi və nəticələri baxımından müqayisəsi geniş müzakirə olunur.
Maraqlıdır, ABŞ və İsrail arasında baş verən müharibə fonunda Ukraynadakı münaqişənin qlobal əhəmiyyəti azalıbmı, yoxsa Rusiya-Ukrayna müharibəsi hələ də dünyanın ən mühüm qarşıdurması olaraq qalır? Eyni zamanda, Ukrayna müharibəsinin qlobal geosiyasi nəticələr doğuracağı, ABŞ-İsrail-İran qarşıdurmasının isə daha çox regional təsirlərlə məhdudlaşacağı barədə səsləndirilən fikirlər nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, ABŞ-İsrail-İran müharibəsi nəinki Ukrayna münaqişəsinin gedişinə, ümumiyyətlə bütün dünyaya ciddi təsir edəcək: “Müharibənin bir ayı tamam olmamış artıq istər dünya iqtisadiyyatı, istərsə də geosiyasi mənzərə tamamilə fərqli xarakter alıb. Proseslər hər keçən gün ABŞ hökumətinin əleyhinə işləyir. Bilirsiniz ki, Tramp hökuməti Ukrayna məsələsində fərqli siyasət yürüdür və Avropa nittifaqına ciddi təzyiq edir. Xüsusilə Rusiya təhdidi Avropa İttifaqının ABŞ-nin vassalı olaraq qalması üçün Vaşinqtonun maraqlarına tam cavab verir. Bu siyasət isə Avropanı ABŞ-dən ciddi şəkildə narazı salır. Qrenlandiya məsələsi isə narazılığı daha da artırıb. Trampın İsrailin planlarında yer almasının nəticəsində ABŞ-nin bölgədəki bazaları vuruldu, Hörmüz boğazı bağlandı, nəticədə ABŞ hökumətinə qlobal təzyiqlər artdı. Bu, eyni zamanda ABŞ daxilində hökumətin aralıq seçkisi ərəfəsində mövqelərinin zəifləməsinə gətirib çıxardı. Bu məsələ Ukrayna müharibəsində əsas tərəflərdən olan Avropa İttifaqının maraqlarına cavab versə də, digər faktorlar Aİ üçün təhdidlər formalaşdırır”.
Əli Zülfüqaroğlu əlavə edib ki, Hörmüz boğazının bağlanması Rusiyanın istiqasdi və geosiyasi mövqelərini gücləndirir: “Avropa İttifaqı-ABŞ arasında olan ziddiyyətlər, Ukrayna müharibəsi ilə bağlı davam edən qeyri-müəyyən vəziyyət, eyni zamanda daxili ictimai təzyiqlər Avropa ölkələrinin İran müharibəsində birmənalı olaraq yer almayacağını deməyə əsas verir və NATO daxilində çatların daha da dərinləşməsinə gətirib çıxarır. Bu da əlbəttə Rusiyanın maraqlarının hərtərəfli təmin olunması deməkdir. İran müharibəsi fonunda təhdidin qlobal xarakter alması ölkələrin öz qida və silah ehtiyatlarına qənaətlə yanaşacağı ehtimalını da gücləndirir. Bu isə Avropa İttifaqı ölkələri arasında Ukraynaya yardımla bağlı fikir ayrılıqları və tərəddüdlərə gətirib çıxara, Rusiya ilə razılaşma meyllərini gücləndirə bilər. Ukrayna da bundan ehtiyat edərək, Rusiyaya qarşı hücumlarını artırmaqla münaqişənin arxa planda qalmamasına çalışır. Amma istənilən halda İran müharibəsinə qədərki dönəmdən fərqli olaraq proseslər Ukrayna üçün daha təhlükəli xartakter alıb”.