“Avropa ölkələri iqtisadi münasibətləri təzyiq alətinə çevirirlər” İqtisadiyyat

“Avropa ölkələri iqtisadi münasibətləri təzyiq alətinə çevirirlər”

Bildirilir ki, Çinlə sərhəd şəhərlərində Rusiya iqtisadiyyatının təsiri kəskin artıb. Çin şirkətləri Rusiya bazarında Qərb şirkətlərinin boşaltdığı yerləri sürətlə doldurur və Moskvanın Pekindən asılılığı daha da çoxalır.

Bəs Rusiya–Çin yaxınlaşması gələcəkdə dünya güc balansını necə dəyişə bilər?

Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən iqtisadçı ekspert Emin Qəribli deyib ki, Rusiya və Çin arasında iqtisadiyyatda qarşılıqlı asılılıq var və bu, Çin üçün çox müsbət haldır: “Bir tərəfdən, təbii ki, Çin Rusiyadan ucuz neft və qaz alır, paralel də özünə böyük bazara çevirir. Hesab edirəm ki, bu, ölkələr üçün müsbət haldır. Ümumiyyətlə, biz son vaxtlar Avropa ölkələrinin iqtisadi münasibətləri təzyiq alətinə çevirdiklərini müşahidə edirik. Avropaya qoca qitə deyirlər. Bu, elə qoca qitənin özünəməxsus, qeyri-adekvat addımlarıdır. Rusiya Çin münasibətlərinin yaxınlaşması bu ölkələr üçün müsbət halıdır”.

E.Qəriblinin sözlərinə görə, Rusiyadan əsasən neft, qaz və digər məhsullar ixrac edilir, Çindən isə hazır məhsullar ixrac olunur: “Burada görürük ki, Çin daha çox mənfəət əldə edir. Dünya iqtisadiyyatının inkişaf vektoruna baxsaq, görürür ki, əsasən, məhz elə Şərqdə inkişaf edir və bu kimi addımlar bu prosesləri daha da tezləşdirir. Heç kimə sirr deyil ki, gələcək illərdə dünya iqtisadiyyatının mühüm hissəsi məhz Şərqdə yerləşəcək. Çin iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatıdır və daha da artacaq. Belə olan halda güc balansını dəyişə bilər. İqtisadi münasibətlər də buna öz təsirini göstərəcək”.

Röya İsrafilova