Dünya bazarlarında neft bu ilin üçüncü rübündə 14%-ə yaxın ucuzlaşıb İqtisadiyyat

Dünya bazarlarında neft bu ilin üçüncü rübündə 14%-ə yaxın ucuzlaşıb

Bu ilin üçüncü rübündə (iyul-sentyabr ayları) dünya bazarlarında “Brent” etalon markalı neftin bir barelinin orta qiyməti 69 ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi (80,2 dollar) ilə müqayisədə 13,9% azdır.

Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ilin ikinci rübünün göstəricisi (67,8 dollar) ilə müqayisədə iyul-sentyabr aylarında “Brent”in qiyməti 1,8% çoxdur.

Bildirilir ki, cari ilin sentyabrında “Brent”in orta qiyməti 68 dollar səviyyəsində olub, bu da avqustun göstəricisi (68,2 dollar) ilə müqayisədə 0,3% azdır.

Hesabatda qeyd olunur ki, 2024-cü ildə “Brent” neftinin orta qiyməti 80,7 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (82,6 dollar) ilə müqayisədə 2,3% azdır.

Məlumata görə, cari ilin iyul-sentyabr aylarında WTI (West Texas Intermediate) etalon markalı neftin bir barelinin orta qiyməti 65 ABŞ dollarına bərabər olub, bu da 2024-cü ilin üçüncü rübünün göstəricisi (75,2 dollar) ilə müqayisədə 13,6% azdır. Cari ilin ikinci rübünün göstəricisi (63,9 dollar) ilə isə müqayisədə apre-iyun aylarında WTI neftinin qiyməti 1,7% çoxdur.

Hesabatda deyilir ki, cari ilin sentyabrında WTI-ın orta qiyməti 63,7 dollar olub, bu da öncəki ayın göstəriicisi (64,1 dollar) ilə müqayisədə 0,6% azalma deməkdir.

Qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 75,8 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (77,7 dollar) ilə müqayisədə 2,4% azdır.