Avropa İttifaqı-ABŞ arasında strateji ayrılıq: ziddiyyətlər dərinləşir Gündəm

Avropa İttifaqı-ABŞ arasında strateji ayrılıq: ziddiyyətlər dərinləşir

Hörmüz boğazı ətrafında artan gərginlik və Yaxın Şərqdə təhlükəsizlik risklərinin dərinləşməsi fonunda Avropa Birliyi ilə ABŞ arasında münasibətlərdə yeni və daha mürəkkəb tendensiyalar müşahidə olunur. Qlobal enerji marşrutlarının təhlükəsizliyi, regionda mümkün hərbi eskalasiya ehtimalları və geosiyasi maraqların toqquşması transatlantik tərəfdaşlar arasında yanaşma fərqlərini daha aydın şəkildə üzə çıxarır. Xüsusilə Vaşinqtonun hərbi iştirakın genişləndirilməsi ilə bağlı təşəbbüsləri Avropa paytaxtlarında birmənalı qarşılanmır və bu məsələ artıq yalnız taktiki deyil, strateji müzakirə predmetinə çevrilib.

Mövcud reallıq göstərir ki, tərəflər arasında fikir ayrılıqları getdikcə dərinləşir və bu fərqlər təhlükəsizlik, iqtisadi maraqlar və siyasi prioritetlər müstəvisində özünü göstərir. Avropa İttifaqı regiondakı qeyri-müəyyənlikləri, mümkün risklərin miqyasını və nəticələrini nəzərə alaraq daha ehtiyatlı, ölçülü və balanslı mövqe sərgiləməyə çalışır. Bu yanaşma bir tərəfdən risklərdən yayınmaq məqsədi daşıyırsa, digər tərəfdən Avropanın öz strateji maraqlarını qorumaq niyyətini ortaya qoyur. Nəticə etibarilə, bu proses həm NATO daxilində, həm də ümumilikdə transatlantik münasibətlərdə yeni güc balansının və daha selektiv əməkdaşlıq modelinin formalaşdığını göstərir.

“Aİ ABŞ-dən uzaqlaşır”

Politoloq Elman Telmanoğlu “Xalq Cəbhəsi”nə bildirib ki, Hörmüz boğazı ətrafında yaranmış təhlükəsizlik mübahisələri fonunda Avropa İttifaqı ilə ABŞ arasında fikir ayrılıqları artıq taktiki səviyyəni aşaraq daha çox strateji xarakter almağa başlayır.

Onun sözlərinə görə, bu proses transatlantik münasibətlərdə yeni mərhələnin formalaşdığını göstərir: “Avropa İttifaqının Vaşinqtonun təşəbbüslərinə ehtiyatla yanaşması ilk növbədə regiondakı risklərin qeyri-müəyyənliyi və ABŞ-nin siyasətində ardıcıllıqla bağlı yaranan suallardan qaynaqlanır. Avropa ölkələri Yaxın Şərqdə hərbi eskalasiyanın birbaşa iştirakçısına çevrilmək istəmir. Onlar daha çox diplomatik və siyasi həll yollarına üstünlük verərək, gərginliyin artmasının qarşısını almağa çalışırlar. ABŞ-nin region siyasətində tez-tez dəyişən yanaşmalar – xüsusilə İranla bağlı sərt və yumşaq xətt arasında keçidlər – Avropada etimad mühitinə mənfi təsir göstərib.

Bu faktor Avropa paytaxtlarında ABŞ-nin uzunmüddətli strategiyasına qarşı müəyyən şübhələrin yaranmasına səbəb olub və nəticədə daha ehtiyatlı mövqe formalaşdırılıb”.

Təhlükəsizlik təşəbbüsləri

Elman Telmanoğlu vurğulayıb ki, Avropa tərəfi təhlükəsizlik təşəbbüslərinin kollektiv qərar əsasında və geniş beynəlxalq mandatla həyata keçirilməsini daha məqsədəuyğun hesab edir:

“Bu yanaşma həm qərarların legitimliyini artırır, həm də mümkün risklərin daha ədalətli şəkildə bölüşdürülməsinə imkan yaradır.

Avropa İttifaqının mövqeyi ABŞ-a qarşı açıq qarşıdurma kimi deyil, daha çox “strateji məsafə saxlamaq” siyasəti kimi qiymətləndirilməlidir. Avropa tərəfi Vaşinqtonla münasibətləri kəskinləşdirmək niyyətində deyil. Lakin eyni zamanda öz təhlükəsizlik maraqlarını, iqtisadi əlaqələrini və siyasi prioritetlərini qorumağa çalışır. Bu, daha balanslı və praqmatik yanaşmadır”.

Onun fikrincə, mövcud vəziyyət transatlantik münasibətlərdə dərin böhran kimi deyil, maraqların fərqlənməsi və risklərin müxtəlif cür qiymətləndirilməsi kimi xarakterizə olunmalıdır: “Hazırda tərəflər arasında müəyyən məsafə yaransa da, bu, əməkdaşlığın tam zəifləməsi demək deyil. Əksinə, bu proses gələcəkdə daha çevik və selektiv əməkdaşlıq modelinin formalaşmasına gətirib çıxara bilər. Yaxın perspektivdə Avropa İttifaqının ilə ABŞ arasında münasibətlər daha çox qarşılıqlı maraqlar üzərində qurulacaq və tərəflər hər bir məsələyə fərdi yanaşma əsasında qərar verməyə üstünlük verəcəklər. Bu isə transatlantik münasibətlərdə yeni balansın yaranmasından xəbər verir".

“Avropa İran riskinə görə…”

Politoloq Əli Mustafayev bildirib ki, ABŞ-nin NATO üzvü olan ölkələri İran ətrafında mümkün hərbi qarşıdurmaya cəlb etmək təşəbbüsü məsələnin sadə olmadığını və çoxşaxəli risklər daşıdığını göstərir.

Onun sözlərinə görə, bu, təkcə hərbi deyil, həm də siyasi, iqtisadi və təhlükəsizlik aspektlərini özündə birləşdirən mürəkkəb prosesdir: “Vaşinqtonun müttəfiqlərdən hərbi gəmilərini bölgəyə göndərməyi və prosesdə iştirak etməyi istəməsi faktiki olaraq onları münaqişənin birbaşa tərəfinə çevirmək deməkdir. Bu isə Avropa ölkələri üçün yalnız regional deyil, daha geniş miqyaslı risklər doğurur. Belə bir addım həm görünən, həm də əvvəlcədən proqnozlaşdırılması çətin olan təhlükələri özündə ehtiva edir. Məhz buna görə Avropa İttifaqı məsələyə daha ölçülü və ehtiyatlı yanaşmağa üstünlük verir. Avropa ölkələrinin İran körfəzi regionunda ciddi iqtisadi və ticarət maraqları mövcuddur.

Bu ölkələrin gəmiləri mütəmadi olaraq Hörmüz boğazından istifadə edir, region dövlətləri ilə geniş ticarət əlaqələri qurulub. İranla mümkün müharibə isə bu əlaqələrin pozulmasına, enerji və ticarət marşrutlarının təhlükə altına düşməsinə səbəb ola bilər ki, bu da Avropa iqtisadiyyatı üçün əlavə risklər yaradır”.

Əli Mustafayev vurğulayıb ki, təhlükəsizlik faktoru Avropa üçün ən həssas məsələlərdən biridir: “İranın arsenalında olan uzaqmənzilli və yüksək dəqiqlikli raketlər, o cümlədən 2000–2500 kilometr məsafəni vura bilən sistemlər Avropa ölkələri üçün real təhlükə deməkdir. Bu isə o anlama gəlir ki, Avropa dövlətləri potensial olaraq bu silahların əhatə dairəsinə düşür və birbaşa hədəfə çevrilə bilər.

İranın rəsmi bəyanatları da bu riskləri daha da aktuallaşdırır. Tehran dəfələrlə açıq şəkildə bildirib ki, ABŞ-yə dəstək verən ölkələr onun raketlərinin hədəfi olacaq. Bu mesaj Avropa paytaxtlarında ciddi şəkildə nəzərə alınır və qərarların qəbuluna birbaşa təsir edir. Avropanın ehtiyatlı mövqeyinin formalaşmasında siyasi amillər də mühüm rol oynayır. Son illərdə, xüsusilə Donald Tramp administrasiyası dövründə ABŞ-nin Avropaya münasibətdə sərt və bəzən qeyri-proqnozlaşdırılan siyasəti, müəyyən təhlükəsizlik məsələlərində Avropanın tək buraxılması bu ölkələrdə etimadın zəifləməsinə səbəb olub. Bu da hazırkı qərarlara təsirsiz ötüşmür.Avropa ölkələri eyni zamanda prinsipial mövqedən çıxış edirlər.

Onlar hesab edirlər ki, bu cür hərbi təşəbbüslər NATO çərçivəsində kollektiv şəkildə müzakirə olunmalı və razılaşdırılmalı idi. Əgər əvvəlcədən onların mövqeyi nəzərə alınmayıbsa, sonradan bu prosesə qoşulmaq istəyi də zəif olur”.

Politoloq onu vurğulayıb ki, bütün bu amillər fonunda Avropa ölkələri Yaxın Şərqdə yeni hərbi cəbhədə yer almaqdan çəkinir:

“Onlar həm təhlükəsizlik risklərini, həm iqtisadi maraqları, həm də siyasi nəticələri nəzərə alaraq daha balanslı və praqmatik siyasət yürütməyə çalışırlar. Bu isə göstərir ki, Avropa hazırkı mərhələdə birbaşa qarşıdurmadan daha çox risklərin idarə olunmasına üstünlük verir”.

Günel Elxan