

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,2 milyon manat zərərlə başa vurub.
Qeyd edilir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 77,5 % azdır.
Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri 0,6 milyon manat (illik müqayisədə 16,7 % çox), xərcləri 0,4 milyon manat (13,3 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 0,5 milyon manat (54,55 % az) təşkil edib.
Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 12,5 milyon manat olub. Bu da 1 il əvvələ nisbətən 0,8 % azdır. Bunun 10,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1,8 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 20,6 % azalaraq 2,7 milyon manata düşüb, balans kapitalı isə 6,5 % artaraq 9,8 milyon manata çatıb.
“Xalq Cəbhəsi” kredit ittifaqlarının zərərinin səbəbini və bunun biznes mühitinə necə təsir edəcəyini iqtisadçı ekspertlərdən öyrənməyə çalışıb.
“Daha zəif təşkilatlardır”
İqtisadçı eskpert Ruslan Atakişiyev kredit ittifaqlarının maliyyə təşkilatlarının içərisində daha zəif təşkilatlar sayıldığını söyləyib: “Yəni onların maliyyələşməsi, fəaliyyəti və s. Son dövrlərdə də Mərkəzi Bank tərəfindən ümumiyyətlə, mikromaliyyələşmə sahəsində tərəflər gücləndirilir, artır. Bu da istər-istəməz onların fəaliyyətinə də təsir göstərir. Bu baxımdan həm də kredit ittifaqlarının son dövrlərdə sayları da azalıb və gələcək dövrlərdə hesab olunur ki, ümumiyyətlə, onlarla bağlı günün tələbləri daha da artacaq”.
“Bu, faiz gəlirlərinin azalması faiz xərclərinin artması ilə əlaqədardır”
İqtisadçı eskpert Emin Qəribli qeyd edib ki, əsas səbəblərdən biri kredit ittifaqlarında faiz gəlirlərinin azalması faiz xərclərinin artması ilə əlaqədardır: “Həmçinin əməliyyat mənfəətinin azalması ilə əlaqəlidir. Bu vəziyyətdə təbii ki, mütəmadi olaraq kredit ittifaqlarının vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq qanunvericiliyə dəyişikliklər edilir. Hər hansı problemlər varsa həmin ittifaqlar öz sahələrinin təkmilləşdirilməsinə dair təkliflərini verə bilərlər. Hesab edirəm ki, Azərbaycan hökuməti bu sahədə problemləri dinləyib və müvafiq dəyişikliklər edir”.
“Öz fəaliyyətlərinə yenidən baxmalıdırlar”
Eskpert əlavə edib ki, bu təşkilatlar fəaliyyətlərinə yenidən baxmalıdırlar: “Yəni bir növ rəqabət qabiliyyətinin artırılması üçün öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun fəaliyyətlə təkmilləşdirməlidirlər. Mən prosesin nə müsbət, nə mənfi tərəfini dəyərləndirmirəm. Amma yenə də daha detallı araşdırılmalıdır və obyektiv səbəblər varsa müvafiq təkliflər verə bilərlər. Bir daha qeyd edirəm ki, bu gün bu ittifaqlar, təşkilatlar daha çox öz fəaliyyətini müasir dövrə uyğunlaşdıraraq fəaliyyət göstərməlidir. Faiz dərəcələrini endirə bilərlər, miqyas baxımından birləşərək öz məsrəflərini aşağı sala bilərlər. Kiçik formada fəaliyyət göstərirlərsə, təbii ki, məsrəflər yüksək olacaq. Biznes mühitinə təsirinə gəldikdə isə müəyyən dərəcədə təsir edə bilər. Bu problemin həlli yolları var. Düşünürəm ki, müvafiq təşkilatlar buna uyğun qərar qəbul edərək həm öz işlərində düzəlişlər edərlər, həm də hökumətə təkliflərlə çıxış edərlər”.
“Əsas səbəb problemli kreditlərdir”
İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əslində bu elə biznes mühitinin aşağı səviyyədə olmasının göstəricisidir: “Kredit ittifaqlarının zərərə səbəb olmasının əsas səbəbi problemli kreditlərdir. Problemli kreditlər isə kreditlərin əsas qaynağı əhalinin gəlirlərinin kifayət qədər aşağı olmasıdır. Əhalinin gəlirləri aşağı olduğuna görə onlar kreditləri ödəyə bilmir və ya çətinliklə ödəyir. İnsanların həyatında hər hansı bir fors-major şərait yaranan kimi problemli kreditə çevrilir. Əsas səbəb budur”.
Röya İsrafilova