İran: "Zəifləməmişik, əksinə, daha da güclənmişik"
26 May 14:54

“Mən Milli Məclisdə dəfələrlə bir məsələyə toxunmuşam ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa görə dövlət orqanlarına və vəzifəli şəxslərə diskresion səlahiyyətlər, dispozitiv imkanlar yaradan qanunlar qəbul oluna bilməz. Yəni öz mülahizələrinə görə qanunu tətbiq etmək, yaxud öz seçimi ilə davranış. Mən vaxtilə də məsələ qaldırmışdım ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna görə ümumi prosedurlardan kənar yüksək hakim vəzifələrinə şəxslərin təyin edilməsinə imkan verilir”.
Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səslləndirib.
Millət vəkili bildirib: “Yüksək hakim vəzifəsi deyəndə yuxarı instansiya məhkəmələrinə hakimlərin təyin olunmasından söhbət gedir. Eyni zamanda, qeyd olunur ki, yuxarı instansiya məhkəmələrinə 94-cü maddəyə görə, yəni bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəməsində işləmiş şəxslər təyin olunurlar. Amma biz zaman-zaman görürük ki, bu 5 il iş təcrübəsi olmayan şəxslər həmin istisnalardan istifadə edilərək apellyasiya məhkəmələrinə, yaxud ali məhkəmələrə təyin olunurlar. İndi də Şirvan Məhkəməsinə 2 nəfər təyin olunub, ikisinin də 5 illik iş təcrübəsi yoxdur.
Burada söhbət ondan gedir ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-cü və 94-cü maddələri Konstitusiya qanunu ilə ziddiyyət təşkil edir. Yəni “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 64-cü maddəsinin 4-cü hissəsində qeyd olunur ki, normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə yol verilmir.
Yəni norma və orqan edə bilər, bir qayda olaraq müstəsna hallarda yol verilir, orqan öz səlahiyyətləri daxilində zəruri olduqda və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir.
Amma indi “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü maddəsini oxuyuram. Bax, burada həmin ifadə istifadə olunur: “Yuxarı instansiya məhkəmələrinin hakimləri vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilər” və buna istinad edərək bu gün biz 2 nəfəri Apellyasiya Məhkəməsinə üzv təyin edirik. Açıq şəkildə bu normanın Konstitusiyanın tərkib hissəsi olan Konstitusiya qanununa zidd olduğuna görə, əslində, heç bir hüquqi qüvvəsi yoxdur. Amma bunun əsasında biz təyinatlar həyata keçiririk. Əslində, elə bu gün Ali Məhkəmənin sədri də 93-4-cü maddəyə uyğun olaraq, yəni ümumi prosedurlardan kənar Ali Məhkəmənin üzvü təyin olunub. Buna görə də, əgər Ali Məhkəmə üzvü də bu qaydada, Ali Məhkəmə sədri də bu qaydada təyin olunubsa, digərlərinə də biz ədalətli olmaq üçün ən azından səs verməliyik və mən də hamısına səs verəcəyəm. Ancaq onu təklif edirəm ki, biz qanunu “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa uyğunlaşdırmalıyıq. Həm də ədalət baxımından bu, belə olmalıdır. Yəni doğrudanmı birinci instansiya məhkəməsində 5 ildən artıq işləmiş təcrübəli hakimlərimiz yoxdur ki, onlar yuxarı instansiya məhkəmələrinə təyin olunsunlar? Bu, digərlərinə münasibətdə də müəyyən mənada ədalətsizlikdir və qeyd etdiyim kimi, bu diskreptiv səlahiyyətdən sui-istifadədir.
Ona görə də təklif edirəm ki, gələcəkdə bu qanunu yenidən qəbul edək və orada həm də Ali Məhkəmə üzvləri üçün yaş məhdudiyyəti qoyaq. Yuxarı instansiya məhkəmələrinə o şəxslər seçilməlidirlər ki, onlar çoxepizodlu və mürəkkəb işlərə baxmış olsunlar, daha təcrübəli və həyat təcrübəsi qazanmış şəxslər olsunlar.
O baxımdan hesab edirəm ki, Ali Məhkəmə üzvləri üçün də 50 yaş həddi qoyulmalıdır. Dünyanın hər yerində, xüsusilə də Ali Məhkəməyə yaşlı insanlar seçilirlər ki, onlar artıq həyatda oturuşmuş və kifayət qədər təcrübəli insanlar olurlar. Mən yeni təyin olunacaq şəxslərin hər birinə uğurlar arzulayıram və hesab edirəm ki, güclü məhkəmə hakimiyyəti həm ölkənin iqtisadiyyatının inkişafı, həm də mülkiyyətin qorunması deməkdir”.