“Transxəzər kəmərinin Azərbaycanın hesabına tikilməsinə razı deyiləm“ İqtisadiyyat

“Transxəzər kəmərinin Azərbaycanın hesabına tikilməsinə razı deyiləm“

Natiq Əliyev: ""Enerji mənbələrinin diversifikasiyası mövzusunda Avropa İttifaqı ilə maraqlarımız üst-üstə düşür"

Energetika naziri Natiq Əliyevin "APA-Economics"ə müsahibəsi (ixtisarla)

- "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasından başlayaq. İş elə gətirdi ki, layihənin reallaşdırılmasının ən qızğın dövrü ucuz neft erasına təsadüf etdi. Həm ölkə başçısı, həm siz, həm də digər rəsmi şəxslər dəfələrlə bildirib ki, layihələrin reallaşdırılmasında gecikmə yoxdur, əksinə, qrafiki qabaqlayırıq. "Cənub Qaz Dəhlizi"nin bəzi komponentlərinin, məsələn, TANAP, TAP və s. layihələrin səhmdarlarında hər hansı bir narahatlıq varmı?
- Birincisi, onu qeyd edim ki, "Cənub Qaz Dəhlizi" layihəsi miqyasına görə yalnız Azərbaycan üçün deyil, region, o cümlədən Avropa ölkələri üçün olduqca əhəmiyyətlidir. Buna görə, necə deyərlər, hamının gözü Azərbaycandadır. Ümumilikdə, "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması prosesi nəzarətimiz altındadır. Biz layihənin miqyasını və əhəmiyyətini anlayaraq ölkə başçısı İlham Əliyev tərəfindən Məşvərət Şurası yaratdı. Mən hesab edirəm ki, bu mexanizm özünü doğrultdu. Ona görə ki, "Cənub Qaz Dəhlizi"nə daxil olan ölkələrin nazirləri bir-biri ilə sıx təmasdadır, daim kontaktdadır. Bu, bizə imkan verir ki, yaranan hər hansı problemləri ilkin mərhələdə aşkarlayaq və onları həll edək.
Bilirsiniz ki, Türkiyədə məlum hadisələr baş verdi. Lakin mən düşünmürəm ki, bu hadisələrin "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasına təsiri olacaq. Türkiyə TANAP-ı öz doğma layihəsi kimi qəbul edir. Bundan başqa, TAP layihəsinin təməlqoyma mərasimində Yunanıstanın baş naziri Aleksis Tsipras çıxış etdi və bütün dünyaya elan etdi ki, Yunanıstan hökuməti bu layihəni dəstəkləyir, onun vaxtında reallaşdırılması üçün əllərindən gələni edəcəklər.
Bununla yanaşı, İtaliya hökuməti də analoji çıxışlar edib. Düzdür, İtaliyada bəzi çətinliklər var. Baxmayaraq ki, federal hökumət TAP-ı tam dəstəkləyir, lokal narazılıqlar var. Onlar iddia edir ki, guya TAP kəmərinin tikintisi ekologiyaya zərər vuracaq. Lakin mən Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının iclası çərçivəsində bu məsələni qaldırdım. Xarici işlər, o cümlədən energetika nazirləri bu məsələni müzakirə etdik və onlar bizi əmin etdilər ki, bu məsələdə böyük çətinlik yoxdur, payız aylarında da lazımi tədbirlər görüləcək. Onu da qeyd edim ki, bu proseslər layihənin ümumi reallaşma qrafikinə təsir etmir.
Bu gün bizim əsas vəzifəmiz odur ki, "Şahdəniz-2" layihəsinin mənimsənilməsi ilə bağlı işlər tam şəkildə, 100% səviyyəsində təmin olunsun. Birincisi, bu bizə imkan verəcək ki, Avropaya təbii qazımızı istədiyimiz həcmdə çatdıraq. İkincisi, biz öz öhdəliklərimizi tam şəkildə yerinə yetirmək imkanı əldə edəcəyik. Əks halda, bildiyiniz kimi, imzalanan müqavilələrin şərtlərinə əsasən öhdəlikləri yerinə yetirməyən tərəf kimi, biz cərimələr ödəməli olacağıq. Bunun üçün bu işlərin vaxtlı-vaxtında yerinə yetirilməsi olduqca vacibdir.
Qayıdıram TAP layihəsinə. Baxmayaraq ki, hökumət bəyan edir ki, biz bu layihəni dəstəkləyirik, orada bəzi qeyri-müəyyənliklər var. Lakin bu qeyri-müəyyənlik onların əleyhinə işləyəcək. Bayaq qeyd etdiyim kimi, onların imzalanan hökumətlərarası sazişlərə görə öhdəlikləri var. Başqa tərəfdən, onlar qaz almayacaq! Bizim yanımızda Türkiyə boyda dövlət var və biz öhdəliyimizi yerinə yetirəcəyik. Bildiyiniz kimi, biz onlara 2018-ci ilin sonunadək 6 milyard, 2020-ci ilədək isə əlavə olaraq 10 milyard kubmetr qaz nəql etməliyik. Bizdən çox bu layihə onlara lazımdır.
- Cənab nazir, maraqlı vəziyyət yaranıb - Avropa İttifaqı və Avropa Komissiyası enerji mənbələrinin diversifikasiyası üzərində baş sındırdığı vaxtda, İttifaqın üzvü olan bəzi ölkələr həmin qazı satan ölkəyə, yəni Azərbaycana qarşı qeyri-adekvat addımlar atır. Sizcə, bu nədən irəli gəlir?
- Bunun bir cavabı var - böyük siyasət. Avropa İttifaqı təxminən 2008-ci ildən başlayaraq bu cür problemlərlə üzləşdi. Götürək Ukrayna münaqişəsini. Bunu bəziləri "qaz müharibəsi" adlandırdı, bəziləri iqtisadi-siyasi səbəblər göstərdi. O vaxtlar bizim bu mövzuda Günter Ottingerlə, ardınca Maroş Şevçoviçlə çoxsaylı müzakirələrimiz olub. Bəli, bu gün Avropanın enerji xəritəsi durmadan dəyişir. Bir neçə il bundan öncə Avropa İttifaqı bəyan etdi ki, Avropanın enerji tələbatı 500 milyard kubmetrdir, bir neçə ilə 800 milyard kubmetrədək artacaq. Bundan sonra onlar yeni qaz mənbələri üzərində düşünməyə başladılar. Həmin vaxt Avropanın bəzi ölkələri 80-90%, bəziləri isə hətta 100% Rusiya qazından asılı vəziyyətdə idi. O zaman bəziləri deyəndə ki, həmin 300 milyard kubmetri də Rusiyadan alsaq, buna kəskin etirazlar oldu, çünki Rusiyadan asılılıq daha da artacaqdı. Ukrayna-Rusiya münasibətləri göstərdi ki, Rusiya qaz asılılığından tarifləri artıraraq istifadə edə bilər. Avropa bundan sonra bir qədər ehtiyatlı davrandı və yeni mənbələr, başqa sözlə, Rusiya qazına alternativ axtarmağa başladı. Bir neçə variant var idi, lakin ən optimal variant kimi Xəzər dənizinin qazının üzərində dayandılar.
Bildiyiniz kimi, biz Avropaya ildə 16 milyard kubmetr qaz çatdırmalıyıq və etiraf edirik ki, bu rəqəm o qədər də böyük deyil. Biz demirik ki, bütün Avropanın qaz problemini həll edəcəyik. Bizim qazımız var və biz onu satırıq. Düzdür, biz maraqlıyıq ki, ixrac etdiyimiz məhsulun həcmi artsın. Bunun üçün potensialımız var. Biz "Şahdəniz-2" layihəsi çərçivəsində hasilatı artıra bilərik, üstəlik, bizim "Abşeron", "Ümid", "Babək" kimi iri yataqlarımız var. Onu da anlayırıq ki, hətta sadaladığım yataqları da üst-üstə gəlsək biz Avropanın qaz problemini həll etmirik. Olduqca vacibdir ki, bizim Avropaya nəql olunan qazın mənbəyinin diversifikasiyası məsələsində Avropa İttifaqı ilə fikirlərimiz üst-üstə düşür. Siz qeyri-adekvat addımlar dedikdə, yəqin ki, DESFA ətrafında baş verənləri nəzərdə tutursunuz.
- ...Biz Avropada yalnız DESFA layihəsinin altına girməmişik.
- Avropa İttifaqının "Üçüncü enerji paketi"nin mahiyyəti ondan ibarətdir ki, monopolizmə yer olmasın. Bildiyiniz kimi, bu cür iddialar "Qazprom"a qarşı irəli sürüldü. Bunun nəticəsi olaraq, "Cənub axını" layihəsinin icrası dayandırıldı. Düzdür, kimsə deyə bilər ki, burada siyasi çalarlar var və s. Lakin Avropa İttifaqı bu yolu tutub və mübahisələr əsassız və mənasızdır. SOCAR DESFA-nın 66,7%-lik səhm paketini alanda oxşar iddialar bir qarşı da irəli sürüldü. Mən deməzdim ki, Avropa İttifaqı bu prosesdə çətinliklər yaradır. Onlar yalnız dedilər ki, biz bu prosedurun "Üçüncü enerji paketi"nin tələblərinə zidd olub-olmaması ilə bağlı araşdırma aparmalıyıq. Biz isə izah edirdik ki, SOCAR monopolist deyil. Çünki nəql olunan qazın 100%-lik sahibi də biz deyilik. Bilirsiniz ki, qaz bütün konsorsiuma məxsusdur. Digər tərəfdən, biz nəql sisteminin də 100%-lik sahibi deyilik. Çünki "Cənub Qaz Dəhlizi"nin və ona daxil olan layihələrin hərəsinin öz səhmdarı var. Başqa sözlə, SOCAR heç bir layihədə 100%-lik səhm paketinə sahib deyil. DESFA-da səhmlərin böyük hissəsinin sahibi SOCAR olsa da, o demək deyil ki, həm nəql, həm də distribusiya işlərinin 100%-ini biz həyata keçirəcəyik. Yunanıstanda hökumət dəyişəndən sonra yeni çətinlikləri ortaya çıxaran məhz yeni hökumətdir. Bildiyiniz kimi, hər bir müxalif partiya hakimiyyətə gəldikdən sonra ondan qabaq hakimiyyətdə olanların səhvini, yanlışlıqlarını axtarmağa başlayır. Başqa sözlə, siyasi dividend qazanmağa çalışırlar. Bu gün də bu tendensiya davam edir. Hələ ki, biz yaranmış vəziyyəti təhlil edirik. Amma bilirsiniz ki, hökumətin etdiyi müvafiq dəyişikliklərdən sonra DESFA-nın səhmləri 2 dəfə ucuzlaşıb. Artıq belə bir fikirlər səslənir ki, DESFA-nın özəlləşdirilməsi bizim nəyimizə lazımdır?
- Türkmənistan qazının Avropaya çatdırılması ilə bağlı bir sual vermək istərdim. Türkmənistanın Azərbaycanın infrastrukturundan istifadə etməsi indiki şəraitdə nə qədər realdır?
- Türkmənistan qazını Azərbaycana gətirmək, yaxud onu tranzit şəkildə Azərbaycan ərazisi üzərindən Avropaya nəql etmək bu gün olduqca tam realdır. Mən sizi əmin edirəm ki, bu məsələdə heç bir texniki problem yoxdur. Biz bunu asanlıqla həyata keçirə bilərik. Qaz kəmərlərini tikmişik, yataqları da birləşdirmişik. Dəfələrlə bu məsələ bizim türkmənistanlı həmkarlarımızla müzakirə olunub. Soruşa bilərsiniz ki, bəs problem nədədir? Problem ondadır ki, Türkmənistan tərəfi heç bir qərar qəbul etməyib. Türkmənistanın vaxtilə Rusiya ilə olduqca yaxşı münasibətləri var idi, onlar öz qazını Rusiyaya satırdı. Lakin sonradan siyasi və iqtisadi səbəblərdən onlardan Asiya bazarları ilə işləməyə başladı. Türkmənistan tərəfi Avropa İttifaqı rəsmilərinə dəfələrlə bildirib ki, Avropaya 30 milyard kubmetr qaz nəql etməyə hazırdır. Türkmənistan tərəfi deyir ki, biz qazı çatdırırıq Xəzərin o birini tayına, yəni Azərbaycana, oradan isə özünüz aparın Avropaya. Bu yanaşma ciddi deyil. Danışıqlar bu şəkildə aparılmamalıdır. Belə yanaşmadan sonra təkcə məndə 100 dənə əlavə sual yaranır. Başqa sözlə, əvvəlcə bu cür layihələrin icrasında siyasi iradə, konkret fikir olmalıdır. Mənim yadımdadır ki, Günter Ottinger mənimlə görüşündə sevinə-sevinə dedi ki, mən Türkmənistan tərəfinin razılığını almışam, vəssalam, Türkmənistan qazını Avropaya çatdıracağıq. 20 ildir bu işlə məşğul olan bir adam kimi mən də dedim ki, eyforiyaya qapılmaq lazım deyil, onların indiyədək bir sazişin altında imzası yoxdur. Hər bir işdə praqmatizm olmalıdır.
- Başqa sözlə, Türkmənistan prezidentinin Almaniya kansleri Angela Merkellə görüşündə səsləndirdiyi bəyanata da çox ümid bəsləmək lazım deyil?
- Həmin bəyanatda deyilirdi ki, Türkmənistan tərəfi qazını Avropaya nəql etməyə hazırdır. Yenə deyirəm, bu cür açıqlamaları biz çox eşitmişik. Danışıqlar masası arxasında hər şeyi konkretləşdirmək, bir "yol xəritəsi" hazırlamaq lazımdır. Mən Türkmənistan prezidenti şəxsən bu məsələni müzakirə etmişik. O bildirdi ki, Türkmənistan tərəfi Azərbaycana 10 milyard kubmetr qaz nəql etməyə hazırdır. Çox gözəl! Söhbət balaca həcmdən getmir. Ancaq onlar Transxəzər kəmərini bu cür görür: biz qaz veririk, ancaq kimsə kəməri tiksin. Azərbaycan? Şəxsən bir nazir kimi mən buna razı deyiləm. Avropa İttifaqı? Onlar da bunu edə bilmir, çünki siyasi qurumdur. Avropa İttifaqı bundan maraqlıdırsa, deməli, öz şirkətləri bunu müzakirə etməlidir.
- ...FETÖ hadisələri ilə bağlı SOCAR-ın aktivləri olan həm "SOCAR Turkey Energy", həm də "Petkim"də saxlanılanlar oldu. Bu hadisənin SOCAR-ın Türkiyədə reallaşdırdığı layihələrə təsiri ola bilərmi?
- Düşünmürəm ki, bu hadisələrin nə Azərbaycan-Türkiyə münasibətlərinə, nə də Azərbaycanın reallaşdırdığı layihələrə, o cümlədən SOCAR-ın qardaş ölkədəki fəaliyyətinə xələl gətirə bilər. Bir şeyi dəqiq bilirəm ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir.