

Serbiya Azərbaycan qazının qəbulunu artırmaq üçün yeni interkonnektor planlaşdırır.
Bunu “APA-Economics”ə açıqlamasında Bakı Enerji Forumunda çıxışı zamanı Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Neft və Qaz üzrə icraçı nazir müavini Saşa Kokoviç deyib.
O qeyd edib ki, Azərbaycan və Serbiya arasında 10 ildən artıqdır ki, strateji tərəfdaşlıq mövcuddur və bu münasibətlər enerji sahəsində əməkdaşlıqla daha da möhkəmlənir.
“Serbiya ilk dəfə 2023-cü ilin dekabrında Azərbaycanla əlaqəyə başladı. Həmin vaxt Serbiya-Bolqarıstan interkonnektorunun istismara verilməsi ilə ölkəmiz ilk dəfə olaraq Xəzər dənizindən təbii qaz alaraq təchizatını şaxələndirdi. Bu, bizim üçün böyük bir uğurdur,” – deyə Kokoviç bildirib.
O vurğulayıb ki, Bolqarıstan bu layihədə Serbiyanın strateji tərəfdaşıdır və bu marşrut sayəsində Azərbaycanın təbii qazı təkcə Serbiyaya deyil, Mərkəzi Avropaya da ötürülə bilər.
“Biz tədarük zəncirini Rusiya qazından diversifikasiya etməyə çalışırıq. Yeni interkonnektorların qurulması planlaşdırılır – şimalda Rumıniya, cənubda isə Şimali Makedoniya ilə. Bu layihələr Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir,” – deyə nazir müavini əlavə edib.
Kokoviçin sözlərinə görə, Şimali Makedoniya ilə birləşmə TAP boru kəmərinə çıxışı təmin edəcək və Cənub Qaz Dəhlizinə birbaşa bağlantı yaradacaq. Paralel olaraq Yunanıstandakı qaz terminalı ilə də inteqrasiya nəzərdə tutulur.
O həmçinin bildirib ki, Serbiya yalnız təbii qaz deyil, neft təchizatını da diversifikasiya etmək niyyətindədir. Bu məqsədlə Macarıstanla birlikdə yeni neft kəməri layihəsi üzərində işləyirlər.
“Biz yeni interkonnektor nöqtəsi yaratmaq istəyirik ki, Bolqarıstanla sərhəddə yerləşəcək bu stansiya vasitəsilə daha çox Azərbaycan qazını qəbul edə bilək,” – deyə o əlavə edib.