

30 Sentyabr 17:19
30 Sentyabr 15:46
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda ilk dəfə olaraq milli valyutada – manatla istiqraz emissiyası bankın Azərbaycandakı kapital bazarlarına verdiyi strateji dəstəyin mühüm mərhələsidir.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Fond Birjasında keçirilən “Açılış zəngi”ndə çıxış edən AYİB-in İstiqrazlar üzrə, Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mikhail Grechikho bildirib.
Onun sözlərinə görə, bu addım uzunmüddətli əməkdaşlığın nəticəsi olaraq reallaşıb: “Biz son illər Azərbaycan Mərkəzi Bankı ilə birlikdə yerli bazarda istiqrazların buraxılışına imkan verən hüquqi bazanın yaradılmasına, derivativlərlə bağlı normativlərin təkmilləşdirilməsinə və pul bazarının inkişafına dəstək olmuşuq. Bu proses nəticəsində AZIR indeksi yaradılıb və bugünkü emissiyada həmin indeksdən istifadə olunur”.
M.Grechikho qeyd edib ki, bu istiqraz buraxılışı yalnız AYİB üçün deyil, bütün maliyyə sektoru üçün mühüm mərhələdir: “Bu emissiya kapital bazarının inkişafında onillik əməkdaşlığın bəhrəsidir və gələcəkdə digər beynəlxalq maliyyə institutlarının da Azərbaycan manatında istiqraz buraxmasına yol açacaq”.