Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1 mlrd. dolları ötüb İqtisadiyyat

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1 mlrd. dolları ötüb

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi bu il 1 mlrd. dolları ötüb.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Alman-Azərbaycan İxrac Maliyyə Konfransı 2025”də çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

Onun sözlərinə görə, bu ilin yanvar–avqust aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1 mlrd. ABŞ dollarını ötüb və ixracın 94%-i qeyri-neft sektorunun payına düşüb. Nazir müavini bildirib ki, Almaniyaya ixrac 900 mln. ABŞ dollarını, Azərbaycanın Almaniyaya yatırımları isə 600 mln. ABŞ dollarını keçib.

“Bu göstəricilər Almaniyanı Azərbaycanın ilk beş ticarət tərəfdaşı sırasında saxlayır”, – deyə o vurğulayıb.

S. Bəşirli əlavə edib ki, hazırda Azərbaycanda 199 Alman şirkəti fəaliyyət göstərir və əməkdaşlıq yol xəritəsi əsasında müntəzəm biznes dialoqu, beynəlxalq tədbirlərdə birgə iştirak və bilik mübadiləsi həyata keçirilir.

Nazir müavini enerji əməkdaşlığının tərəfdaşlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edərək bildirib ki, Almaniyanın külək və günəş texnologiyaları üzrə təcrübəsi Azərbaycanın onşor və ofşor layihələrində mühüm rol oynaya bilər. “Xəzər dənizi böyük miqyaslı külək enerjisi layihələrinin reallaşdırılması üçün ciddi potensiala malikdir. 2027-ci ilə qədər ölkədə 3 QVt gücündə yeni külək və günəş stansiyaları işə salınacaq”, – deyə o əlavə edib.